Məhkəmə qərarları › İş №2(053)-200/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-200/2023

16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-200/2023 16.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Neftçala şəhərində, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, Cavabdeh himayəsində qalan 01 iyun 2006-cı il təvəllüdlü X2 və 22 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ərizəsidə göstərmişdir ki, Cavabdeh ilə 01 sentyabr 2006-cı ildə rəsmi nikaha girərək ailə qurmuş, 27 oktyabr 2016cı il tarixdə nikahları pozulmuşdur. Onların birgə nikahlarından 01 iyun 2006-cı ildə Xədicə, 22 iyun 2007-ci ildə isə Leyla adında iki uşaqları doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, eyni zamanda 80 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Cavabdehin hər bir uşağa ödədiyi 80 manat məbləğində aliment onların ehtiyaclarını ödəmir. Uşaqlar hazırlıqlara, məşğələlərə gedir. Yaşamağa evi olmadığından uşaqlarını kirayələrdə, bəzi vaxtlarda da valideynərinin yanında saxlayır. İlkin olaraq mediatora müraciət etmiş və ilkin mediasiya prosesində iştirak etmişdir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Ona görə də iddia tələbinin təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə alimentin müəyyən olunmuş məbləğinin dəyişdirilərək, Cavabdeh himayəsində qalan 01 iyun 2006-cı il təvəllüdlü X2 və 22 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehin maddi durumunu nəzərə almaqla birgə nikahlarından doğulmuş 01 iyun 2006cı il təvəllüdlü X2 və 22 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Məhkəmə baxış iclasında İddiaçı həcmi azaldılmış iddia tələbini müdafiə etmişdir. Eyni ilə iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə rəsmi nikahlarından iki uşaqları doğulmuşdur. Uşaqlar hər ikisi anasının himayəsindədir. Uşaqlarının saxlanmasından ötrü hər ay müəyyən olunmuş aliment məbləğini ödəyir. Rəsmi olara aldığı əmək haqqı 470 manatdır. Başqa qazancı yoxdur. Əlavə qazancı olsaydı alimentin artırılması ilə razılaşardı. Alimentin məbləği artırılarsa onu ödəməyə maddi imkanı olmayacaqdır. Özü əsəb xəstəliyindən əziyyət çəkir. Qeyd etdiklərinin nəzərə alınmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(053)-473/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi təmin edilərək, 30 iyun 2020-ci il tarixdən başlayaraq 01 iyun 2006-cı ildə doğulmuş X2 və 22 iyun 2007-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında, həm də 80 (səksən) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Neftçala rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X4 01 iyun 2006cı il tarixdə anadan olmuşdur. İşdə olan Neftçala rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X5 22 iyun 2007ci il tarixdə anadan olmuşdur. İşdə olan Mediasiya sessiyasında iştirak edilməməsi barədə 22 sentyabr 2022-ci il tarixli arayışın məzmunundan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 01 iyun 2006-cı il təvəllüdlü X2 və 22 iyun 2007-ci il təvəllüdlü X1 üçün hər ay İddiaçı Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında, həm də 80 (səksən) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşaqları saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi təmin edilməli, 01 iyun 2006-cı il təvəllüdlü X2 və 22 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmalarından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(053)-473/2020 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 01 iyun 2006-cı il təvəllüdlü X2 və 22 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay hər bir uşağa 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 53,60 (əlli üç manat, altmış qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar