Məhkəmə qərarları › İş №2(053)-218/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-218/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-218/2023 02.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4588,44 manat məbləğində əsas borcun, 2304,04 manat məbləğində faiz borcunun, 3367,28 manat məbləğində cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 645,12 manat faiz borcu və məhkəməyə iddia ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 122,72 manat pulun tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 70016463 No-li, 12 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehǝ şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 13000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X2 və X1 ilə Bank arasında 12 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 12 fevral 2015-ci il tarixli, 70016463 USD saylı kredit müqaviləsinə 14 fevral 2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kredor qarşısındaki 7627,03 (yeddi min altı yüz iyirmi yeddi ABŞ dolları 03 sent) ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") konvertasiya edilməklə (1 (bir) USD = 1.40 (bir manat 40 qəpik) manat bu sazişin qüvvəyə mindiyi tarixə 10677,84 (on min altı yüz yetmiş yeddi manat 84 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 17 (on yeddi) faiz ödənilir. Əlavə sazişə əsasən Cavabdeh2 və X1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********334 saylı, xx.xx.2022ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehler tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edǝrǝk mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 10904,88 (on min doqquz yüz dörd manat 88 qəpik) manat təşkil edir. Bundan 4588,44 (dörd min beş yüz səksən səkkiz manat 44 qəpik) manat əsas, 2304,04 (iki min üç yüz dörd manat 04 qəpik) manat faiz, 3367,28 (üç min üç yüz altmış yeddi manat 28 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 645,12 (altı yüz qırx beş manat 12 qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini tam müdafiə etdiyini, iş həcminin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək iddiaçı "xxxx" ASC ilə həqiqətən də qeyd edilən müqaviləni bağladığını bildirmişdir. Qeyd etmişdir ki, 2015-ci ildə ona 10.000 manat məbləğində pul lazım olmuş, o da İddiaçı ASC-dən kredit götürmək qərarına gəlmişdir. Bank ona istəmədiyi halda krediti dollarla vermişdir. O, krediti götürəndə 1 dollar 0,78 qəpik olmuş, hər ay əmək haqqı alan kimi aparıb bankın kreditini ödəmişdir. Ödəniş dövrü ərzində iki dəfə dollar qalxmış, o, yaranmış borcları yenidən ödəmişdir. Bundan sonra 1 dollar 1,55 (bir manat əlli beş qəpik) manata qalxanda bizə bankla bu məsələni müzakirə etmək üçün vaxt verilmişdir. Hazırda əsas borcdan başqa cərimə və faizlərdən imtina edirəm. Əsas borcla bağlı hissədə iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmədən bunu nəzərə almağı xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh2 gəlməmiş (nümayəndəsini göndərməmiş) və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq, gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı ASC ilə Cavabdeh1 arasında 12 fevral 2015-ci ildə bağlanmış 70016463 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla yanaşı, İddiaçı ASC ilə digər cavabdehlər X2 və X1 arasında 12 fevral 2015-ci ildə zaminlik müqaviləsi bağlanaraq, cavabdehlər X2 və X1 müvafiq kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında 14 fevral 2017-ci il tarixdə kredit müqaviləsinə 1 nömrəli əlavə saziş bağlanmış, həmin sazişə əsasən cavabdehə verilən kreditin əsas borc üzrə qalıq məbləği (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 (bir) USD = 1.40 (bir manat 40 qəpik) manat bu sazişin qüvvəyə mindiyi tarixə 10.677,84 (on min altı yüz yetmiş yeddi manat 84 qəpik) manat hesablanmış və restrukturizasiya edilmiş müqavilənin müddəti 14 fevral 2020-ci il tarixədək illik 17 faiz ödəmək şərti ilə uzadılmışdır. Əlavə sazişə əsasən Cavabdeh2 və X1 ilə zaminlik müqaviləsi bağlanmışdır. 25 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 fevral 2017-ci il tarixli, 70016463 saylı kredit müqaviləsi üzrə 18 noyabr 2022-ci il tarixə yaranmış tələb 4588,44 manat əsas, 2304,04 manat faiz, müqavilə üzrə gecikmiş borca görə hesablanmış 3367,28 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 645,12 manat təşkil edir. Cavabdehlərə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçı qarşısında öhdəliyin yerinə yetirilmədiyinə görə birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin əsas borcunun miqdarı ekspert rəyində daha artıq miqdarda müəyyən edildiyinə baxmayaraq, iddia ərizəsində tələb olunduğu məbləğdə, yəni 4588,44 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə «…kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda istinad olunan qərarında belə nəticəyə gəlmişdir ki, «Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır… Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Beləliklə, kredit müqaviləsində nəzərdə tutulan faizlərin ödənilməsi, yalnız həmin müqavilədə bilavasitə nəzərdə tutulmuş müddət üzrə tələb oluna bilər. İşin faktiki hallarından isə görünür ki, iddiaçı müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün də faizlərin ödənilməsini müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının “kredit müqaviləsi bitdikdən sonra illik 5 faizlə hesablanmış 645,12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu (əldən çıxmış fayda)”nın cavabdehlərdən tutulması hissəsi əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunun miqdarı 100 (yüz) manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 122,72 (yüz iyirmi iki manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və tələbin əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş məbləğinə yəni, cəmi 6992,48 manata uyğun olaraq 89,92 manat olmaqla cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4588,44 (dörd min beş yüz səksən səkkiz manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 2304,04 (iki min üç yüz dörd manat dörd qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə borcu, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddianın təmin olunmuş məbləğinə uyğun olaraq dövlət rüsumu kimi ödənilmiş 89,92 (səksən doqquz manat doxsan iki qəpik) manat tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətinə Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar