Məhkəmə qərarları › İş №2(053)-128/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-128/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-128/2023 13.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMM QBKT-nın Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 2.715,25 manat, faiz borcuna görə 697 manat, cərimə borcuna görə 66,78 manat, cəmi 3.479,03 manat borcun və 54,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə teleqram göndərərək məhkəmə baxışı iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirib, qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMM QBKT ilə Cavabdeh arasında 04 fevral 2022-ci il tarixli **********7622 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 167 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində «Fincard» adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz borcunu, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 15 dekabr 2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 2.715,25 manat, faiz borcuna görə 697 manat, cərimə borcuna görə 66,78 manat, cəmi 3.479,03 manat borcu yaranmışdır. Ona görə də məhkəməyə müraciət edilmişdir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul edərək iddiaçı ilə arasında həqiqətən də 04 fevral 2022-ci il tarixli **********7622 saylı kredit müqaviləsi bağlandığını bildirmişdir. Qeyd edilən kredit müqaviləsinə əsasən ona illik 28 faiz dərəcəsi ilə 3.000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə verilmiş kredit məbləğini ödəniş qrafiki əsasında hər ay 167 manat olmaqla iki il müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Ona verilmiş kreditin ödəniş cədvəlinə uyğun hər ay ödəniş etməklə geri qaytarılmasına çalışmışdır. Lakin işsiz olduğundan aylıq ödənişləri tam şəkildə ödəməyə maddi imkanı olmamışdır. Bu səbəbdən iddiaçı təşkilata müraciət edərək aylıq ödənişin məbləğinin azaldılmasını xahiş etsə də, xahişi nəzərə alınmamışdır. Etiraf edir ki, iddiaçının tələb etdiyi məbləğdə kredit borcu vardır. Lakin hər ay 167 manat ödəniş etmək onun üçün çox ağırdır. Həmin məbləğ 50 manata endirilərsə onu ödəməyə hazırdır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2022-ci il tarixli **********7622 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 15 dekabr 2022-ci il tarixə 04 fevral 2022-ci il tarixli **********7622 saylı kredit müqaviləsi üzrə "xxxx" MMM QBKT-na 2.715,25 manat əsas, 607 manat faiz borcu və 66,78 manat cərimə borcu olmaqla, cəmi 3.479,30 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. İddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, hesablanmış cərimənin miqdarı 20 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 54,80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.715 (iki min yeddi yüz on beş) manat 25 (iyirmi beş) qəpik məbləğində əsas borc, 697 (altı yüz doxsan yeddi) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 54 (əlli dörd) manat 80 (səksən) qəpik tutularaq iddiaçı "xxxx" MMM QBKT-na ödənilsin. Qətnamədən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar