Məhkəmə qərarları › İş №2(053)-137/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-137/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-137/2025 30.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 07 avqust 2011-ci il təvəllüdlü X1 üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-5472/2016 nömrəli iş üzrə 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək 235 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 19 dekabr 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdehlə birgə yaşadıqları müddətdə 07 avqust 2011-ci il təvəllüdlü X7 adlı uşaq doğulmuşdur. Cavabdehdən rəsmi olaraq onunla nikaha daxil olmasını tələb etsə də, o hər dəfə yalan vədlər verərək onu aldadırmış. Cavabdehlə birgə yaşadığı dövrdə cavabdeh mütamədi olaraq onu döyüb incitmişdir. Artıq onun davranışları dözülməz olduğundan Neftçala rayonu, Həsənabad qəsəbəsinə valideynlərinin yaşadığı evə getmişdir. Bu dövrdə uşağın saxlanılması ilə bağlı müəyyən çətinliklər çəkmiş, cavabdeh isə uşaqla bağlı ona heç bir maddi yardım göstərməmişdir. Belə olan halda cavabdehə qarşı atalığın müəyyən olunması və uşağın saxlanması üçün aliment tələbinə dair Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən məhkəmənin 2(021)- 5472/2016 nömrəli iş üzrə 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 07 avqust 2011-ci il təvəllüdlü X5 atası olması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 90 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, 90 manat aliment məbləği ilə uşağın maddi təminatını yüksək səviyyədə ödəmək mümkün deyil. Hal-hazırda da işləmir və heç bir yerdən maddi köməkliyi yoxdur. Uşağın xərcləri hər ay 200 manatdan artıq olur və cavabdeh müəyyən olunmuş 90 manat məbləğində alimenti belə vaxtlıvaxtında ödəmir. Bəzi vaxtlarda hətta əskik ödəyir. Tələblə bağlı mediasiyaya müraciət etmiş, ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Qeyd edir ki, ölkədə 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun həddi 235 manat müəyyən edilmişdir. Hesab edir ki, ölkə qanunvericiliyi ilə uşaqların ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan az olmayan maddi təminat almaq hüququ olduğu üçün və qət edilən sabit pul məbləğində alimentin uşağın normal yaşaması, inkişafı və qidalanması üçün az olduğundan aliment məbləği dəyişdirilərək uşağın mənafelərinə uyğun olmalı və ölkə üzrə müəyyən edilmiş minimumdan az olmayan miqdarda müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh hal-hazırda işləyir və hər ay 200 manat məbləğində aliment ödəyə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, lakin 14 yanvar 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək maddi imkanı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, iddianı qismən qəbul etdiyini, hal-hazırda işsiz olmasını və himayəsində 2-ci uşağının olmasını nəzərə alaraq aliment miqdarının 150 manat məbləğində təyin olunmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 07 avqust 2011-ci ildə X7 adlı uşaq doğulub. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-5472/2016 nömrəli iş üzrə 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 07 avqust 2011-ci il təvəllüdlü X5 atası olması müəyyən edilmiş, 07 avqust 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. «Atalığın müəyyən edilməsi haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 07 avqust 2011-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə 07 iyun 2017-ci ildə 62 nömrəsi ilə qeydiyyat aparılıb. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Cavabdeh tərəfindən göndərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı «DOST» Mərkəzinin 25 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və məşğulluq» altsisteminə əsasən 25 dekabr 2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. «Nikah haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Cavabdeh ilə X8 05 noyabr 2015-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Bərdə rayon Güloğlular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən akt qeydləri kitabında 18 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 birgə ailə münasibətlərindən 24 avqust 2018-ci ildə X3 adlı uşaq doğulub. Uşağın atası Cavabdeh, anası isə X2r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşağın 2016-cı ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Bərdə Rayon Məhkəməsinin 2(021)- 5472/2016 nömrəli iş üzrə 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 07 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2024-cü il üzrə hər ay 170 manat civarında olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli 3708 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat həddində müəyyən edilmişdir (“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib). Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2024-cü il üzrə alimentin miqdarının 170 manat civarında müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,49 mislini təşkil edir (345 x 0,49 = 169,05). «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında mediasiya xərci ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 2.040 manat miqdarında müəyyən edir (170 x 12 = 2.040). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 40,40 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – «iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin 40,40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-5472/2016 nömrəli iş üzrə 20 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən 07 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 07 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar