Məhkəmə qərarları › İş №2(053)-162/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-162/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-162/2023 06.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2021-ci il tarixli müqaviləyə əsasən, AKSESUAR, İmei kodu **********01069 olan, “SAMSUNG GALAXY A32” markalı telefon üçün 119 manat ödənilməmiş hissə, 11 manat cərimə; 14 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********04240 olan, “XİAOMİ REDMİ 9” markalı telefon üçün 59,3 manat ödənilməmiş hissə, 5,7 manat cərimə olmaqla, ümumilikdə 195 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 07 may 2021-ci il və 14 sentyabr 2020-ci tarixli müqavilələrə əsasən, AKSESUAR, İmei kodu **********01069 olan, “SAMSUNG GALAXY A32” markalı telefon və İmei kodu **********04240 olan, “XİAOMİ REDMİ 9” markalı telefon almış və nəticədə 195 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 07 may 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 774 manat (12 ay x 64,5 manat + 0 manat ilkin ödəniş) olan və İmei kodu **********01069 olan, “SAMSUNG GALAXY A32” markalı telefon üçün ümumilikdə 130 manat olmaqla ondan 119 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə borcu hesablanmışdır. 14 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 540 manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan və İmei kodu **********04240 olan, “XİAOMİ REDMİ 9” markalı telefon üçün ümumilikdə 65 manat olmaqla ondan 59,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,7 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1135,7 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 may 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 774 manat və İmei kodu **********01069 olan, “SAMSUNG GALAXY A32” markalı telefon hər ay 64,5 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 14 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 540 manat, İmei kodu **********04240 olan, “XİAOMİ REDMİ 9” markalı telefon hər ay 45 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 28 dekabr 2022-ci il tarixli maliyyə arayışından və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 07 may 2021ci il tarixli alqı-satqı müqaviləsi üzrə 119 manat ödənilməmiş əsas məbləğ və 11 manat cərimə olmaqla – cəmi 130 manat məbləğində, 14 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 59,3 manat ödənilməmiş əsas məbləğ və 5,7 manat cərimə olmaqla – cəmi 65 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 07 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 119 manat ödənilməmiş əsas məbləğ və 2,5 manat cərimə olmaqla – cəmi 121,5 manat məbləğində, 14 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 59,3 manat ödənilməmiş əsas məbləğ və 2,5 manat cərimə olmaqla – cəmi 61,8 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 may 2021-ci il tarixli müqavilə üzrə 119 (yüz on doqquz) manat məbləğində əsas borc və 2,5 (iki) manat 50 (əlli) qəpik cərimə olmaqla, cəmi 121,5 (yüz iyirmi bir) manat 50 (əlli) qəpik; 14 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 59,3 (əlli doqquz) manat 30 (otuz) qəpik məbləğində əsas borc və 2,5 (iki) manat 50 (əlli) qəpik məbləğində cərimə olmaqla, cəmi 61,8 (altmış bir) manat 8 (səkkiz) qəpik və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 213,3 (iki yüz on üç) manat 3 (üç) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar