Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1508/2025 07.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 17 iyun 1988-ci ildə doğulmuş Qazaxıstan Respublikası vətəndaşı Cavabdeh xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)»; «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb» göstərilməlidir. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında» işlərə baxır. Eyni Məcəllənin 306.2-ci maddəsinə əsasən «Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır». Azərbaycan Respublikası MPM-nin 313-cü maddəsinə əsasən «Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir». İlk növbədə qeyd olunur ki, ərizəçi tərəfindən ərizədə maraqlı şəxs ümumiyyətlə göstərilməmiş, bunun əvəzinə Cavabdeh, yəni ərizəçinin xəbərsiz itkin düşmüş hesab edilməsini tələb etdiyi şəxs cavabdeh qismində göstərilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi xüsusi icraat qaydasında baxılan işlərə aiddir və ərizəçinin və maraqlı şəxslərin iştirakı ilə baxılır. Ona görə də ərizədə maraqlı şəxsin göstərilməsi zəruridir. Həmçinin qeyd olunur ki, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi hal olaraq ərizənin məzmununda onunla Cavabdeh birgə nikahından doğulmuş uşağın Türkiyə Respublikasında təhsil alması ilə bağlı müəyyən çətinliklər yaranması ilə izah edir. Lakin ərizəçi tərəfindən bu faktı təsdiq edəcək heç bir mötəbər sübut da ərizəyə əlavə olunmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən «Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər». Ərizəyə əlavə olunmuş «Nikahın pozulması» haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Ərizəçi ərizənin məzmununda bildirir ki, Cavabdeh 30 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və bir daha geri qayıtmamışdır (ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Nazırov X2 Respublikası vətəndaşıdır). Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasından da göründüyü kimi əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Cavabdeh Qazaxıstan Respublikası vətəndaşı olmasını nəzərə alaraq onun yaşayış yeri vətəndaşı olduğu yer olaraq nəzərə alınmalıdır (ərizəçi ərizədə qeyd edir ki, Cavabdeh 30 mart 2017-ci il tarixdə ölkəni tərk etmişdir). Lakin ərizəçi tərəfindən Cavabdeh yaşayış yerində görünməməsini sübut edən heç bir mötəbər sübut da ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1508/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1508/2025
07.10.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver