Məhkəmə qərarları › İş №2(053)-196/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-196/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-196/2023 14.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı X4, Cavabdeh Adıgözəl oğlunun iştirakı ilə iddiaçı X4 Cavabdeh Adıgözəl oğluna qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh Adıgözəl oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən uşaqları – 05 may 2010-cu il təvəllüdlü X3 və 20 dekabr 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 220 manat, cəmi 440 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsi və Salyan 1 saylı mediasiya təşkilatına ilkin mediasiya sessiyası üçün dövlət rüsumu olaraq ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh Adıgözəl oğlu ilə olan rəsmi nikahı məhkəmə qaydasında pozulub. Nikahı pozularkən cavabdehlə birgə nikahından doğulmuş hər iki uşağı onunla qalmışlar. Sonradan cavabdehə qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və 29 iyun 2020ci il tarixli məhkəmə qətnaməsi ilə uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. 2021-ci ildə həmin aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmiş və alimentin müəyyən olunmuş məbləği 15 sentyabr 2021-ci il tarixli 2(053)-493/2021 saylı məhkəmə qətnaməsi ilə artırılaraq hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamə üzrə verilən icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmiş və hazırda həmin şöbədə icraatdadır. Təyin edilən aliment həcminin artırılması tələbi ilə qanunvericiliyə uyğun olaraq əvvəl Salyan 1 saylı mediasiya təşkilatına müraciət etmiş və müraciəti ilə əlaqədar rüsum olaraq 50 manat ödəniş etmişdir. Bu barədə 16 dekabr 2022 tarixli 10929 saylı qəbzi iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh 16 yanvar 2023-cii il tarixdə mediasiya sessiyasında iştirak etmiş, lakin onun tələbi ilə könüllü olaraq razılaşmamışdır. Bu səbəbdən Salyan 1 saylı mediasiya təşkilatı tərəfindən həmin tarixdə ona arayış verilmişdir. Uşaqlar hazırda da onun yanında yaşayır və orta məktəb şagirdləridirlər. Həmçinin bəzi fənlər üzrə fərdi qaydada məşğələlərə gedirlər. Ona görə də onların məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun məbləği də dəyişdirilmiş və 2023-cü il üçün 220 manat həddində müəyyən edilmişdir. Qeyd edir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını özü çəkir və ehtiyaclarını tam şəkildə özü qarşılayır. Böyüməkdə olan uşaqların daha çox ehtiyacının və maddi tələbatının yaranmasına baxmayaraq cavabdeh onlara ata kimi heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək onun üzərinə düşmüşdür. Bu isə tək qadın olduğundan onun üçün kifayət qədər çətinliklər yaradır. Cavabdeh rəssamlıq peşəsinə yiyələnmiş, usta kimi fərdi qaydada ev təmiri işləri ilə məşğul olmaqla kifayət qədər aylıq qazanc əldə edir. Buna baxmayaraq o, əvvəlki illərdə təyin edilmiş alimentin məbləğini könüllü olaraq artırmaq istəmir. Hazırda ərzaq və sənaye məhsullarının qiymətləri də kifayət qədər artmışdır. Bəllidir ki, bu da öz növbəsində uşaqların təminatının ödənilməsinə çətinliklər yaradır. Qeyd edilən səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh Adıgözəl oğlu iddianı qismən qəbul edərək bildirmişdir ki, müxtəlif işlərdə günəmuzd işləməklə fərdi əməklə məşğuldur. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməsi qeyri-mümkündür. Çünki, aylıq qazancı buna imkan verməyəcək. Bundan başqa iddiaçı ilə ayrıldıqdan sonra yeni ailə qurmuş və bir uşağı da vardır. Yeni ailəsinin də maddi tələbatlarının ödənilməsi onun üzərinə düşür. Qeyd edir ki, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment öhdəliyini hər ay vaxtlı-vaxtında yerinə yetirmiş və bu günədək heç bir aliment borcu yaranmamışdır. Uşaqlarına aliment ödəməsinə etirazı yoxdur, lakin iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyil. Alimentin müəyyən olunmuş miqdarının hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manatadək artırılmasına razıdır. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 05 may 2010-cu ildə X5 və 20 dekabr 2014-cü ildə X10 adlı uşaqlar doğulmuşlar. Neftçala Rayon Məhkəməsinin 2(053)-493/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh Adıgözəl oğluna qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-403/2020 nömrəli iş üzrə 29 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 05 may 2010-cu il təvəllüdlü X3 və 20 dekabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı hər ay hər bir uşağa görə 130 manat, ümumilikdə 260 manat olmaqla sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşaqların 2021-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2021-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşaqların və onların anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 493/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 05 may 2010-cu il təvəllüdlü X3 və 20 dekabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa görə 160 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğlərin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsini və s. aidiyyəti müddəalarını, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hazırkı iş üzrə iddia qiymətinin 3.840 manat, dövlət rüsumu məbləğinin isə 58,40 manat təşkil etdiyini qeyd edir. Məhkəmə işin faktik hallarını, o cümlədən iddianın qismən təmin olunduğunu nəzərə alaraq həmçinin hesab edir ki, mediasiya ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, dövlət rüsumunun qalan məbləğini təşkil edən 8,40 manat cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-493/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 05 may 2010-cu il təvəllüdlü X3 və 20 dekabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh Adıgözəl oğlundan hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh Adıgözəl oğlundan tutularaq iddiaçı X6 verilsin. Müvafiq dövlət rüsumunun qalan məbləğini təşkil edən 08 (səkkiz) manat 40 (qırx) qəpik Cavabdeh Adıgözəl oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar