Məhkəmə qərarları › İş №2(053)-207/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-207/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-207/2023 06.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, GK 015-05 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehlərdən birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1373,71 manat məbləğində əsas, 12,79 manat məbləğində faiz borcunun, 0,99 manat məbləğində cərimə borcunun, cəmi 1387,49 manat borcun və 33,88 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2019- cu il tarixli, GK №015-05 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə, 2221,63 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, "xxxx" ASC və Cavabdeh2 arasında 26 dekabr 2019cu il tarixli, GK №015-05 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 01 dekabr 2022-ci il tarixinə "xxxx" ASCyə 1373,71 manat əsas, 12,79 manat faiz borcu və 0,99 manat cərimə borcu olmaqla, cəmi borcu 1387,49 manat təşkil edir. Bununla əlaqədar cavabdehǝ dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdehlər gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehlərin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduqlarına baxmayaraq gəlmədiklərini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında 26 dekabr 2019-cu ildə bağlanmış GK №015-05 nömrəli güzəştli kredit (restrukturizasiya müqaviləsi) müqaviləsinə əsasən sonuncuya güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə, illik 1 faiz ödənilməsi şərtilə 2221,63 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Bununla yanaşı, "xxxx" ASC ilə Cavabdeh2 arasında 26 dekabr 2019-cu ildə zaminlik müqaviləsi bağlanaraq, o, Cavabdeh1 26 dekabr 2019-cu il tarixli GK №015-05 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə zaminliyi öz üzərinə götürmüşdür. Nümayəndənin məhkəməyə təqdim etdiyi 06 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 dekabr 2019-cu il tarixli GK №015-05 nömrəli kredit müqaviləsi üzrə banka 06 aprel 2023-cü il tarixinə 1373,71 manat məbləğində əsas borcu, 12,79 manat faiz və 0,99 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehlərə "xxxx" ASC tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilib. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC cavabdehlərdən kredit borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Ona görə də iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərdən 0,99 (doxsan doqquz) qəpik məbləğində cərimə borcu tutulmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 33,88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələbin əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2019 -cu il tarixli GK №015-05 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1373,71 (min üç yüz yetmiş üç manat, yetmiş bir qəpik) manat məbləğində əsas borc, 12,79 (on iki manat, yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu, 0,99 (doxsan doqquz) qəpik məbləğində cərimə borcu, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 33,88 (otuz üç manat, səksən səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar