Məhkəmə qərarları › İş №2(053)-24/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-24/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-24/2024 30.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbi"nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 51 manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ağcabədi şəhərində yaşayır. O, tanıdığı və əvvəllər münasibətdə olduğu Cavabdeh ehtiyacı olduğu üçün borc qəbzinə əsasən qaytarmaq şərtilə xx.xx.2022-ci il tarixli qəbzlə 3000 manat borc pul vermişdir. Hazırda cavabdeh pulunu qaytarmaq istəmir. Beləliklə cavabdehin ona 3000 manat məbləğində borcu yaranmışdır. O, cavabdehdən bir neçə dəfə borcunu ödəməsini tələb etsə də o, yalan vədlər verir və onu aldadır. Göstərilənlərə əsasən borcun və dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərk işə şəkər və hepatit xəstəsi olduğunu, uzaq yola çıxa bilmədiyini, təyin olunmuş iclasa gələ bilməyəcəyini, işə iştirakı olmadan baxılıb, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin olaraq izahatında onun keçmiş iş yoldaşı ilə iddiaçı arasında münasibətləri olduğunu, onun və iş yoldaşının pula ehtiyacı olduğundan o, İddiaçı 300 manat faizlə pul aldığını, həmin pul məbləğindən 100 manat özü götürdüyünü, 200 manatını isə iş yoldaşına verdiyini, hər ay əmək haqqından 10 manat, hərbçi yoldaşının isə ayrılıqda İddiaçı 30 manat ödəniş etdiyini, pul məbləğini alan zaman İddiaçı ona qəbz yazdıraraq, qəbzdə iddiaçıdan 300 manat aldığı halda ona 3000 manat alması barədə qeyd yazdırdığını, onun faizlə kimə borca pul verirsə qəbzə 10 dəfə artıq məbləğ göstərərək imzalatdırdığını, o, tələb edilən formada qəbzi yazsa da qəbzdə göstərilən məbləğ həddən artıq çox olduğundan imza etmədiyini həmçinin qəbzdə əks olunmuş imzanın onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyini bildirsə də, hazırda ekspert rəyi ilə razı olduğunu, iddiaçıya olan borcunu ödəməkdən imtina etmədiyini, ona vaxt verilərsə iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəyini, hazırda ailə vəziyyətinin çətin olduğunu bildirərək iddiaçıya olan borcunu ödəməyə söz verir. İddia tələbini etiraf edir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdə qeyd edilmişdir: “X2 oglu Neftçala Rayon Sakini Tanıdıqım Aqcabədı Rayon sakıni İbrohınor rəsad mehdi oqlundanborca 3 min (üç min manat) oldım İstədiyi vaxt qaytorocagım Soz verirəm. Qəbzin doqruluqunu imzamlo Təsdiq edirəm”. Neftçala Rayon Məhkəməsinin 2(053)-800/2023 nömrəli iş üzrə 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə Məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 4/1968 saylı Ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Ekspertizaya təqdim olunmuş, 05 avqust 2022-ci il tarixli qəbzdəki “Cəfərov X1 rayon sakini tanıdığım Ağcabədi Rayon sakini İddiaçı borca 3 min (üc min manat) aldım İstədiyi vaxt qaytaracığım soz verirəm. Qəbizin doğruluğunu imzamla təstiq edirəm. Cavabdeh” yazıları və “Cavabdeh” yazıları qarşısındakı imza - eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 740-cı maddəsinə əsasən, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Yuxarıda qeyd olunan hüquq normalarına əsasən, məhkəmə belə hesab edir ki, iddiaçı onun tərəfindən verilmiş pulun cavabdehdən tutulması tələbində haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri isə 105 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iş üzrə ekspertiza tədqiqatı iddiaçının cavabdehə verdiyi pul vəsaitini ondan tələb etməsi ilə əlaqədar təyin olunmuşdur. İddianın təmin olunduğunu və cavabdehin etirafını nəzərə alaraq, məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın dəyəri cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh 3.000 (üç min) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 51 (əlli bir) manat alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 105 (yüz beş) manat Cavabdeh tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar