Məhkəmə qərarları › İş №2(053)-1329/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1329/2025

16.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1329/2025 16.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 2(053)-258/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi müəyyən edilmiş aliment məbləğinin artırılaraq 03 sentyabr 2014-cü il təvəllüdlü X2 və 01 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 2013-cü il tarixində faktiki nikahla ailə qurmuş, nikahlarını 06 iyun 2014-cü il tarixində rəsmiləşdirmişlər. Onların birgə nikahından 03 sentyabr 2014-cü il təvəllüdlü X4 və 01 may 2017-ci il təvəllüdlü X6 adlı uşaqlar doğulub. Birgə yaşamaları baş tutmadığı üçün ayrılmış, nikahları Neftçala Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmaları müəyyən edilmiş, habelə iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay cəmi 180 manat alimentin tutulması və alimentin tutulmasının başlanğıcının 16 fevral 2022-ci il tarixindən hesablanması qət edilmişdir. Cavabdeh 2019-cu ildə törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 24 iyul 2025-ci il tarixində azadlığa buraxılmışdır. Alimentin tutulmasına dair icra sənədi icra edilməsi üçün borclunun qeydiyyat ünvanı üzrə Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin Cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün icra sənədi həmin cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cavabdeh tərəfindən qətnamədə göstərilən aliment məbləğindən ödəniş edilməmişdir. Hazırda heç bir yerdə işləmir və valideynlərinin köməkliyi ilə uşaqlarını saxlamaqda çətinlik çəkir. Neftçala Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi qəbul ediləndə Fərdanın 8, Uğurun isə 5 yaşı olmuşdur. Qətnamənin qəbul edilməsindən artıq üç il keçib. Hazırda Fərda altıncı, Uğur isə üçüncü sinifdə oxuyurlar. Hər ikisi də məktəbli olan uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Həmin vaxtdan sonra ərzaq məhsullarının, məktəb və tibbi ləvazimatların qiyməti kifayət qədər artmışdır. Həmçinin uşaqlar hazırda məktəbdən əlavə hazırlığa da gedirlər. Bu da repetitorlara ödənilən məbləğlə bağlı əlavə xərclərin yaranmasına səbəb olmuşdur. Qətnamə qəbul edildiyi zaman Cavabdeh cəzaçəkmə müəssisəsində olduğu üçün aliment hər uşağa görə 90 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh 25 iyul 2025-ci il tarixdə azadlığa çıxmışdır. O, azadlıqda olduğu üçün işləyib kifayət qədər qazanc əldə edə bilər. Həmin qazancla da uşaqların tələbatlarını ödəyə bilər. Hesab edir ki, hazırkı dövrdə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməyə kifayət qədər əsaslar var. Alimentin artırılması ilə bağlı cavabdehə mediasiya təklifi göndərmiş, lakin cavabdeh gəlmədiyinə görə ona “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” 19 avqust 2025-ci il tarixli MŞS/MT-028/2025/0491A nömrəli arayış verilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Qeyd edir ki, iddia ərizəsində alimentin daha yüksək məbləğdə tutulmasını xahiş etsə də, hazırda cavabdehin vəziyyətini nəzərə alaraq uşaqların saxlanılması üçün ümumilikdə 300 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə etirazı yoxdur. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək 6 ildir ki, cinayət cəzası çəkdiyini və yenicə cəzasını çəkib qurtararaq azadlığa çıxdığını bildirmişdir. Qeyd edir ki, hazırda daimi iş yeri yoxdur və fəhləlik etməklə, həmçinin usta kimi işləməklə dolanır. Bundan başqa anası xərçəng xəstəsidir. Atası isə hazırda xəstəxanada müalicə alır. Onların da xərclərini özü ödəyir. Ona görə də uşaqların saxlanılması üçün hər ay ümumilikdə 300 manatdan artıq aliment ödəmək iqtidarında deyil. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-258/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 06 iyun 2014-cü ildə bağlanmış və həmin tarixdə Neftçala rayonu Qırmızıkənd kənd inzibati ərazi nümayəndəliyində 07 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 03 sentyabr 2014-cü il təvəllüdlü X2 və 01 may 2017-ci il təvəllüdlü X3 boşanmadan sonra anasının yanında qalmaları müəyyən edilmiş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasındakı nikahın pozulması ilə əlaqədar 06 sentyabr 2022-ci ildə 73 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah pozulduqdan sonra iddiaçı «Cəfərova» soyadına qayıdıb. «Doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə ailə münasibətlərindən 03 sentyabr 2014-cü il təvəllüdlü X4 və 01 may 2017-ci il təvəllüdlü X6 adlı uşaqlar doğulub. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». İşin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, 03 sentyabr 2014-cü il təvəllüdlü X2 və 01 may 2017ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin məbləği Neftçala Rayon Məhkəməsinin 2(053)-258/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş həmin aliment məbləğində sonrakı dövrdə hər hansı dəyişiklik edilməyib. Məhkəmə uşaqların 2022-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşaqların və onların anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Eyni Qərarın 8.13-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 03 sentyabr 2014cü il təvəllüdlü X2 və 01 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay hər uşağa görə 152 manat məbləğində olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının hər uşağa görə 152 manat məbləğində müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əməkhaqqı məbləğinin 0,38 mislini təşkil edir (400 x 0,38 = 152). «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-258/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq 03 sentyabr 2014-cü il təvəllüdlü X2 və 01 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar