Məhkəmə qərarları › İş №2(053)-287/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-287/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-287/2023 27.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, iddiaçı X1 Cavabdeh qarşı «alimentin əmək haqqına yönəldilməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı 16 fevral 2007-ci il təvəllüdlü Fatimə adlı uşağın saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsinə yönəlməklə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb” göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin mənasına görə məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində nəzərdə tutulan hallardan biri, iddiaçının tələbi düzgün qeyd olunmayıb. Görünür ki, iddiaçı əslində məhkəmənin müvafiq qətnaməsi ilə müəyyən olunmuş alimenti sabit pul məbləğində deyil, cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsində tutulmasını istəsə də bunu tələbində düzgün ifadə edə bilməmişdir. Göstərilənlərlə yanaşı, iddia ərizəsində iddiaçının nikahı və nikah olduğu təqdirdə tərəflərin birgə nikahından doğulmuş uşaqları barəsində məlumat ümumiyyətlə əks olunmayıb. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır”. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur”. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdeh X2 qarşı «alimentin əmək haqqına yönəldilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar