Məhkəmə qərarları › İş №2(053)-177/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-177/2025

15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-177/2025 15.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi (əri) X4 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı QSC-yə məxsus 336.036,00 manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş məbləğin alınıb verilməsi, habelə MPM-nin 265.4-cü maddəsinə əsasən Cavabdeh əməlində mənimsəmə cinayətinin əlamətləri olduğundan prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı belə əsaslandırır ki, İddiaçı QSC kənd təsərrüfatı məhsullarına lazım olan kimyəvi preparatların satışı ilə məşğuldur. Bununla bağlı iddiaçı müxtəlif bölgələrdə ayrıayrı şəxslərlə müqavilələr bağlayaraq kimyəvi məhsulları nisyə şəkildə həmin şəxslərə verir. Verilmiş məhsullar satıldıqca verilmiş məhsulun pulu iddiaçıya ödənilir. Cavabdeh ilə iddiaçı arasında 15 oktyabr 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və ona satıcı kimi 2023-cü ilin mart ayında 336.026,00 manatlıq gübrə məhsulları təhvil verilmişdir. Lakin bir müddət sonra cavabdeh iddiaçıya pul ödəmədiyindən onun işlədiyi anbarda Cavabdeh və əri Hüseyn Ələkbərovun iştirakı ilə inventarizasiya aparılmış və akt tərtib edilməklə verilən məhsulun çatışmamazlığı aşkar olmuşdur. Cavabdehə təhvil verilmiş məhsullarla bağlı audit cəlb etməklə yoxlama aparılmış və həqiqətən də onun cəmiyyətə məxsus 336.036,00 manatlıq məhsulu mənimsədiyi aşkar olunmuşdur. Bununla bağlı Neftçala rayon prokurorluğuna və Respublika Baş Prokurorluğuna müraciət etsələr də, məsələnin mülki mübahisə xarakterli olduğundan məhkəməyə müraciət etmələri təklif olunmuşdur. Cəmiyyət böyük ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, keçmiş dövrdə olduğu kimi sadə qaimə ilə deyil, məhsulların təhvil-təslimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarına və Vergilər Məcəlləsinin 71-1-ci maddəsinə əsasən «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»na əsasən, yəni elektron qaydada aparılmışdır. Hazırkı məsələ ilə bağlı Mediasiya Təşkilatına müraciət etsələr də, mübahisə həllini tapmamışdır. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmənin 06 may 2025-ci il tarixli hazırlıq iclasında iddianı qəbul etməyərək, İddiaçı QSC ilə əmək müqaviləsi bağlasa da, işə ümumiyyətlə çıxmadığını bildirmişdir. X3 ona İddiaçı QSC-yə xadimə olaraq işə düzəlməsini, bunun müqabilində əmək haqqı və gələcəkdə pensiya alacağını bildirmiş, o, isə uşaqları olduğu üçün işə gedə bilməyəcəyini, iş yerində işçi kimi adı gedəcəksə və işə getməyəcəksə, bu təklifə razı olduğunu bildirmişdir. Əri də onunla razılaşmış və daha sonra tanımadığı Zaur Heydərov və onun qardaşı Zahid Heydərov adlı şəxslər vasitəsilə işə düzəlmişdir. Lakin bu zaman heç bir əmək müqaviləsinə imza çəkməmiş, telefon vasitəsilə onunla əmək müqaviləsi bağlanmışdır. Bundan sonra həqiqətən də adı işçi kimi İddiaçı QSC-də getsə də, işə ümumiyyətlə getməmiş və 2 ay əmək haqqı almışdır. Lakin sonradan ona müxtəlif yerlərdən onun adına külli miqdarda borc olduğunu və iş yerində əslində vəzifəsinin xadimə kimi deyil, satıcı kimi olduğunu bildirmişlər. Sonradan o, ərinə bu barədə bildirmiş və işdən çıxmaq istədiyini demişdir. Əri də Zaur Heydərov adlı şəxslə Salyan Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində görüşəcəklərini, müvafiq sənədlərə imza etdikdən sonra isə borc məsələsinin həll olacağını ona bildirmişdir. Onlar Salyan rayonuna getdikdən sonra Zaur Heydərov ərinə zəng vuraraq onlara Salyan polis postuna gəlmələrini və sənədləşmə işlərinin burada həll olacağını demişdir. Salyan polis postunda ona sənədlər verilmiş, o, da həmin sənədləri oxumadan imza etmişdir. Bundan sonra ona borc məsələsinin həll olunduğu bildirilsə də, bu məsələ ilə bağlı onu dəfələrlə Respublika Baş Prokurorluğuna və Neftçala rayon prokurorluğuna çağırmışlar. Qeyd edir ki, bütün bunlar əri X1 onun başına gəlmiş, işə ümumiyyətlə getməmiş və bəhs olunan gübrə məhsulları ilə bağlı ümumiyyətlə məlumatı olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X8 da işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı QSC ilə aralarında qeyri-rəsmi ticarət münasibətləri olub. Bu münasibət çərçivəsində ona nisyə olaraq gübrə məhsulları təqdim edilmiş, o, isə bu məhsulları fermerlərə paylamışdır. Lakin sonradan biznesi uğursuz olduğundan əldə etdiyi məhsulların dəyərini iddiaçıya ödəyə bilməmişdir. Bəhs olunan borc onun şəxsi öhdəliyi əsasında yaranmışdır. İmzaladığı 02 aprel 2023-cü il tarixli öhdəlik müqaviləsi və 09 aprel 2023-cü il tarixli inventarizasiya aktı da borcun onun üzərinə düşdüyünü təsdiq edir. Cavabdeh borc münasibətləri ilə hüquqi və maddi əlaqəsi olmayıb. O, şirkətdə rəsmi olaraq işə götürülməmiş, əmək müqaviləsinə, maddi məsuliyyət müqaviləsinə və ya təhviltəslim aktına imza etməmişdir. İddiaçı sübut kimi yalnız onların 01 aprel 2023-cü il tarixində Salyan polis postunun həyətində, qeyri-rəsmi olaraq təzyiq altında imzaladıqları üzləşmə aktını təqdim edir. Bu sənədin isə hüquqi əsası yoxdur və imzalanma şəraiti onu göstərir ki, bu sənədin imzalanması onların iradəsi xaricində baş verib. Bu səbəbdən borcun onun şəxsi razılığı və öhdəliyi əsasında yarandığı, arvadı, yəni cavabdehin borcun yaranmasında iştirak etmədiyini və məsuliyyət daşımadığını, iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş üzləşmə aktının hüquqi cəhətdən əsassız olduğunu və təzyiq altında alındığını, o cümlədən tərəfindən təqdim olunan öhdəlik müqaviləsi və inventarizasiya aktının borcun onun adına rəsmiləşdirilməsinin sübutu olduğunu bildirir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 15 oktyabr 2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh satıcı vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı QSC və onun işçisi və eyni zamanda Tapagro sistemindəki anbar (**********- 65002) nümayəndəsi Cavabdeh və ona zamin duran X7 arasında imzalanmış «Üzləşmə Aktı 4»-ə əsasən 01 aprel 2023-cü il tarixinə olan Tapagro sistemindəki anbar qalığı və ödənilməli olan məbləğ 336.025,96 manat təşkil edir. Üzləşmə aktı Cavabdeh, Hüseyin Ələkbərov və İddiaçı QSC-nin nümayəndəsi tərəfindən imzalanmış və İddiaçı QSC-nin möhürü ilə təsdiqlənmişdir. "xxxx" tərəfindən tərtib olunmuş “İddiaçı QSC-nin icarə müqaviləsi əsasında fəaliyyətinin təşkil olunduğu ünvan 1 ünvanında yerləşən, ticarət obyekt kodu **********- 65002 olan anbar ərazisində inventarizasiya üzrə” müstəqil auditor hesabatından görünür ki, aparılmış audit nəticəsində 09 aprel 2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən, ticarət obyekt kodu **********-65002 olan anbarda mal əskikgəlməsinin ümumi dəyəri faktiki satış və bazar qiymətləri ilə hesablandıqda 336.026,00 AZN (üç yüz otuz altı min iyirmi altı manat), faktiki satınalma qiymətləri ilə hesablandıqda 288.098 AZN (iki yüz səksən səkkiz min doxsan səkkiz manat) olmuşdur. 03 avqust 2024-cü il tarixli xəbərdarlıqdan və işin faktik hallarından görünür ki, İddiaçı QSC tərəfindən xəbərdarlıq olunduğuna və rəsmi bildiriş göndərildiyinə baxmayaraq (pretenziya qaydasında həll olunma), cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. «X5 (İMS) İştirak Edilməməsi barədə» 29 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, lakin Cavabdeh X5 iştirak etməmişdir. X8 tərəfindən verilmiş izahatın məzmununda qeyd olunur: «Yazıb bildirirəm ki, xx.xx.2023-cü il tarixində mənim bir başa məsul olduğum Neftçala r/n Qaraqaşlı kəndində yerləşən anbarda mənim iştirakımla sayım aparılmışdır, sayım nəticəsində anbarda faktik heç bir mal aşkarlanmamışdır. Tapaqro sistemində görsənən müxtəlif adlarda 305,441 kq gübrə məhsullarının mənə verildiyini təsdiq edirəm. Həmin mallar mənim tərəfimdən nisyə şəkildə fermerlərə satılmışdır və nəticədə FG Kemistry QSC-yə xx.xx.2023-cü il tarixində 336.025 m borc öhdəliyim yaranmışdır. Bu məbləğ həmin anbarda əskik gələn malların ümumi satış dəyəridir. Məbləğin ödənilməsi ilə bağlı ən qısa zamanda lazımi tədbirləri görəcəm. İzahatı özüm yazdım imzamla təsdiq edirəm. X10 o. xx.xx.2023». İddiaçı QSC-yə məxsus inventarizasiya cədvəlindən görünür ki, anbarda olan məhsullar üzrə heç bir qalıq qalmamış və həmin cədvəli "xxxx" MMC-nin nümayəndəsi Fərid Manaflı, İddiaçı QSC-nin nümayəndəsi Qara Hüseynzadə və kodu **********-65002 olan anbar üzrə məsul şəxs Ələkbərov Hüseyn imzalamışlar. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh və onun nümayəndəsi bildirirlər ki, Cavabdeh İddiaçı QSC-yə işə qəbul olunduğuna baxmayaraq müvafiq münasibətlər faktik olaraq iddiaçı ilə X8 arasında mövcud olmuş, yəni Cavabdeh İddiaçı QSC tərəfindən verilmiş məhsullara heç bir aidiyyəti olmamışdır. Məhsulların təhvil alınması və satışı ilə məhz X8 məşğul olub. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh tərəfin bildirdikləri işin faktik vəziyyətinə uyğun deyil və bu dəlillər mübahisənin mahiyyəti üzrə həllinin əsassız ləngidilməsi məqsədinə xidmət edirlər. Belə ki, cavabdeh işə xadimə kimi qəbul olunduğunu bildirdiyinə baxmayaraq, əmək müqaviləsi bildirişindən onun işə məhz satıcı kimi qəbul olunduğu müəyyən edilir. Bununla yanaşı, cavabdeh və onun nümayəndəsi (əri) malların İddiaçı QSC tərəfindən X6 təhvil verildiyini bildirdiklərinə baxmayaraq, bu halın reallıqda baş verənlərə uyğun olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim etməyiblər. İddiaçının nümayəndəsi isə malların X6 deyil, öz işçisi (satıcı) olan Cavabdeh təhvil verildiyini bildirir. İddiaçının nümayəndəsi həmçinin bildirir ki, İddiaçı QSC ilə X8 arasında heç bir müqavilə mövcud olmadığı halda belə yüksək dəyərdə malların ona verilməsi məntiqsiz olardı. X2 olaraq çoxsaylı alğı-satqı əməliyyatları ilə bağlı arvadı Cavabdeh yardım etmiş, o cümlədən arvadına yardım məqsədilə yuxarıda istinad olunan inventarizasiyada iştirak etməklə üzləşmə aktını imzalamışdır. Məhkəmə yuxarıda göstərilənləri işin digər faktik halları ilə məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmadığına baxmayaraq, iddiaçı müvafiq dəyərdə məhsulu məhz öz işçisi (satıcı) Cavabdeh təhvil vermişdir. Məhkəmə bu halı müəyyən edərkən yuxarıda göstərilən üzləşmə aktının iddiaçı və X8 ilə yanaşı, Cavabdeh tərəfindən də imzalandığını nəzərə alır. Məhkəmə hesab edir ki, cavabdehin müvafiq münasibətlərə heç bir aidiyyəti olmadığı təqdirdə, onun üzləşmə aktını imzalamasına da zərurət olmazdı və o, bu aktı imzalamazdı. Həmin və s. sənədlərin məcburetmə nəticəsində imzalandığına dair cavabdeh tərəfin bildirdikləri isə heç bir mötəbər sübutla təsdiqlənmir. Məhkəmə eyni zamanda iş materiallarında olan digər sənədlərlə yanaşı yuxarıda göstərilən üzləşmə aktını və auditor hesabatını da nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya iddia tələbində göstərildiyi kimi 336,036,00 manat məbləğində deyil, 336.026,00 manat məbləğində zərər vurulub. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmadığını da nəzərə alır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən «Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar». Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən «Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur». Eyni Məcəllənin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən «Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir». Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən «İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir». Azərbaycan Respublikasının MM-nin 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın». Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Eyni Məcəllənin 1096.1-ci maddəsinə əsasən «Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Azərbaycan Respublikası MM- nin 1096.2-ci maddəsinə əsasən «Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır». Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən «Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 336.026,00 manat məbləğində pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 630 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və iddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 630 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 336.026,00 (üç yüz otuz altı min iyirmi altı) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 630 (altı yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar