Məhkəmə qərarları › İş №2(053)-187/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-187/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-187/2023 17.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 5594,93 manat məbləğində əsas borcun, 154,01 manat məbləğində faiz borcunun, cəmi 5748,94 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 77,89 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2018-ci il tarixli, 291-xx.xx.2018-002916 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 19.000 manat məbləğində kredit verilmişdir. Öhdəliyinin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 arasında 05 mart 2018-ci ildə zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 müqavilə şərtlərinə riayət etməmiş və dövri olaraq ödəmələri gecikdirmişdir. Nəticədə 291-xx.xx.2018-002916 nömrəli, 05 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 18 yanvar 2023-cü il tarixinə 5594,93 manat məbləğində əsas borc, 154,01 manat məbləğində faiz borcu, cəmi 5748,94 manat borc yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin "xxxx" ASCnin direktoru Elvin Məmmədov tərəfindən imzalanaraq məhkəməyə göndərilmiş 14 fevral 2023-cü il tarixli ərizədə işə onların iştirakı olmadan baxılması və iddianın hazırlıq iclasından məhkəmə baxışı iclasına təyin olunması xahiş edilmişdir. Məhkəmənin 31 mart 2023-cü il tarixə təyin olunmuş iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin ona və Cavabdeh2 qarşı iddia tələbini qəbul edir. Qeyd edir ki, müvəqqəti olaraq işdən çıxarıldığı üçün banka olan borcunu ödəyə bilməmişdir. Hazırda işinə bərpa olumuş və banka olan borcunu vaxtı-vaxtında ödəyəcəkdir. Həmçinin cavabdeh məhkəməyə ərizə təqdim edərək 17 aprel 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında işlə əlaqədar iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh2 gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış, bunu və bankın nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 05 mart 2018-ci il tarixli, 291xx.xx.2018-002916 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 19.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq 05 mart 2018-ci ildə iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında 05 mart 2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC cavabdehlərdən kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 77,49 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5594,93 (beş min beş yüz doxsan dörd manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 154,01 (yüz əlli dörd manat bir qəpik) manat məbləğində faiz borcu, cəmi 5748,94 (beş min yeddi yüz qırx səkkiz manat doxsan dörd qəpik) borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 77,89 (yetmiş yeddi manat səksən doqquz qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar