Məhkəmə qərarları › İş №2(053)-158/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-158/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-158/2023 06.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən ASUS kompüter üçün 2890.6 manat ödənilməmiş hissə, 289.4 manat cərimə pulu; 27 may 2020-ci tarixli müqaviləyə əsasən İmei kodu **********66914 olan X1 9S markalı telefon üçün 56.6 manat ödənilməmiş hissə, 5.4 manat cərimə pulu; 09 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən SİAC kondisioner üçün 269 manat ödənilməmiş hissə, 26 manat cərimə pulu; 19 fevral 2021-ci il tarixli müqaviləyə əsasən Soyuducu HOFFMANN üçün 335.4 manat ödənilməmiş hissə, 33.6 manat cərimə olmaqla ümumilikdə 3.906 manat borcun və 59,06 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 20 sentyabr 2021-ci il, 27 may 2020-ci il, 09 oktyabr 2020-ci il və 19 fevral 2021-ci il tarixli müqavilələrə əsasən “ASUS” kompüter, İmei kodu **********66914 olan “X1 9S” markalı telefon, “HOFFMANN SİAC” markalı kondisioner, “HOFFMANN” markalı soyuducu almış və nəticədə 3.906 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 20 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.977,02 manat (18 ay x 160,59 manat + 86,4 manat ilkin ödəniş) olan “ASUS” markalı kompüter üçün 3.180 manat olmaqla ondan, 2.890,6 manat ödənilməmiş hissə, 289,4 manat cərimə pulu hesablanmışdır. 27 may 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 855,6 manat (18 ay x 46,7 manat + 15 manat ilkin ödəniş), İmei kodu **********66914 olan “X1 9S” markalı telefon üçün 62 manat olmaqla ondan, 56,6 manat ödənilməmiş hissə, 5,4 manat cərimə pulu hesablanmışdır. 09 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 898,2 manat (18 ay x 49,9 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN SİAC” markalı kondisioner üçün 295 manat olmaqla ondan 269 manat ödənilməmiş hissə, 26 manat cərimə pulu hesablanmışdır. 19 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 577,8 manat (18 ay x 32,1 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı soyuducu üçün 369 manat olmaqla ondan 335,4 manat ödənilməmiş hissə, 33,6 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.757,02 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 2.977,02 manat, “ASUS“ markalı kompüter hər ay 160,59 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 27 may 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 855,6 manat, İmei kodu **********66914 olan “X1 9S” markalı telefon hər ay 46,7 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 09 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 898,2 manat olan “HOFFMANN SİAC” markalı kondisioner hər ay 49,9 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 577,8 manat olan “HOFFMANN” markalı soyuducu hər ay 32,1 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 21 dekabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 20 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2.890,6 manat ödənilməmiş əsas məbləğ və 289,40 manat cərimə olmaqla – cəmi 3.180 manat, 27 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 56,6 manat ödənilməmiş əsas məbləğ və 5,4 manat cərimə olmaqla – cəmi 62 manat, 09 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 269 manat ödənilməmiş əsas məbləğ və 26 manat cərimə olmaqla – cəmi 295 manat, 19 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 335,4 manat ödənilməmiş əsas məbləğ və 33,6 manat cərimə olmaqla – cəmi 369 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə borcu ümumilikdə 40 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 20 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2.890,6 manat ödənilməmiş əsas məbləğ, 27 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 56,6 manat ödənilməmiş əsas məbləğ, 09 oktyabr 2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə 269 manat ödənilməmiş əsas məbləğ, 19 fevral 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 335,4 manat ödənilməmiş əsas məbləğ və 40 manat cərimə olmaqla – ümumilikdə 3591,6 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq 55,91 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2.890 (iki min səkkiz yüz doxsan) manat 60 (altmış qəpik) ödənilməmiş əsas məbləğ, 27 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 56 (əlli altı) manat 60 (altmış) qəpik ödənilməmiş əsas məbləğ, 09 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 269 (iki yüz altmış doqquz) manat ödənilməmiş əsas məbləğ, 19 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 335 (üç yüz otuz beş) manat 40 (qırx) qəpik ödənilməmiş əsas məbləğ və 40 (qırx) manat cərimə olmaqla, ümumilikdə 3.591 (üç min beş yüz doxsan bir) manat 60 (altmış) qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 55 (əlli beş) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar