Məhkəmə qərarları › İş №2(053)-292/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-292/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-292/2024 24.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən sonuncu tərəfindən ona məxsus «BMW» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1.195 manat miqdarında maddi zərərin və iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 32 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, 12 noyabr 2023-cü ildə saat 18.45 radələrində idarə etdiyi, özünə məxsus «BMW» markalı **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan-Neftçala yolunda təxminən 60 km/saat sürətlə hərəkət edirmiş. Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində havanın qaranlıq vaxtında yola qəfildən inək çıxaraq qaçmışdır. Qeyd edir ki, həmin anda qarşıdan digər nəqliyyat vasitəsi gəlirmiş. Həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili sola istiqamətləndirə bilməmiş, lakin qəzadan yayınmaq üçün əyləci sıxmışdır. Buna baxmayaraq avtomobilin ön hissəsi ilə inəyi vurub. Hadisə nəticəsində idarə etdiyi avtomobilə maddi ziyan vurulmuşdur. Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılmış və heyvanın sahibi Cavabdeh günahkar olduğu məlum olmuş, həmçinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 120 manat miqdarında cərimə edilmişdir. Avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün Salyan rayonu «Ümüd» firmasına məxsus avtomobillərə texniki xidmət mərkəzində ona məxsus olan «BMW» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ona avtomobilin ehtiyat hissələrinə görə 795 manat, ustanın əmək ustanın əmək haqqısına görə 400 manat, ümumilikdə isə 1.195 manat maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçının maşınını nə qəzalı, nə də qəzasız vəziyyətdə görməmişdir. Həmçinin qeyd edir ki, iddiaçı avtomobili daha yüksək sürətlə idarə etdiyi üçün qəzanın qarşısını ala bilməyib. Onun inəyin necə yola gedib çıxmasından xəbəri olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Neftçala Rayon Məhkəməsinin 3(053)-480/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 120 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan «Ziyan aktı»ndan görünür ki, «BMW» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar hesablanmış zərərin ümumi məbləği 1.195 manat təşkil edir. Məhkəmənin 05 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: «12 noyabr 2023-cü ildə saat 18.45-də Salyan-Neftçala yolunun Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində «BMW» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına qəflətən inəyin çıxması səbəbindən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində «BMW» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə hansı məbləğdə zərər dəymişdir?». Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən 25 iyun 2024-cü ildə verilmiş 9/2510 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Ümüd» firması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı «BMW» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1195,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 795,0 manat; təmir-bərpa işlərinin qiyməti – 400,0 manat». Məhkəmə yuxarıda qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul edir və belə qənaətə gəlir ki, iddiaçının əmlakına vurulmuş zərərin ümumi məbləği 1.195 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən “1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı əmlakına cavabdeh tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Maddi zərərin məbləği ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə 25 iyun 2024-cü il tarixli 9/2510 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, dəymiş maddi zərərin ümumi həcminin rəydə qeyd olunan miqdarda, yəni 1.195 manat məbləğində olduğu müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.195 (min yüz doxsan beş) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar