Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1208/2024 05.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərcin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 25 may 2010-cu il təvəllüdlü uşağı X1 üçün hər ay tutulan alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən edilməsinə, habelə təhsillə bağlı əlavə olaraq 100 manat məbləğində vəsait olmaqla, ümumilikdə 335 manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdehlə arasında vaxtilə mövcud olmuş nikah pozulmuş və 25 may 2010-cu il təvəllüdlü uşağı X7 onun (iddiaçının) himayəsində qalmışdır. Uşağın saxlanması xərcləri artdığına görə alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlib. İddiaçı həmçinin qeyd edir ki, Bakı şəhərində tibb müəssisəsində tibb bacısı kimi işləyir və kirayədə yaşayır. Aldığı əmək haqqı uşaqlarının saxlanması üçün kifayət etmir. Oğlunu hal-hazırda əlavə təhsil üçün Zəfər kurslarına göndərir və buna görə aylıq 220 manat ödəniş edir. Cavabdehlə birgə nikahından doğulmuş qızının psixi xəstəliyi var və onun müalicəsi üçün də pul lazımdır. Bu səbəblərə görə oğluna görə tutulan alimentin artırılaraq 235 manat miqdarında müəyyən edilməsi və oğlunun təhsil xərcləri ilə bağlı cavabdehdən əlavə olaraq 100 manat məbləğində pul tutulması məqsədilə məhkəmədə iddia qaldırıb. Hazırda isə cavabdehin maddi vəziyyətini nəzərə alaraq ondan tutulacaq pulun ümumi miqdarının 220 manat miqdarında müəyyən edilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, hazırda iş yeri üzrə aylıq əmək haqqı 360 manatdır. İddiaçıya aliment ödəməklə yanaşı, "xxxx" ASC-yə hər ay kredit ödənişi edir. İş yerindən aldığı əmək haqqından başqa gəlir yeri yoxdur. Bütün bunlara baxmayaraq, uşağının saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti iddiaçıya vaxtlı-vaxtında ödəyir. Alimentin müəyyən olunmuş məbləği artırılacağı təqdirdə həmin məbləğin 200 manat miqdarında müəyyən edilməsini xahiş edir. Belə ki, aliment miqdarı iddia ərizəsində göstərilən məbləğdə müəyyən ediləcəyi təqdirdə həmin məbləği ödəmək iqtidarında olmayacaq. Ona görə də iddianın qismən təmin olunmasını, yəni ondan iddiaçının xeyrinə tutulacaq ümumi pul məbləğinin 200 manat miqdarında müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, tərəflərin birgə nikahından 02 iyun 2006-cı il təvəllüdlü X5 və 25 may 2010-cu il təvəllüdlü X7 adlı uşaqlar doğulub. Neftçala Rayon Məhkəməsinin 2(053)-617/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «İlkin iddia qismən təmin edilsin. İlkin iddia tələbi üzrə iddiaçı Cavabdeh ilə ilkin iddia tələbi üzrə cavabdeh X3 arasında 04 yanvar 2003-cü ildə Neftçala rayonu, Xolqarabucaq kənd inzibati ərazi nümayəndəliyində 02 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Qarşılıqlı iddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə doğulmuş X7 atası Cavabdeh alınaraq anası X2 verilsin. Azyaşlı - xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilsin...» «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasındakı ntkahın pozulması ilə əlaqədar 05 iyul 2023-cü ildə 47 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah pozulduqdan sonra iddiaçı «Muradova» soyadına qayıdıb. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında mümkün olmayıb. "xxxx" ASC-nin Neftçala rayon filialı ilə Cavabdeh arasında 11 yanvar 2024-cü ildə bağlanmış GTKR5777080B164 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş qrafikindən görünür ki, sonuncuya 48 ay müddətinə illik 23,5 faiz dərəcəsi ilə 7.390 manat məbləğində kredit verilib. Ödəniş cədvəlinə əsasən Cavabdeh hal-hazırda da kredit ödənişi edir. Neftçala Rayonu İcra Hakimiyyəti başçısının Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 noyabr 2024-cü il tarixli arayışının məzmunundan görünür ki, Cavabdeh təsərrüfatında iri və xırda buynuzlu mal-qarası yoxdur və o, halhazırda SMSİİ-də maşinist vəzifəsində işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşağın 2022-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının artdığını, həmçinin 2022-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 617/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 25 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 180 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Digər iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən «Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər», «Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 25 may 2010-cu il təvəllüdlü oğlu – X4 təhsili ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməli, ondan hər ay sabit pul məbləğində 30 (otuz) manat tutulmaqla İddiaçı ödənilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən pul məbləğlərinin hesablanması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında mediasiya xərci ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 2.520 manat miqdarında müəyyən edir (210 x 12 = 2.520). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 45,20 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – «iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin 45,20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-617/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 25 may 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarı dəyişdirilsin, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 25 may 2010-cu il təvəllüdlü X6 görə əlavə xərclərin ödənilməsinə cəlb edilsin və ondan hər ay sabit pul məbləğində 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Yuxarıda göstərilən pul məbləğlərinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 45 (qırx beş) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1208/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1208/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver