Məhkəmə qərarları › İş №2(053)-208/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-208/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-208/2024 19.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, Cavabdeh himayəsində qalan 18 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 avqust 2014-ci il tarixdə Neftçala rayon VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından 18 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, Cavabdeh 18 sentyabr 2014-cü il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanıması üçün onun xeyrinə hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. O, təyin olunmuş alimentlə uşağın maddi təminatını yüksək səviyyədə ödəyə bilmir. Müəyyən olunmuş 120 manat aliment uşağın geyim, ərzaq və məktəb ləvazimatını ödəmir. Özü heç bir yerdə işləmir və heç yerdən maddi köməklik almır. Uşağın saxlanılması üçün hər ay 200 manatdan çox pul xərclənir. Azərbaycan Respublikasında “Mediasiya haqqında” Qanununa əsasən mediatora müraciət etmiş, ilkin mediasiya sesiyasından sonra prosesin davam edirilə bilməməsi barədə 18 dekabr 2023-cü il tarixli, MŞS/MT/028/2023/0708 A saylı arayış verilmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin məzmununa uyğun izahat vermişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi qismən təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 18 sentyabr 2014-cü il tarixdə anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(053)-228/2022 saylı qətnaməsindən görünür ki, X3 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair ərizəsi qismən təmin edilərək, 07 fevral 2022-ci il tarixdən başlayaraq azyaşlı-18 sentyabr 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 120 manat sabit pul məbləğində aliment Neftçala Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı nəzərə alınmaqla Cavabdeh tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. “Nikahın pozulması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı və cavabdeh arasındakı nikah ləğv edilmiş, akt qeydləri kitabında 16 avqust 2022-ci il tarixdə 75 nömrəsi ilə qeyd edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 18 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün iddiaçı X4 Cavabdeh tutulmaqla hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 18 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh iddiaçı Abdullayeva (Xəlilova) Gülnənə Nazim qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2.040 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 40,40 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(053)-228/2022 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 18 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 40,40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar