Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1300/2024 05.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun tutulması» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Neftçala şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu, Xəzər Bələdiyyəsinin mülkiyyətinə aid 80 ha örüş torpaq sahəsinə münasibətdə Cavabdeh ilə bağlanmış 27 dekabr 2013-cü tarixli torpaq icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh ödənilməmiş icarə haqqı olaraq 39.290 manat icarə haqqı borcunun tutulması və torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”, “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb” göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən «ərizəyə əlavə edilən sənədlərin siyahısı» ərizədə göstərilməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən “Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir”. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmununa riayət edilməməklə tərtib olunmuş, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) ərizədə qeyd edilməmiş, iddiaçının tələbi, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ərizəyə əlavə edilsə də bu sənədlər əlavə edilməmiş və yuxarıda göstərilən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdehin eyniləşdirmə məlumatları qeyd edilmədiyindən “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində şəxs haqqında sorğu vermək mümkün deyil. Bununla da iş üzrə cavabdehin hazırda hansı ünvanda qeydiyyatda olması şübhə yaratdığından işin icraata qəbul edilməsi hazırkı vəziyyətdə yuxarıda göstərilən qanunvericiliyin tələblərinin pozulması kimi qəbul edilir. 01 noyabr 2024-cü il tarixdə məhkəmə əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddia ərizəsinin qoşma hissəsində Neftçala rayonu, Xəzər Bələdiyyəsinin 21 oktyabr 2024-cü il tarixli, 23 saylı qərarı, icarə müqaviləsinin, 27 dekabr 2013-cü il tarixli torpaq icarə müqaviləsi və torpaq sahəsinə dair digər sənədlərin, vətəndaşa göndərilən xəbərdarlıqların, Neftçala rayonu, Xəzər Bələdiyyəsinin 16 yanvar 2020-ci il tarixli, 01 saylı iclas protokolunun və iddia ərizəsinin surətlərinin əlavə olunduğu göstərilsə də iddia ərizəsinə həmin sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyindən icraata qəbul edilmədən geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Neftçala rayonu, Xəzər Bələdiyyəsinin Cavabdeh qarşı «torpaq icarə müqaviləsinə xitam verilməsi və icarə haqqı borcunun tutulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1300/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1300/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver