Məhkəmə qərarları › İş №2(053)-238/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-238/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-238/2023 05.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi, Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 25,000 (iyirmi beş min) manat pul vəsaitinin, həmçinin 165 (yüz altmış beş) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh 05 may 2014-cü il tarixdə ondan 25,000 manat məbləğində pulu borc olaraq aldığını bildirmişdir. Cavabdeh həmin borcu qısa müddət ərzində qaytaracağına söz vermiş, lakin borcu qaytarmamışdır. 27 mart 2017-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda cavabdehlə aralarında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış və bu müqavilə ilə cavabdeh borcu bir il müddətinə, yəni 27 mart 2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh qeyd edilən tarixədək borcunu qaytarmamışdır. Bu səbəbdən 27 mart 2017-ci il tarixli «mövcud borcun etirafı haqqında mücərrəd müqavilə»yə dəyişikliklər edilməsi barədə 27 mart 2018-ci il tarixli, 26 mart 2018-ci il tarixli və 28 avqust 2018-ci il tarixli sazişlər imzalanmış və bu sazişlər Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Sonuncu sazişə əsasən cavabdeh ona olan borcunu 27 dekabr 2018-ci il tarixədək tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh yenə də borclu olduğu məbləğdə pulu ona qaytarmamışdır. Ona borcun qaytarılması ilə bağlı etdiyi şifahi müraciətlərin də müsbət nəticəsi olmamışdır. Ona görə də məsələ ilə bağlı Bakı şəhəri 38 saylı notariat ofisinə müraciət etmişdir. Cavabdeh notariat ofisinə dəvət edilmiş, lakin R. Məmmədov gəlməmişdir. Nəticədə Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 11 yanvar 2020-ci il tarixli icra qeydi verilmiş və həmin icra qeydi icra olunmasından ötrü aidiyyəti üzrə Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra mərhələsində də icra qeydi əsasında qanunvericiliyə uyğun tədbirlər görülməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də 10 yanvar 2023-cü il tarixdə ərizə ilə Neftçala rayon İcra və probasiya şöbəsinə müraciət edərək icra qeydinin geri qaytarımasını xahiş etmiş və müraciəti əsas götürülərək həmin şöbənin böyük icra məmuru Ramin Aslanov tərəfindən «icra sənədinin tələbkara qaytarılması barədə» 13 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, cavabdeh ötən dövr ərzində, müxtəlif tarixlərdə omaqla ona olan borcundan cəmi 2,500 manat ödəyib. Beləliklə, hazırda cavabdehin ona olan pul borcu 22,500 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiasının 22,500 manatlıq hissədə, həmçinin ödənilmiş dövlət rüsümünun cavabdehdən onun xeyrinə tutulması hissəsində təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi, vəkil X1 da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, İddiaçı bildirdiklərinə uyğun məzmunlu izahat vermiş, həmçinin məhkəməyə «iddia tələbinin dəqiqləşdirilməsinə dair» ərizə təqdim edərək iddia ərizəsi üzrə tələb olunan ümumi məbləğin 2,500 manat hissəsinin cavabdeh tərəfindən qaytarıldığını və bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yarandığını bildirib cavabdehdən iddiaçının xeyrinə 22,500 manat pul vəsaitinin, həmçinin 165 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ilə 2013-cü ildən münasibətləri yaranmış və dostlaşmışlar. Yaxın münasibətləri olduğu üçün ondan müəyyən şərtlərlə əvvəlcə 2,000, sonra 3,000, daha sonra isə hər dəfə 10,000 manat olmaqla 2 dəfəyə, 20,000 manat, ümumilikdə isə 25,000 məbləğində borc almışdır. Lakin sonradan bir müddət maddi çətinlikləri yaranmış və iddiaçıya olan borcunu qaytara bilməmişdir. Nəhayət həmin borc məbləğindən 2014-cü ildə atası tərəfindən iddiaçının atasına bir dəfə 4,000 manat, 2015-ci ildə isə yenə də atası tərəfindən Salyan şəhərində iddiaçının anasına 4,500 manat qaytarılmışdır. Həmin pullar iddiaçıya olan əsas borcdan çıxılması məqsədilə verilmişdir. Sonrakı dövrlərdə də bir dəfə 2,000 manat, növbəti dəfə isə 500 manat olmaqla cəmi 2,500 manat da iddiaçıya özü qaytarıbdır. Beləliklə iddiaçıya olan 25,000 manat ümumi borcundan 11,000 manatını qaytarmış, cəmi 14,000 manat məbləğində borcu qalmışdır. Buna baxmayaraq iddiaçı ondan tez bir zamanda borcu qaytarmağı, əks təqdirdə notariat qaydasında borcun etirafı ilə bağlı müqavilə bağlamağı tələb etmişdir. Həmin vaxt borcu ödəmək imkanı olmadığından çarəsiz qalıb iddiaçı ilə notariat qaydasında müqavilə bağlanmasına razılıq vermişdir. Nəticədə 27 mart 2017-ci ildə Bakı şəhəri 38 saylı notariat kontorunda iddiaçı ilə aralarında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqavilə ilə iddiaçıya 25,000 manat məbləğində borclu olduğunu etiraf etməklə, həmin borcu 27 mart 2018-ci il tarixinədək tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən tarixədək də borcunu tam ödəyə bilməmişdir. Bundan sonra iddiaçı ilə aralarında 27 mart 2017-ci il tarixli «mövcud borcun etirafı haqqında mücərrəd müqavilə»yə dəyişikliklər edilməsi barədə 3 saziş imzalanmış və həmin sazişlərdə borcun ödənilmə tarixi göstərilməklə üzərinə öhdəlik götürmüşdür. Sazişlərdə nəzərdə tutulan müddətlərdə də borcu ödəmək imkanı olmamışdır. Bundan sonra iddiaçı Bakı şəhəri 38 saylı notariat ofisinə müraciət edərək borcla bağlı 11 yanvar 2020-ci il tarixli icra qeydinin verilməsinə nail olmuş və həmin icra qeydi icra olunması üçün Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hesab edir ki, iddiaçıdan aldığı ümumi borcun 25,000 manat olması, həmin borcdan müxtəlif vaxtlarda ümumilikdə 11,000 manat qaytarması və nəticədə cəmi 14,000 manat iddiaçıya borclu qalması nəzərə alınmalıdır. Qeyd edir ki, iddiaçı ilə aralarında sonradan Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış 27 mart 2017-ci il tarixli «mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin 14,000 manat hissədə təmin olunmasını, qalan hisələrdə isə rədd olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi, Vəkil2 işin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edilməli olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək hazırkı iş üzrə iddia müddətinin keçməsinə əsasən iddianı təmin etmədən rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 27 mart 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh - (Borc alan), İddiaçı – «Borc verən» olmaqla tərəflər arasında Bakı şəhəri 38 saylı notraiat kontorunda mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqavilənin 2-ci və 3-cü bənlərində göstərilmişdir: ««Borc alan» tərəf «Borc verən» tərəfə 25000.00 manat (iyirmi beş min manat sıfır qəpik) borcunun olduğunu etiraf edir», «Borc alan» tərəf «Borc verən» tərəfə olan borcunu 27 mart 2018-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür» . İş materiallarına əlavə edilmiş 27 mart 2018-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 27 mart 2017-ci il tarixində Bakı şəhəri 38 saylı notariat kontorunda 3M/220 reyestrdə rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 3-cü bəndində dəyişiklik edilməsi barədə müqavilə imzalanmışdır. Həmin sazişlə nəzərdə tutulan dəyişikliyə əsasən «Borc alan» tərəf «Borc verən» tərəfə olan borcunu 27 aprel 2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən saziş Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 27 mart 2018-ci ildə təsdiqlənib. İş materiallarına əlavə edilmiş 26 aprel 2018-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 27 mart 2017-ci il tarixində Bakı şəhəri 38 saylı notariat kontorunda 3M/220 reyestrdə rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə və həmin müqaviləyə 27 mart 2018-ci il tarixdə edilmiş sazişin 3-cü bəndinə dəyişiklik edilməsi barədə müqavilə imzalanmışdır. Həmin sazişlə nəzərdə tutulan dəyişikliyə əsasən «Borc alan» tərəf «Borc verən» tərəfə olan borcunu 27 avqust 2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən saziş Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 26 aprel 2018-ci ildə təsdiqlənib. İş materiallarına əlavə edilmiş 28 avqust 2018-ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 27 mart 2017-ci il tarixində Bakı şəhəri 38 saylı notariat kontorunda 3M/220 reyestrdə rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə, həmin müqaviləyə 27 mart 2018-ci il tarixdə edilmiş sazişə və 27 aprel 2018ci ildə edilmiş sazişin 3-cü bəndinə dəyişiklik edilməsi barədə müqavilə imzalanmışdır. Həmin sazişlə nəzərdə tutulan dəyişikliyə əsasən «Borc alan» tərəf «Borc verən» tərəfə olan borcunu 27 dekabr 2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Saziş Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 28 avqust 2018-ci ildə təsdiqlənib. İş materiallarına əlavə edilmiş icra qeydindən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 27 mart 2017-ci il tarixli, 3M/220 reyestrli və 28 avqust 2018-ci il tarixli, 3M/1033 reyestrli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 2ında qeydiyyatda olan Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 25,000 manatın tutulması barədə 11 yanvar 2020-ci il tarixli icra qeydi verilmişdir. İş materiallarına əlavə edilmiş «icra sənədinin tələbkara qaytarılması barədə» qərardan görünür ki, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Ramin Aslanov tərəfindən tələbkarın ərizəsi əsas götürülərək Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-122 saylı, 11 yanvar 2020-ci il tarixli icra qeydinin icra edilmədən tələbkara qaytarılması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, 16 dekabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı adına "xxxx" MMC vasitəsilə 500 manat məbləğində nağd pul vəsaiti köçürülmüşdür. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 27 mart 2017-ci ildə Bakı şəhəri, 38 saylı notariat kontorunda 25,000 manat məbləğində mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış və bu müqavilə ilə cavabdeh borcun 27 mart 2018-ci il tarixədək tam ödənilməsini barədə öhdəlik götürmüş, lakin həmin borc müqavilədə göstərilən tarixədək qaytarılmamış, 27 mart 2017-ci il tarixli «mövcud borcun etirafı haqqında mücərrəd müqavilə»yə dəyişikliklər edilməklə 27 mart 2018-ci il tarixli, 26 mart 2018-ci il tarixli və 28 avqust 2018-ci il tarixli sazişlər imzalanmışdır. Sonuncu sazişə əsasən cavabdeh ona olan borcunu 27 dekabr 2018-ci il tarixədək tam ödəyəcəyini öhdəsinə götürsə də öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun qaytarılması ilə bağlı edilmiş şifahi müraciətlər nəticəsiz qalmışdır. Bundan sonra iddiaçı məsələ ilə bağlı Bakı şəhəri 38 saylı notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 11 yanvar 2020-ci il tarixli icra qeydi verilmiş və həmin icra qeydi icra olunmasından ötrü aidiyyəti üzrə Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra mərhələsində də icra qeydi əsasında qanunvericiliyə uyğun tədbirlər görülməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmiş, ona görə də iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin bildirdikləri ilə cavabdehin ötən dövrdə müvafiq borcundan iddiaçıya 2.500 manat ödədiyi müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 882.1-ci maddəsinə əsasən «Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir». Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən «Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz». Eyni Məcəllənin 882.5-ci maddəsinə əsasən «Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin iddiaçıya 25,000 manat məbləğində pul ödəməli olduğuna dair tərəflər arasında müqavilə bağlanmış, cavabdeh həmin miqdardan iddiaçıya cəmi 2,500 manat ödəmişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 22.500 manat təşkil edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 22.500 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 22,500 manat miqdarında pul tutulmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 165 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 165 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22,500 (iyirmi iki min beş yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar