Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-248/2023 11.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından doğulmuş uşağı - 24 oktyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Neftçala Rayon Məhkəməsi tərəfindən hər ay 80 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq 200 manat miqdarında müəyyən edilməsi, 2022-ci ilin sentyabr ayından ödənilməyən ümumilikdə 400 manat aliment borcunun, habelə ilkin mediasiya sessiyasına müraciət üçün və Neftçala Rayon Məhkəməsinə iddia ilə müraciət edərkən ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-692/2017 nömrəli 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanılmış nikah pozulmuş və birgə nikahdan doğulmuş 01 avqust 2004-cü il təvəllüdlü Minurə və 24 oktyabr 2006-cı il təvəllüdlü Minayə adlı uşaqlarının saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. 2020-ci ilin oktyabr ayında alimentin müəyyən olunmuş məbləğinin artırılması tələbinə dair iddia ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay, hər bir uşaq üçün 80 manat, ümumilikdə isə 160 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlə birgə nikahından doğulmuş 01 avqust 2004-cü il təvəllüdlü X5 18 yaşına çatdığı tarixdən cavabdeh alimentin məbləğini azaldaraq yalnız bir uşaq üçün hər ay 80 manat ödəməyə başlamışdır. Alimentin məbləğinin könüllü şəkildə artırılması təklifi ilə mediator vasitəsi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh əlilliyə görə pensiya alır, xırda ticarətlə məşğul olur və anasına məxsus evdə yaşayır. O, özü isə 2017-ci ildə nikahlarının pozulduğu vaxtdan bu günədək kirayələrdə yaşayır. Cavabdehin aliment məbləğini ödəməsindən başqa uşaqlarına hər hansı maddi köməyi olmamışdır. 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən hal-hazırda ödənilən 80 manat məbləğindəki alimentin miqdarı bu qanuna əsasən bir uşaq üçün yaşayış minimumunu ödəmədiyi kimi, uşağın təminat səviyyəsinin normal saxlanılmasına da imkan vermir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak etməməsinin üzrlü hesab edilməsini və iştirakı olmadan məhkəmə baxışının yekunlaşdırılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək «İV dərəcəli diffuz entireoid ura görə strumoektomiyadan sonrakı vəziyyət. Hiportireoz ağır forma» diaqnozu ilə xəstə olduğunu və «Neftçala RMX» PHŞ-da həkim-endokrinoloqun dispanser qeydiyyatında olduğunu bildirmişdir. Qeyd edir ki, xəstəliyi əsasında ona ömürlük olaraq İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Müvafiq məhkəmə qətnaməsi əsasında 2022-ci ilin avqust ayınadək iddiaçı ilə birgə nikahından doğulmuş iki uşağına görə iddiaçıya hər ay 160 manat məbləğində aliment ödəmişdir. 01 avqust 2022-ci ildə Minurə adlı uşağı yetkinlik yaşına çatdığı üçün alimenti bir uşağa görə ödəməyə başlamışdır. Bildirir ki, hətta bir uşağa görə ödəməli olduğu 80 manat məbləğində alimenti də çox çətinliklə ödəyir. Çünki, xəstəliyi ilə əlaqədar mütəmadi olaraq aldığı müalicələr xeyli xərc tələb edir. Müalicə almayacağı təqdirdə isə səhhəti təhlükə altına düşəcəkdir. İİ qrup əlil kimi aldığı 327 manat pensiya məbləği isə aylıq maddi tələbatlarının təmin edilməsinə kifayət etmir. Digər tərəfdən xəstə olan anası da onun himayəsində yaşayır. Anası yenicə əməliyyat olunmuşdur. Heç bir yerdə işləmir, yalnız anası ilə birlikdə aldıqları pensiya məbləğləri ilə dolanırlar. Alimentin müəyyən olunmuş məbləğinin iddiaçının tələb etdiyi miqdarda artırılması gələcəkdə onun üçün icrası mümkün olmayan bir öhdəliyə çevriləcəkdir. İndiki halda iddiaçıya aylıq maksimum 140 manat məbləğində aliment ödəməyə imkanı çatacaqdır. İddiaçının alimentin artırılması tələbindən qeyri tələblərini isə tamamilə əsassız hesab edir. Maddi durumunu, davamlı olaraq müalicəyə ehtiyacının olmasını və sair halları nəzərə alıb alimentin müəyyən olunmuş məbləğinin sabit olaraq 140 manatadək artırılmasını, iddia tələbinin qalan hissələrdə isə rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 24 oktyabr 2006-cı ildə X6 adlı uşaq doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-712/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Neftçala Rayon Məhkəməsinin 2(053)-692/2017 nömrəli iş üzrə 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 01 avqust 2004-cü il təvəllüdlü X3 və 27 oktyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 80 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X11 tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 471 nömrəli arayışdan görünür ki, Cavabdeh «İV dərəcəli diffuz entireoid ura görə strumoektomiyadan sonrakı vəziyyət. Hiportireoz ağır forma» diaqnozu ilə İİ qrup əlildir və «Neftçala RMX» PHŞ-da həkim-endokrinoloqun dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində DSMF X10 2 saylı X1 Neftçala rayon qəbul şöbəsi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin tabeliyində Fondun 2 saylı X1 Neftçala qəbul şöbəsindən ömürlük 2-ci dərəcəli ümumi səbəbdən əlilliyə görə 327,21 manat məbləğində əmək pensiyası alır. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». İşin faktik hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş 01 avqust 2004-cü il təvəllüdlü X3 01 avqust 2022-ci il tarixində 18 yaşı tamam olmuş, yəni o, yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən «uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə» məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Beləliklə, cavabdeh uşağı X4 görə hazırda aliment ödəməli deyil. Məhkəmə 27 oktyabr 2006-cı il təvəllüdlü X2 2017-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2017-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)-712/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının 27 oktyabr 2006-cı il təvəllüdlü X2 qızına aid hissədə artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 27 oktyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Digər iddia tələbinə, yəni 2022-ci ilin sentyabrından ödənilməyən ümumilikdə 400 manat miqdarında alimentin cavabdehdən tutulması məsələsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin tələb əvvəlki qətnamənin icrası çərçivəsində həll edilməli olduğundan, hazırkı qətnamə ilə təmin edilə bilməz. Ona görə də iddia müvafiq hissədə rədd olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Buna baxmayaraq iddiaçı ümumilikdə 100 manat miqdarında dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinin mənasına görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı qətnaməyə əsasən tutulmalı olan aliment miqdarı 1.680 manat təşkil edir. Qeyd olunanları və qüvvədə olan qanunvericiliyin digər aidiyyəti müddəalarını nəzərə aldıqda görünür ki, hazırkı iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı 36,80 manat təşkil edir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, 36,80 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-712/2017 nömrəli iş üzrə 29 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 27 oktyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın, 27 oktyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi Cavabdeh 36 (otuz altı) manat (səksən) qəpik tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-248/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-248/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver