Məhkəmə qərarları › İş №2(053)-215/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-215/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-215/2023 18.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR3757135A164 nömrəli kredit müqaviləsinə əsasən 2.620,17 AZN əsas, 477,95 AZN faiz borcu olmaqla, cəmi 3.098,12 AZN məbləğində borcun; xx.xx.2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit kartına dair müqaviləyə əsasən 134,01 AZN əsas, 36,13 AZN faiz borcu olmaqla, cəmi 170,14 AZN borcun və ödənilmiş 52,80 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 14 iyun 2021-ci il tarixli, GTKR3757135A164 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə kredit verilmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında 14 iyun 2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit kartına dair müqavilə bağlanmış və bu müqaviləyə əsasən də cavabdehə kredit verilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəliklər götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh onunla bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19 yanvar 2023-cü il tarixə İddiaçı ASC-nə 14 iyun 2021-ci il tarixli, GTKR3757135A164 nömrəli kredit müqaviləsi üzrə 2.620,17 AZN əsas və 477,95 AZN faiz borcu olmaqla, cəmi 3.098,12 AZN, 14 iyun 2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit kartına dair müqavilə üzrə 134,01 AZN əsas və 36,13 AZN faiz borcu olmaqla, cəmi 170,14 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəmyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 iyun 2021-ci il tarixli, GTKR3757135A164 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 14 may 2024-cü il tarixədək illik 27 % ödəmək şərtilə 3.500 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 04 may 2024-cü il tarixədək illik 25 % ödəmək şərtilə 690 AZN məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 14 iyun 2021-ci il tarixli GTKR3757135A164 nömrəli kredit müqaviləsi üzrə Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imzalamışdır. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 14 may 2024-cü il müəyyən olunmuşdur. 14 iyun 2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit müqaviləsi üzrə isə ödənişin son tarixi 04 may 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 yanvar 2023-cü il tarixə İddiaçı ASC-nə 14 iyun 2021-ci il tarixli, GTKR3757135A164 nömrəli kredit müqaviləsi üzrə 2.620,17 AZN əsas borc və 477,95 AZN faiz borcu olmaqla, cəmi 3.098,12 AZN borcu, 14 iyun 2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit kartına dair müqavilə üzrə 134,01 AZN əsas və 36,13 AZN faiz borcu olmaqla, cəmi 170,14 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 14 iyun 2021-ci il tarixli, GTKR3757135A164 nömrəli və 14 iyun 2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit müqavilələri ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 14 iyun 2021-ci il tarixli, GTKR3757135A164 nömrəli kredit müqaviləsi üzrə 2.620,17 manat əsas borc və 477,95 manat faiz borcu olmaqla, cəmi 3.098,12 manat, 14 iyun 2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit kartına dair müqavilə üzrə 134,01 manat əsas borc və 36,13 manat faiz borcu olmaqla, cəmi 170,14 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 52,80 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14 iyun 2021-ci il tarixli, GTKR3757135A164 nömrəli kredit müqaviləsi üzrə 2.620 (iki min altı yüz iyirmi) manat 17 (on yeddi) qəpik əsas borc və 477 (dörd yüz yetmiş yeddi) manat 95 (doxsan beş) qəpik faiz borcu olmaqla, cəmi 3.098 (üç min doxsan səkkiz) manat 12 (on iki) qəpik, 14 iyun 2021-ci il tarixli, BRED3757136A164 nömrəli kredit kartına dair müqavilə üzrə 134 (yüz otuz dörd) manat 01 (bir) qəpik əsas borc və 36 (otuz altı) manat 13 (on üç) qəpik faiz borcu olmaqla, cəmi 170 (yüz yetmiş) manat 14 (on dörd) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 52 (əlli iki) manat 80 (səksən) qəpik pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar