Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-131/2023 25.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 10 dekabr 2019-cu il tarixli SALİ- 3621-2332 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 337,59 manat əsas borc və 0,79 manat cari faiz borcu olmaqla, cəmi 338,38 manat məbləğində borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli SALİ-3621-2332 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən sonuncuya vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 592,17 manat məbləğində güzəştli kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 10 dekabr 2019-cu il tarixli SALİ- 3621-2332+SALİ-3641 saylı zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitent məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 ay ərzində hər ay 1,00 manat, növbəti 48 ay ərzində isə hər ay 12,60 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında «Kreditverən» birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək qalıq kredit borcunu hesablanmış faizi ilə birlikdə vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Beləliklə, 06 yanvar 2023-cü il tarixi üçün Cavabdeh1 10 dekabr 2019-cu il tarixli SALİ-3621-2332 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 337,59 manat əsas borcu, 0,79 manat cari faiz borcu olmaqla, cəmi 338,38 manat borcu mövcuddur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin nümayəndə X2 məhkəməyə məktubla müraciət edərək iddia tələbini tam müdafiə etdiyini bildirib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul edərək, iş üzrə iddiaçı olan kredit təşkilatından həqiqətən də kredit götürdüyünü və götürdüyü kredit məbləğini müqavilə üzrə zamin olan və yaxın qohumu olan Cavabdeh2 verdiyini bildirdi. Qeyd edir ki, Cavabdeh2 kreditin aylıq ödənişlərini ödəməməsi səbəbindən hər ay ödənişləri özü etmişdir. Lakin maddi vəziyyətinin pisləşməsi səbəbindən son aylar ödəniş edə bilməmişdir. Kredit borcunun tezliklə ödənilməsinin təmin edilməsinə çalışacaqdır. İddianın təmin edilməsinə etirazı yoxdur. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 gəlməmiş (nümayəndəsini göndərməmiş) və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq, gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli SALİ-3621-2332 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən sonuncuya vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 592,17 manat məbləğində güzəştli kredit verilmişdir. Bununla yanaşı, "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında 10 dekabr 2019-cu il tarixli SALİ-3621-2332+SALİ-3641 saylı zaminlik müqaviləsi bağlanmış və sonuncu Cavabdeh1 10 dekabr 2019-cu il tarixli SALİ-3621-2332 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 10 dekabr 2019-cu il tarixli SALİ-3621-2332 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə "xxxx" BOKT MMC-yə 06 yanvar 2023-cü il tarixinə 337,59 manat məbləğində əsas borcu və 0.79 manat məbləğində faiz üzrə borcu yaranmışdır. Cavabdehlərə "xxxx" BOKT MMC tərəfindən borcun qaytarılmasına dair xəbərdarlıq göndərilib. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən «Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür». Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən «Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar», «Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır». İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT MMC cavabdehlərdən kredit borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən bank xidmət haqqı ilə birlikdə 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələbin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli SALİ-3621-2332 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 337 (üç yüz otuz yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində əsas borc, 79 (yetmiş doqquz) qəpik məbləğində faiz borcu, habelə iddia ilə məhkəməyə müraciət olunarkən bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-131/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-131/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver