Məhkəmə qərarları › İş №2(053)-23/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-23/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-23/2025 31.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 4.340 manat məbləğində pul vəsaitinin və 63,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin 10 iyun 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək Cavabdeh maddi vəziyyətini nəzərə alıb ondan 1.800 manat və ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin 10 iyun 2025-ci il tarixli hazırlıq iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, 16 iyun 2024-cü il tarixdə saat 17.15-də Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonu, Xıllı qəsəbəsindən keçən hissəsində Cavabdeh mal-qaranı yolun hərəkət hissəsinə nəzarətsiz buraxmış, nəticədə bir baş inək onun idarə etdiyi «Hyundai» minik markalı 77LM571 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin onun idarə etdiyi avtomobilə maddi ziyan vurulmuşdur. ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən X1 tərəfindən verilmiş qüsur aktında «Hyundai» minik markalı 77LM571 dövlət qeydiyyat nişanlı avtomobilə 4.340 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Neftçala Rayon Polis X2 Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılmış və heyvanın sahibi Cavabdeh günahkar olduğu məlum olmuş, həmçinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 3(053)- 216/2024 nömrəli iş üzrə 05 iyul 2024-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərara əsasən Cavabdeh hadisəyə görə təqsiri sübuta yetirildiyindən və onun mülkiyyətində olan avtomobilə cavabdehin təqsiri üzündən ziyan dəyməsi müəyyən edildiyindən cavabdehdən ona dəymiş ziyanın və ödədiyi dövlət rüsumunun onun xeyrinə ödənilməsini tələb edir. İddia ərizəsində cavabdehdən 4.340 manat məbləğində pul tələb etsə də, hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq ondan 1.800 manat məbləğində pulun tutulmasını istəyir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı işin hazırkı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, lakin 10 iyun 2025-ci il tarixdə məhkəmə təqdim etdiyi ərizədə növbəti məhkəmə iclaslarında iştirak etmədiyi halda onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul edərək 16 iyun 2024-cü il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan sakinlərin 25 baş iribuynuzlu heyvanlarını örüşdən qaytardığı zaman «Hyundai» minik markalı 77LM571 dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus 1 baş inəyi vurmuş və nəticədə inək yaralanaraq ölmüşdür. Hadisənin baş verdiyi, yəni Neftçala-Saylan avtomobil yolunun asfalt hissəsindən hər zaman istifadə edərək heyvanları qarşı tərəfə aparmışdır. Lakin hadisə baş verdiyi gün 25 baş heyvanı örüşdən qaytararkən 1 baş inək qarşıda nəzarətsiz qalmış və avtomobil yoluna çıxmışdır. Bunun nəticəsində də yol-nəqliyyat hadisəsi baş vermiş və «Hyundai» minik markalı 77LM571 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçının ondan tələb etdiyi 1.800 manat məbləğində pulu ödəməyə razıdır və bununla bağlı iddiaçı ilə aralarında razılıq əldə olunub. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Neftçala Rayon Polis X2 Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Neftçala Rayon Məhkəməsinin 3(053)-216/2024 nömrəli iş üzrə 05 iyul 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən X1 tərəfindən verilmiş qüsur aktından görünür ki, «Hyundai Elantra» markalı 77LM571 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar hesablanmış zərərin ümumi məbləği 4.340 manat təşkil edir. Məhkəmənin 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: «16 iyun 2024-cü il tarixində, saat 17:15 radələrində Neftçala rayonu ərazisində, İddiaçı "Hyundai Elantra" minik markalı, 2014-cü il buraxılışı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun hərəkət istiqamətinə nəzarətsiz buraxılmış bir baş inəyin yuxarıda qeyd edilən avtomobilin qarşısına çıxması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "Hyundai Elantra" minik markalı, 2014-cü il buraxılışı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə hansı məbləğdə zərər dəymişdir?». Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 06 dekabr 2024-cü ildə verilmiş 9/7932 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «AVTO TƏMİR» VÖEN ********** tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən 2014-cü il buraxılışlı, qara metallik rəngli, «Hyundai Elantra» minik markalı **-LM-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği nəzəri hesablama yolu ilə təxminən 1565,00 manat müəyyən edilir. Digər ehtiyat hissələrinin satışı və qiyməti barədə yerli internet saytlarında məlumat olmadığından dəymiş ziyanı müəyyən etmək mümkün olmadı». İddiaçı 27 yanvar 2025-ci il tarixli hazırlıq iclasında ekspert rəyi ilə razı olmadığını bildirərək təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmənin 27 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: «1. 16 iyun 2024-cü il tarixində, saat 17:15 radələrində Neftçala rayonu ərazisində İddiaçı “Hyundai Elantra” minik markalı, 2014-cü il buraxılışı, 77- LM-571 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun hərəkət istiqamətinə nəzarətsiz buraxılmış bir baş inəyin yuxarıda qeyd edilən avtomobilin qarşısına çıxması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Elantra” minik markalı, 2014-cü il buraxılışı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa (dəmirçi, rəngsaz) işlərinin qiyməti (usta pulu) hansı məbləğdədir?; 2. xx.xx.2024-cü il tarixli, 9/7932 nömrəli ekspertiza rəyində olan “Dəyişməli hissələrin adı” olan hissənin 8-ci, 10-cu, 11-ci, 12-ci, 13-cü, 15-ci və 16-cı bəndlərində qiymətləri 0 (sıfır) olaraq qeyd edilmiş materialların qiymətləri hansı məbləğdədir?». Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 06 may 2025-ci ildə verilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda aşağıdakılar qeyd olunur: «2(053)- 23/2025 saylı mülki iş üzrə tərəfinizdən xx.xx.2025-ci il tarixdə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Mülki iş materiallarına əlavə edilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə məlumat olmadığından icrasız geri qaytarılır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır». Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və s. aidiyyəti müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfin tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən «Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir». Qeyd olunur ki, hazırkı iş üzrə bütün məhkəmə iclaslarının fasiləsiz audio-video yazısı aparılıb. Cavabdeh 10 iyun 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında, eləcə də 31 iyul 2025-ci il tarixli işin məhkəmə baxışında iddianı qəbul etdiyini və iddiaçının tələb etdiyi məbləğdə pulu ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən “1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı əmlakına cavabdeh tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Maddi zərərin məbləği ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə tərəflər arasında razılıq əldə olunduğunu nəzərə alır və hesab edir ki, dəymiş maddi zərərin ümumi həcminin 1.800 manat məbləğində olduğu müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 63,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.800 (min səkkiz yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 63 (altmış üç) manat 40 (qırx) qəpik tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar