Məhkəmə qərarları › İş №2(053)-27/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-27/2023

26.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-27/2023 26.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «500 manat dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş 500 manat miqdarında ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdehdən 2022-ci ilin sonlarında razılaşma yolu ilə iribuynuzlu erkək, qara rəngli, kuban (zebo) qulaqlı heyvan almış, bunun müqabilində ona 500 manat pul ödəmişdir. Cavabdehdən heyvanı alarkən ətraf axsaqlıqları və sidiyə çıxmaması halı müşahidə edilirdi. O, cavabdehdən bunun səbəbini soruşmuş, cavabdeh isə heyvanın tam sağlam olduğunu bildirərək, “heyvan ölərsə mənlikdir, şəkilini çək göndər, pulunu qaytararam” demişdir. Beləliklə, cavabdehə inanıb, heyvanı ondan almış, lakin evə çatdıqda heyvanın nasaz olub-olmadığını bir daha yoxlamaq üçün baytar çağırmışdır. Baytar gələrək müalicə tədbirləri görmüş, buna baxmayaraq heyvan 2 gündən sonra ölmüşdür. Baytar həkim tərəfindən heyvan yarılmış və müəyyən edilmişdir ki, ölümün səbəbi heyvanda olan yuxarı tənəffüs yollarının xroniki iltihabı və qara ciyər sirrozu xəstəlikləridir. Bununla bağlı iki baytar həkimin və kənd sakinlərinin iştirakı ilə 4 yarma protokolu və akt tərtib edilmişdir. Lakin heyvanın şəkillərini çəkib cavabdehə göndərdiyinə və ödədiyi pulu geri tələb etdiyinə baxmayaraq, cavabdeh pulu ödəməkdən yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qəbul edərək, zərəri pulu olan kimi ödəyəcəyini bildirmiş, lakin sonrakı məhkəmə iclaslarında iddianı qəbul etməyərək bildirmişdir ki, 2022-ci ilin yanvar ayında iddiaçıya iribuynuzlu heyvan satmışdır. Sonradan iddiaçı ona zəng edərək heyvanın öldüyünü bildirmiş və ödədiyi pulu geri qaytarmasını tələb etmişdir. Qeyd edir ki, iddiaçıya satdığı heyvan sağlam olub. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb, işin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, epizootik baytar həkimi Sərraf İsmayılov, özəl baytar həkimi Əlimədət Rəcəbov, Aşağı Qaramanlı kəndində özəl baytara sosial işçi Məhərrəm Fərəcov, kənd sakinləri Valeh Fərəcov, Nazim Yoldaşov, İddiaçı iştirakı ilə 26 yanvar 2022-ci ildə tərtib edilmiş aktda qeyd edilir: “satınalma yolu ilə bir baş nağd pulla iri buynuzlu erkək, qara rəngli, kuban (zebo) qulaqlı heyvanı 500 manat heyvan satıcısı Cavabdeh 26 yanvar 2022-ci il tarixdə almışdır. Heyvanı alarkən ətraf axsaqlıqları və sidiyə çıxmaması halı müşahidə edilirdi sahibi Elvin məlumatlı idi və əgər heyvan ölərsə mənlikdir şəklin çək at mənə göndər pulunu qaytarım. Heyvan iki gündən sonra damda ölmüş vəziyyətdə gördüm, cəsəd gərginləşmiş vəziyyətdə idi. Ölmüş heyvanın dörd foto şəkili akta əlavə edilir”. 26 yanvar 2022-ci il tarixli 04 nömrəli yarma protokolundan görünür ki, «heyvanda xroniki formada yuxarı tənəffüs yolları iltihabı və qara ciyər sirroz vəziyyətdə olduğu üçün heyvan ölmuşdur». Qeyd olunur ki, iş materiallarında olan fotoşəkillər işin məhkəmə baxışı zamanı cavabdehə göstərilmiş, o, məhz həmin heyvanı iddiaçıya satdığını məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». İşin faktik hallarından görünür ki, cavabdeh iddiaçıya xəstə heyvan satmış, satılmış heyvan həmin xəstəliyi səbəbindən ölmüşdür. Nəticədə iddiaçıya 500 manat miqdarında maddi ziyan vurulub. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 500 (beş yüz) manat miqdarında pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar