Məhkəmə qərarları › İş №2(053)-242/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-242/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-242/2024 01.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək azyaşlı uşağı – 08 sentyabr 2014-cü il təvəllüdlü X2 üçün Neftçala Rayon Məhkəməsinin 2(053)-997/2017 nömrəli iş üzrə 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 08 sentyabr 2014-cü ildə dövlət qeydiyyatlı nikaha girərək ailə qurmuşlar. Birgə nikahlarından 13 may 2017-ci ildə X5 anadan olmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikahları pozulmuş, 07 aprel 2022-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Cavabdeh sabit pul məbləğində aliment tələbinə dair Neftçala Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsi 27 iyul 2017-ci ildə işə baxaraq iddianı qismən təmin etmiş, Cavabdeh 13 may 2017-ci ildə doğulmuş Ebrar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi baradə qətnamə çıxarmışdır. Təyin olunmuş alimentlə uşağın maddi təminatını yüksək səviyyədə ödəyə bilmir. Özü heç bir yerdə işləmir və başqa yerdən də maddi köməklik almır. Uşağın saxlanılması üçün hər ay 200 manatdan çox pul xərclənilir. Cavabdeh Bakı şəhərində bazarların birində balıq alveri ilə məşğuldur. Onun uşağa maddi köməklik göstərməyə imkan vardır. Qanunvericiliyə əsasən uşaqdan ayrı yaşayan valideyn uşağa maddi yardım göstərməyə borcludur. Mediatora müraciət etmişdir. İlkin mediasiya sesiyasından onlara prosesin davam etdirilə bilməməsi barədə 27 dekabr 2023-cü il tarixli arayış vermişdir. Ölkədə 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumun həddi 235 manat müəyyən edilmişdir. Hesab edir ki, qanunvericiliklə uşqların ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan az olmayan maddi təminat almaq hüququ olduğu üçün və qət edilən sabit pul məbləğində aliment uşağın normal yaşaması, inkişafı və qidalanması az olduğu üçün alimentin məbləği məhkəmə tərəfindən dəyişdirilərək uşağın mənafelərinə uyğun olmalı və ölkə üzrə müəyyən edilmiş minimumdan az olmayan miqdarda müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Həmçinin İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək iddia ərizəsinin xahiş edirəm hissəsində yanlışlıqla azyaşlı uşağın təvəllüdünün 08 sentyabr 2014cü il yazıldığını, faktiki olaraq isə 13 may 2017-ci il olduğunun nəzərə alınmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək azyaşlı uşağı X1 üçün hər ay 150 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Belə ki, hazırda başqa qadınla ailə qurmuş və onunla olan faktiki nikahından da iki övladı vardır. İddiaçının tələb etdiyi alimenti ödəyərsə, bir ay ərzində həm özünü, həm ailə qurduğu şəxsi, habelə 2 uşağını təmin etməsi mümkün olmayacaq. Qeyd etdiklərini nəzərə alaraq 13 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin müəyyən olunmuş miqdarının sabit olaraq 150 manatadək artırılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 13 may 2017-ci ildə X5 adlı uşaq anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(53)-997/2017 nömrəli iş üzrə 27 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 13 may 2017-ci ildə doğulmuş Ebrar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb X4 verilməsi qət edilmişdir. “Nikahın pozulması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflər arsındakı nikah Neftçala Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 06 aprel 2021-ci ildə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Məhkəmə eyni zamanda 13 may 2017-ci il təvəllüdlü X3 2017-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2017-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(53)-997/2017 nömrəli iş üzrə 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 13 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 180 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(53)-997/2017 nömrəli iş üzrə 27 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən 13 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 13 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar