Məhkəmə qərarları › İş №2(053)-13/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-13/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-13/2024 07.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil , Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş 12.650 manat miqdarında ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığına vurduğu ziyana görə 5.000 manat, 17 ay ərzində işləmədiyinə görə məhrum olduğu 7650 manat məbləğində əldə edəcəyi gəlirin, ümumilikdə 12.650 manat pulun və ödənilmiş 128 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, 19 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət almışdır. Hadisə nəticəsində aldığı xəsarətə görə onu "sol büd sümüyünün 1/3-nin qapalı qəlpəli yerinidəyişǝn sınığı" diaqnozu qoyulmuşdur. Baş vermiş hadisəyə görə Cavabdeh təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə Cavabdeh təyin edilmiş cəza artırılmışdır. O, qəzadan sonra normal şəkildə hərəkət edə bilmir. Sağlamlığında problem olduğu üçün fiziki iş görə bilmir. Bildirir ki, qəzadan əvvəl o, Neftçala rayonunda tikilməkdə olan İdman Kompleksində qeyri-rəsmi fəhlə işləməklə ayda 450 manat əmək haqqı almışdır. Sağlamlığı ilə bağlı işləyə bilmədiyi üçün artıq 17 aydır ki, heç bir qazancı yoxdur. Bundan əlavə hal-hazırda ona "sol diz oynağının kontrakturası" diaqnozu qoyulmuşdur. İndiki halda onun sağlamlığını bərpa etmək üçün 5000 manat pul tələb olunur. Cavabdeh isə 1500 manat pul ödəmiş, 1500 manat da sığorta pulu almışdır. Şirvan şəhərində 6 ay fizioterapiya müalicəsində olmuşdur. Müalicələri ilə bağlı ödəniş qəbzləri vardır. Hazırda o, əməliyyat olunmalıdır. Ayağında mil vardır. Əlavə olaraq ərizə təqdim edərək bildir ki, fizioterapiya aldığı xəstəxanadan ona bildirilmişdir ki, ona ən azı 4-6 ay müddətində müalicə lazımdır ki, onun ayağında müsbət dəyişiklik olsun. O, qəzaya düşən vaxt X4 fəhlə işləyərək aylıq 450, 500 manat əmək haqqı almış, qəzaya düşdükdən sonra işləyə bilməmişdir. Kompleksin tikintisi o, qəzaya düşdükdən sonra 15 ay davam etmişdir. Ona görə də mülki icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı göstərilənləri nəzərə alaraq iddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi, Vəkil da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, İddiaçı bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının şikayəti əsasında başlanmış cinayət işi ilə əlaqədar Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Daha sonra Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı protest, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-23/2023 nömrəli iş üzrə 12 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü dəyişdirilərək ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Yol-nəqliyyat hadisəsindən sonra İddiaçı bütün müalicə xərclərində köməyini əsirgəməmiş, hətta ev şəraitində də müalicə xərclərini çəkmişdir. Ona ümumilikdə 3500 manatdan artıq yardım göstərmişdir. Həmin pulun 1500 manatı sığortadan ödənilmişdir. İddiaçı ondan işləmədiyi dövrlərin də pulunu hesablayıb tələb edir. İddiaçı müalicələrini yaşadığı rayonda sığortasından istifadə etməklə deyil, müxtəlif yerlərdə, ödənişli xəstəxanalarda etdirməklə ondan müalicələrinə çəkilmiş xərcləri tələb edir. Onun buna imkanı yoxdur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu işlə bağlı əvvəlki dövrdə iddiaçıya maddi köməklik göstərmək üçün kredit götürmüşdür. İddiaçıya müalicə xərcini qarşılamaq üçün 600 manat məbləğində maddi yardım göstərməyə hazır olduğunu bildirsə də hazırda iddia tələbinin 900 manat hissəsini qəbul edir. Həmin məbləğdən başqa ödəniş etməyə maddi imkanı yoxdur. Göstərilənlərə əsasən iddianın 900 manatlıq hissədə təmin edilməsini, qalan hissədə isə rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki Prosessual Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdehin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidirlər. Neftçala Rayon Məhkəməsinin 1(053)-90/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli hökmündə məhkəmənin müəyyən etdiyi hallar kimi aşağıdakılar qeyd olunur: “Cavabdeh 19 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonu Xıllı qəsəbəsinin ərazisindən keçən 30-cu km-də sürücülük hüququ qüvvədə olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi "Daewoo Nexia" markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri istiqamətindən Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmçinin həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfüqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv nişanlama xətti) kəsib keçməməli olduğu halda qanunun həmin maddələrinin tələblərini pozmuş, ehtiyatsızlıqdan idarə etdiyi "Daewoo Nexia" markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağında X2 idarə etdiyi "İj Planet" markalı, dövlət qeydiyyat nişansız motosikletlə toqquşmuş, nəticədə motosikletin sürücüsü Məxsud Süleymanovun sol ayağın İİ-İİİ-İV daraq sümüklərin distal ucunun qapalı yerini dəyişməyən sınıqları ilə müşayiət olunan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, motosikletdə olan sərnişinlər İddiaçı sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı ilə müşayiət olunan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər və X1 aşağı ətrafın əzilməsi ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət almalarına və Məxsud Süleymanova məxsus "İj Planet" markalı, dövlət qeydiyyat nişansız motosikletǝ 450 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir”. Həmin cinayət əməlinə görə Bədəlov X3 Rayon Məhkəməsinin 1(053)-90/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 263.1-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-23/2023 nömrəli iş üzrə 12 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-90/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı protest, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilərək Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir”. Mülki Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan müddəasını və Neftçala Rayon Məhkəməsinin hazırkı işlə bağlı preyudisial əhəmiyyətə malik olan 31 avqust 2022ci il tarixli hökmünü nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi cinayəti törətməklə İddiaçı ziyan vurması halı sübuta yetirilmiş sayılmalıdır. Cavabdeh bildirir ki, yol-nəqliyyat hadisəsindən sonra İddiaçı müalicə xərclərində köməyini əsirgəməmiş, ona ümumilikdə 3500 manatdan artıq yardım göstərmişdir. Həmin pulun 1500 manatı sığortadan ödənilmişdir. İddiaçı tərəfindən cinayət işinə baxılarkən izahat vermiş, izahatda qeyd olunur ki, hadisədən sonra o, tibbi müayinə və müalicə aldığı dövrdə Cavabdeh onun xərclərini qismən çəksə də, tam sağalmamışdır. Lakin təqsirləndirilən şəxs Cavabdeh hal-hazırda ona heç bir maddi köməklik etmir. Cavabdeh cinayət işi üzrə məhkəmə baxışı dövründə də müvafiq məsələ ilə bağlı izahat vermiş, izahatda qeyd olunur ki, hadisədən sonra zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş, yəni onların tibbi müayinə və müalicə aldığı dövrdə bütün xərclərini, habelə motosikletə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslər Məxsud Süleymanovun və Vüqar Zeynalovun ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Lakin zərərçəkmiş şəxs İddiaçı tam sağalmamasını əsas gətirib ondan əsassız olaraq yenə pul tələb edir. “Neftçala rayon Mərkəzi Xəstəxanası” X10 94 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd edilir ki, Verilir 1988-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən “Sol bud sümüyünün orta 1/3-nin qapalıǝ sınığına görə aparılmış osteosintez əməliyyatından sonrakı vəziyyət. Sol diz oynağının kontrakturası” diaqnozu ilə xəstədir. Neftçala Rayon Məhkəməsinin 2(053)-420/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə Məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Hazırda xx.xx.1988-ci il tarixdə anadan olmuş İddiaçı 19 oktyabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə bağlı səbəbli əlaqənin, eləcə də bununla bağlı səhhətində hər hansı problemin olub-olmaması?

2. Əgər hadisənin faktiki vəziyyəti ilə səbəbli əlaqə varsa, sağlamlığa dəymiş ziyanın bərpası üçün nə qədər vəsait tələb olunur?

3. İş materialında olan, hökmdə göstərilən sağlamlığa vurulmuş zərərin hazırda bərpa olunub-olunmaması, əgər bərpa olunubsa əlavə müalicəyə ehtiyac varmı?

4. Əgər müalicəyə ehtiyac olarsa onun aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb olunur?

5. Sağlamlıq bərpa olunmuşsa hansı məbləğdə vəsait xərclənmişdir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 xx.xx.2023-cü il tarixli, KEŞ-842 nömrəli rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur. “1988-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1-3. İddiaçı mütəxəssis müayinəsi zamanı onda "Sol bud sümüyünün orta 3-nin qəlpəli bitişmiş sınığı (metal lövhəylə osteosintezdən sonra) sol diz oynağının açıcı kontrakturası (bükmə 133°) daim ağrı sindromu"nun olduğu müəyyən edilmişdir. Bunun da qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə səbəbli əlaqəsi vardır. Qeyd olunan patologiya ilə bağlı onun fizioterapiya və reabilitasiya müalicələrinə ehtiyacı vardır. 4.5. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil” Həmçinin iş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, İddiaçı ayağında yaranmış xəsarətlə bağlı müalicə alarkən bir günlük müalicə kursu xərci 35 manat müəyyən edilir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının sağlamlığına vurduğu ziyanın 3.000 manatlıq hissəsini sonuncuya ödəməsi halı sübuta yetirilmiş sayılmalıdır. (bu halı cavabdeh bildirməklə yanaşı, iddiaçı da etiraf edir). İddiaçı cinayət işi üzrə məhkəmə baxışı dövründə –izahat verərək cavabdehin ona cinayət nəticəsində vurduğu zərərin (yalnız xəstəxana xərclərinin) ödənildiyini bildirmişdir. Göründüyü kimi hazırda cavabdeh özü də 900 manat miqdarında iddiaçıya yardım edə biləcəyini qeyd edərək əvvəl də ona ümumilikdə 3.500 manat ödədiyini bildirmişdir. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət nəticəsində iddiaçının sağlamlığına vurulmuş zərərin 3.000 manatlıq hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, iddiaçının əlavə müalicəyə ehtiyacı olduğu məhkəmə araşdırması zamanı müəyyən olunduğundan iddia tələbi sağlamlığa vurulmuş hissədə qismən təmin olunmaqla müalicə müddətinin 4 ay müddətdə aparılması nəzərə alınmaqla, 1 günlük müalicə kursunun dəyərinin 35 manat olması qəbzlərlə təsdiq edildiyindən və müalicə kursunun bundan əvvəlki müalicə kursları kimi, həftə ərzində 5 gün davam etdirilməsi nəzərə alınaraq 2.800 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı X4 fəhlə işləyərək aylıq 450, 500 manat əmək haqqı alması barədə rəsmi təsdiqləyici sənədləri məhkəməyə təqdim edə bilmədiyindən 7650 manat məbləğində əldə edəcəyi gəlirdən məhrum olma hissəsində iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”, “Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh cinayət nəticəsində sağlamlığa vurduğu 2.800 manat məbləğində ziyan tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 128 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 2.800 (iki min səkkiz yüz) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar