Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-321/2023 08.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək ölkə üzrə yaşayış minimumunun artmasını nəzərə alaraq uşağı – 15 sentyabr 2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 220 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Cavabdeh ilə 08 oktyabr 2014-cü il tarixdə dövlət qeydiyyatından keçərək ailə qurduğunu, bu nikahdan 15 sentyabr 2015-ci il tarixdə Elsevər adlı uşağları doğulduğunu bildirmişdir. O, 06 dekabr 2016-cı il tarixdə faktiki olaraq cavabdehdən ayrılmışdır. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən, ona qarşı 136 manat sabit pul məbləğində almentin verilməsi tələbinə dair məhkəməyə ərizə ilə müraciət etmiş, lakin məhkəmədə iddianın həcmini azaldaraq 136 manat deyil, 80 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-351/2017 saylı iş üzrə 27 mart 2017- ci il tarixli qətnaməsi ilə, onun Cavabdeh alimentin tutulması tələbinə dair iddiasına baxaraq, Cavabdeh 15 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 (səksən) məbləğində alimentin tutulmasi qət edilmişdir. Müəyyən olunmuş alimentlə uşağın maddi təminatını yüksək səviyyədə ödəyə bilmir. Özü işləmir və dövlətdən də müavinət almır. Valideynlərinin etdiyi cüzi maddi köməklik uşağın yüksək maddi təminatının ödənilməsinə çatmır. Uşağın saxlanılması üçün hər ay 200 manatdan çox pul xərclənir. Eşitdiyinə görə cavabdeh "xxxx" MMC-də fəhlə işləyir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumun həddi 220 manat müəyyən edilmişdir. Mediasiya haqqında Qanuna əsasən Mediatora müraciət etmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MSS/MTO28/202300039 saylı arayışdan da görünür ki, xx.xx.2023ci il tarixdə, saat 14:43-də, ***-***-**-** nömrəli mobil telefonla cavbdehlə əlaqə saxlanılmış, cavabdeh iştirak etməyəcəyini və təkliflə razı olmadığını bildirmişdir. 31 mart 2023-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 15 sentyabr 2015-ci il təvəllüdlü Elsevər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin maddi durumunu nəzərə alıb Cavabdeh bir uşağın saxlanması üçün hər ay 220 manat deyil, 150 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək 15 sentyabr 2015-ci il təvəllüdlü uşağı X4 hər ay məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 80 manat məbləğində aliment ödədiyini, ikinci dəfə ailə həyatı qurduğunu, həmin nikahdan da himayəsində bir uşağı olduğunu bildirmişdir. Qeyd edir ki, "X10" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manatdır. Ona görə də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi imkanı xaricindədir. Aylıq əmək haqqından iddiaçının tələb etdiyi miqdarda aylıq aliment ödəyəcəyi təqdirdə bir ay ərzində həm özünü, həm ailə qurduğu şəxsi, habelə bir uşağını təmin etməsi mümkün olmayacaq. Hər ay əmək haqqını alan zaman ilkin olaraq aliment pulunu ödəyir. Qeyd etdiklərini nəzərə uşağı - 15 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin müəyyən olunmuş miqdarının sabit olaraq 120 manatadək artırılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 15 sentyabr 2015-ci il tarixdə X5 adlı uşaq anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-351/2017 nömrəli iş üzrə 27 mart 2017-ci il tarixli qətnaməsinə əsasən 15 sentyabr 2015-ci il tarixdə anadan olmuş Elsevər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmaqla İddiaçı verilməsi qət edilmişdir. Nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə X3 arasında 14 oktyabr 2021ci il tarixdə nikah bağlanmış, nikahdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. Qeydiyyat şöbəsinin 137 nömrəli arayışından görünür ki, X6 17 oktyabr 2022-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Məhkəmə 15 sentyabr 2015-ci il təvəllüdlü X2 2017-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2017-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)-351/2017 nömrəli iş üzrə 27 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 15 sentyabr 2015-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-351/2017 nömrəli iş üzrə 27 mart 2017-ci il tarixli qətnaməsinə əsasən 15 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 15 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-321/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-321/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver