Məhkəmə qərarları › İş №2(053)-141/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-141/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-141/2023 28.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4.937,19 manat əsas borcun, 81,05 manat faiz borcunun, cəmi 5.018,24 manat borcun və 70,18 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC BOKT-nın İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar İddiaçı QSC BOKT-nın Salyan filialı ilə Cavabdeh1 arasında 02 noyabr 2020-ci il tarixli 79 saylı restrukturizasiya müqaviləsi bağlandığını bildirmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 4.937,19 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində İddiaçı QSC-yə ödəməsi barədə öhdəlik götürmüşdür. Cavabdehlə bağlanmış 02 noyabr 2020-ci il tarixli 79 saylı fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsinin təminatı kimi İddiaçı QSC BOKT-nın Salyan filialı ilə Cavabdeh2 arasında 02 noyabr 2020-ci il tarixli 79 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda müqavilənin şərtlərinə əməl etməmiş, əsas və faiz borcundan ödəniş etməmişdir. Bununla da Cavabdeh1 restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 4.937,19 manat, faiz borcu 81,05 manat, cəmi borcu 5.18,24 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh1 iddianı qəbul edərək iddiaçı ilə arasında həqiqətən də 02 noyabr 2020-ci il tarixli 79 saylı restrukturizasiya müqaviləsi bağlandığını bildirmişdir. Qeyd edir ki, həmin müqaviləyə əsasən o, 4.937,19 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin təminatı olaraq iddiaçı ilə həyat yoldaşı Cavabdeh2 arasında 02 noyabr 2020-ci il tarixli 79 saylı zaminlik müqaviləsi də bağlanmışdır. Müqavilə üzrə ödənişlərini maddi imkansızlığı ilə bağlı olaraq bu vaxtadək ödəyə bilməmişdir. Hal-hazırda da borcunu tam ödəmək iqtidarında deyil, lakin həmin borcu ödəməkdən boyun qaçırmır. Tezliklə borcunu ödəməyə çalışacaqdır. İddianın təmin edilməsinə etiraz etmir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh2 iddianı qəbul edərək Cavabdeh1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermiş və iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 noyabr 2020-ci il tarixli 79 nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT– «kreditor», Cavabdeh1 – «borclu» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4.937,19 manat qalıq məbləğinin ödənilməsi məqsədi ilə 4.937,19 manat məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanmış faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kreditin illik faizi 1% olmaqla 5 il müddətinə verilir. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, «müştəri» Cavabdeh1 02 noyabr 2020-ci il tarixli müqavilə üzrə 4937,19 manat ödənilməmiş əsas məbləğ və 81,05 manat faiz borcu olmaqla – cəmi 5.018,24 manat məbləğində borcu vardır. İşdə olan zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı QSC BOKT arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və X1 borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən «Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür». Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən «Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar», «Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır». İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT cavabdehlərdən kredit borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Tələbin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 02 noyabr 2020-ci il tarixli 79 saylı müqavilə üzrə 4.937 (dörd min doqquz yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik məbləğində əsas borc, 81 (səksən bir) manat 05 (beş) qəpik məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat 18 (on səkkiz) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit təşkilatının xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar