Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-253/2024 18.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş 5.100 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək İddiaçı atası olduğunu bildirmişdir. Cavabdeh övladı İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yerləşən «Simit house» adlı kafedə ofisiant işləmişdir. 14 oktyabr 2021-ci il tarixdə kafenin gündəlik yığılmış zibillərini kənarlaşdırarkən Xəyal torbada gətirdikləri zibilləri qutuya atmaq istəməmiş, Fədai isə gətirdiyi zibil torbalarını qutuya atdıqdan sonra Xəyal özünün gətirdiyi zibilləri qutuya atmağı Fədaidən tələb etmişdir. Bu vaxt onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Xəyal qəflətən Fədainin sifət nahiyəsindən yumruqla vurmuş, daha sonra təpik və yumruqla bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Səsküyə gələn işçilər Fədaiyə kömək olmuşlar. Hadisə barədə polisə məlumat verilmiş, onlar polis idarəsinə dəvət olunmuşlar və Cavabdeh barəsində cinayət işi başlanmışdır. Azərbaycan İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə X7 Mərkəzi Publik hüquqi şəxsinin 15 oktyabr 2021-ci il tarixli 811 nömrəli məktubunda və KT müayinəsində İddiaçı sağ burun sümüyündə yerdəyişmiş sınıq aşkar olunduğu göstərilmişdir. Həmçinin cinayət işinin materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin 19 oktyabr 2021-ci il tarixli rəyi əlavə edilmişdir. Həmin rəydə İddiaçı aldığı xəsarətlərin burun sümüyünün sağ tərəfli yerdəyişməyən xətti sınığı və baş-beyin silkələnməsi ilə müşayiət olunmuş burun və sağ göz ətrafının qançırının küt əşya təsirindən törənməsindən ibarət xəsarətlər olduğu göstərilmişdir. Həmin vaxtdan sonra oğlu Fədai 5 ay işsiz qalmış və baş-beyin silkələnməsinə görə ev şəraitində müalicə almışdır. Həmin dövrdə Fədainin müalicəsi üçün qohumlarından 2.800 manat məbləğində borc almışlar. Həmin borcu bu vaxtadək qaytara bilməmişlər. Fədainin aldığı xəsarətlər səbəbindən nəfəs almasında bu günədək cətinlikləri olduğu üçün cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Bu əməliyyatın xərci isə 2.300 manat civarındadır. Qeyd edir ki, iddiaçının barəsində olan cinayət işinə baxan Yasamal Rayon Məhkəməsi Fədaiyə aldığı xəsarətlər səbəbindən heç bir təzminatın verilməsini təmin etməmiş, 17 noyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində «08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarını tətbiq edərək sonuncunu cinayət məsuliyyətindən azad edib iş üzrə icraata xitam vermişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərildiyinə baxmayaraq, o, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 432/2021 nömrəli cinayət işi üzrə 17 noyabr 2021-ci il tarixli qərarının nəticəvi hissəsində göstərilmişdir: «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin…». Yuxarıda qeyd olunan məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsində iş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin 19 oktyabr 2021-ci il tarixli rəyinin əlavə edildiyi, həmçinin rəydə İddiaçı almış olduğu xəsarətlərin – burun sümüyünün sağ tərəfli yerdəyişməyən xətti sınığı və baş-beyin silkələnməsi ilə müşayiət olunmuş burun və sağ göz ətrafının qançırının küt əşya (alət) təsirindən törənmiş olduğu, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 14 oktyabr 2021-ci il tarixdə törənməsinin mümkün olduğu, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid olduğu qeyd edilmişdir. İş materiallarına Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə X7 Mərkəzi Publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış 15 oktyabr 2021-ci il tarixli 811 nömrəli məktubun surəti əlavə edilmişdir. Həmin məktubda qeyd edilir: «Sizin ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində X6 müraciət etmişdir. Xəstə travmanı xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində Elmlər Akademiyası metrosu yanında döyülmə nəticəsində almışdır. Xəstə baş ağrıları, baş gicəllənmə, ürəkbulanma, qulaqlarda olan küydən şikayət edir. Nev. St-da huşu aydın, göz bəbəkləri dar D=S, işığa reaksiyası canlı, göz almaları hərəkəti ağrılı, retroqral amneziya, Romberq vəziyyətində qeyri-stabillik barmaqlarda tremor, periferik vətər refleksləri yüksəlib D=S. Xəstəyə kəllənin KT müayinəsi olunub. KT müayinəsində sağ tərəfli burun sümüyü yerdəyişmiş sınığı müəyyən olunur. Xəstəyə klinikada qalmaq təklif olundu, lakin xəstə imtina etdi. Diaqnoz: Qapalı KBT-sı, baş beyin silkələnməsi, sağ tərəfli burun sümüyünün yerdəyişmiş sınığı, sağ göz orbitası toxumaların əzik və qançırları». İddiaçının nümayəndəsinin bildirdikləri ilə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən ona yetirilmiş xəsarətlər nəticəsində müalicə alması ilə əlaqədar 2.800 manat vəsait sərf olunmuş, həmçinin tibbi müayinəyə əsasən aldığı xəsarətlər nəticəsində tənəffüs orqanlarında – sağ tərəfli burun sümüyü yerdəyişmiş sınığı yaranmış və bu səbəbdən onun 2.300 manat civarında xərc tələb edən cərrahi əməliyyat olunması zəruridir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən «Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir». Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.100 (beş min yüz) manat məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-253/2024
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-253/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver