Məhkəmə qərarları › İş №2(053)-186/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-186/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-186/2023 03.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 904,51 manat əsas borcun, 76,88 manat müqavilə müddətində hesablanmış faiz borcunun və 37,94 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 1.019,33 manat borcun və 30,19 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2019-cu il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 22 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımı qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında 04 mart 2019-cu il tarixli, BPM**********31 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2.1-ci yarımbəndinə əsasən borc alan Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində banka dəymiş zərərin əvəzinin və hesablanmış peniyanın ödənilməsini bankın zamindən tələb etmək hüququ vardır. Bank tərəfindən cavabdehlərə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən onların üzərinə düşən öhdəliklər icra edilməmişdir. 06 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə borc alan Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə 904.51 manat əsas borcu, 76.88 manat müqavilə müddətində hesablanmış faiz borcu və 37.94 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 1019.33 (bir min on doqquz manat 33 qəpik) manat məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Eyni Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 mart 2019-cu il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC – “borc verən”, Cavabdeh1 – “borc alan” olmaqla bağlanmış həmin müqaviləyə əsasən iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verməyi, “borc alan” isə müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “borc verən”ə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, “borc alan” Cavabdeh1 04 mart 2019-cu il tarixli müqavilə üzrə 904,51 manat ödənilməmiş əsas məbləğ, 76,88 manat müqavilə müddətində hesablanmış faiz borcu və 37,94 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 1.019,33 manat məbləğində borcu vardır. İşdə olan zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan bildirişdən görünür ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən “zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Eyni Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının “kredit müqaviləsi bitdikdən sonra illik 5 faizlə hesablanmış 37,94 manat məbləğində hesablanmış faiz borcu (əldən çıxmış fayda)”nın cavabdehdən tutulması hissəsi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04 mart 2019-cu il tarixli müqavilə üzrə 904,51 manat ödənilməmiş əsas məbləğ və 76,88 manat faiz borcu olmaqla, cəmi 981,39 manat məbləğində borc "xxxx" ASC-nin xeyirinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də iddiaçının ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04 mart 2019-cu il tarixli müqavilə üzrə 904,51 (doqquz yüz dörd) manat 51 (əlli bir) qəpik məbləğində əsas borc, 76,88 (yetmiş altı) manat 88 (səksən səkkiz) qəpik məbləğində faiz və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı olmaqla, cəmi 1.011,79 (min on bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar