Məhkəmə qərarları › İş №2(053)-160/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-160/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-160/2023 06.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********27198 olan, “SAMSUNG GALAXY A32” markalı telefon üçün 278 manat ödənilməmiş hissə, 27 manat cərimə; 20 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********26049 olan, “SAMSUNG GALAXY A41” markalı telefon üçün 180 manat ödənilməmiş hissə, 18 manat cərimə olmaqla, ümumilikdə 503 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 21 may 2021-ci il və 20 noyabr 2020-ci tarixli müqavilələrə əsasən İmei kodu **********27198 olan “SAMSUNG GALAXY A32” markalı telefon və İmei kodu **********26049 olan, “SAMSUNG GALAXY A41” markalı telefon almış və nəticədə 503 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 21 may 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 664,2 manat (18 ay x 36,9 manat + 0 manat ilkin ödəniş) olan və İmei kodu **********27198 olan, “SAMSUNG GALAXY A32” markalı telefon üçün ümumilikdə 305 manat olmaqla ondan 278 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 manat cərimə borcu hesablanmışdır. 20 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 775,8 manat (18 ay x 43,1 manat + 0 manat ilkin ödəniş) olan və İmei kodu **********26049 olan, “SAMSUNG GALAXY A41” markalı telefon üçün ümumilikdə 198 manat olmaqla ondan, 180 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 982 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 18 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 may 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 664,2 manat və İmei kodu **********27198 olan “SAMSUNG GALAXY A32” markalı telefon hər ay 36,9 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 775,8 manat, İmei kodu **********26049 olan “SAMSUNG GALAXY A41” markalı telefon hər ay 43,1 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 23 dekabr 2022-ci il tarixli maliyyə arayışından və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 21 may 2021ci il tarixli alqı-satqı müqaviləsi üzrə 278 manat ödənilməmiş əsas məbləğ və 27 manat cərimə olmaqla – cəmi 305 manat məbləğində, 20 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 180 manat ödənilməmiş əsas məbləğ və 18 manat cərimə olmaqla – cəmi 198 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 21 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 278 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə olmaqla – cəmi 283 manat məbləğində, 20 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 180 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə olmaqla – cəmi 185 manat məbləğində borc "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 278-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 may 2021-ci il tarixli müqavilə üzrə 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində əsas borc və 5 (beş) manat cərimə olmaqla, cəmi 283 (iki yüz səksən üç) manat; 20 noyabr 2020-ci il tarixli müqavilə üzrə 180 (yüz səksən) manat məbləğində əsas borc və 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 185 (yüz səksən beş) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar