Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-140/2023 27.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək uşaqları – 04 yanvar 2005-ci il təvəllüdlü X3 və 19 mart 2006-cı il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşağa görə 220 manat, ümumilikdə iki uşağa görə hər ay 440 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Cavabdeh ilə nikahının Neftçala Rayon Məhkəməsinin 09 aprel 2012-ci il tarixli 2(053)-127/2012 saylı qətnaməsi ilə pozulduğunu bildirmişdir. Cavabdehlə birgə nikahından 04 yanvar 2005-ci il təvəllüdlü X7 və 19 mart 2006-cı il təvəllüdlü X8 adlı iki uşağı var. Uşaqları ilə birlikdə hazırda Bakı şəhərində kirayədə yaşayır. Hər iki uşağı Bakı şəhərində təhsil alır. Cavabdeh hazırkı tarixədək 2 uşaq üçün cəmi 180 manat aliment ödəyirdi. Qeyd edir ki, il keçdikcə uşaqların xərcləri də artır. Müvafiq qətnamə ilə müəyyən edilən məbləğ hazırda uşaqların saxlanılmasına kifayət etmir. Cavabdeh isə yalnız məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğini ödəməklə kifayətlənir, uşaqların saxlanılmasına bundan başqa heç bir maddi yardım göstərmir. Son vaxtlar isə alimenti müəyyən olunmuş məbləğdən də az ödəyir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. 23 noyabr 2022-ci il tarixdə cavabdehə mediasiya barədə təklif göndərmişdir. X2 iştirakı ilə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Hesab edir ki, alimentin artırılması mediasiyaya müraciət etdiyi tarixdən, yəni 23 noyabr 2022-ci il tarixindən hesablanmalıdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək 04 yanvar 2005-ci il təvəllüdlü uşağı X3 artıq yetkinlik yaşına çatdığını, onun 18 yaşının tamam olduğunu, həmin uşaqla bağlı aliment öhdəliyinə xitam verilməli olduğunu bildirmişdir. Qeyd edir ki, "X12" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və aylıq əmək haqqı 326 manatdır. Ona görə də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi imkanı xaricindədir. Digər tərəfdən hazırda başqa qadınla ailə qurmuş və onunla olan faktiki nikahından da 2 övladı vardır. Aylıq əmək haqqından iddiaçının tələb etdiyi miqdarda aylıq aliment ödəyəcəyi təqdirdə bir ay ərzində həm özünü, həm ailə qurduğu şəxsi, habelə 2 uşağını təmin etməsi mümkün olmayacaq. Cavabdeh həmçinin qeyd edir ki, iddiaçının kirayədə yaşaması barədə verdiyi məlumat həqiqəti əks etdirmir. Faktiki olaraq iddiaçı övladları ilə birlikdə atasının həyətində özünə məxsus iki mərtəbəli mənzilində yaşayır. Həmin evi də övladlarına görə o, köməklik edib tikmişdir. Alimentin müəyyən edilmiş məbləğdən daha az ödəməsi barədə iddiaçının qeyd etdikləri də yanlışdır. Hər ay əmək haqqını alan zaman ilkin olaraq aliment pulunu ödəyir. Son olaraq bildirir ki, hazırda «qeyri-spesifik xoralı kolit» diaqnozlu xəstədir. Hər ay müalicəsi üçün dərmanların alınmasına ehtiyacı vardır. Bu da öz növbəsində maddi baxımdan yaşayışına öz təsirini göstərir. Qeyd etdiklərini nəzərə alaraq ondan yalnız bir uşağı - 19 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin müəyyən olunmuş miqdarının sabit olaraq 100 manatadək artırılmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 04 yanvar 2005-ci ildə X7 və 19 mart 2006-cı ildə X8 adlı uşaqlar doğulmuşlar. Neftçala Rayon Məhkəməsinin 2(053)-560/2018 nömrəli iş üzrə 03 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Neftçala Rayon Məhkəməsinin 2(053)-119/2017 nömrəli iş üzrə 13 fevral 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 04 yanvar 2005-ci il təvəllüdlü X3 və 19 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq sabit pul məbləğində tutulmaqla hər ay hər bir uşağa görə 90 manat, cəmi 180 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. İşin faktik hallarından görünür ki, 04 yanvar 2005-ci il təvəllüdlü X3 04 yanvar 2023cü il tarixində 18 yaşı tamam olub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən “uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə” məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə iddianın 04 yanvar 2005-ci il təvəllüdlü X7 ilə bağlı hissədə təmin olunmasını mümkün saymır. Məhkəmə eyni zamanda 19 mart 2006-cı il təvəllüdlü X4 2018-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2018-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)-560/2018 nömrəli iş üzrə 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının 19 mart 2006-cı il təvəllüdlü X6 aid hissədə artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 19 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-560/2018 nömrəli iş üzrə 03 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 19 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 19 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-140/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-140/2023
27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver