Məhkəmə qərarları › İş №2(053)-336/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-336/2023

06.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-336/2023 06.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı “360 (üç yüz altmış) manat məbləğində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Milli Parkında qanunsuz olaraq mal-qara otarmış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu Vöen: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan Bank: X1, Kodu: 210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 saylı hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı iddiasını onunla əsaslandırmışdır ki, 13 dekabr 2022-ci il tarixdə Şirvan Milli Parkının əməkdaşları tərəfindən Parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən 12 avqust 1981-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh şəxsi təsərrüfatına aid 100 (yüz) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə saldığı müəyyən olunmuşdur. Vətəndaş Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkına 360 (üç yüz altımış) manat ziyan vurduğu Cavabdeh bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə vətəndaşa müvafiq məktub göndərilmişdir. Hal-hazıradək Cavabdeh Şirvan Milli Parkına dəymiş ziyanı könüllü olaraq ödəməmişdir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmədə tədqiq edilmiş və işdə olan iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı əməkdaşları tərəfindən tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli, 61759 saylı aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının əməkdaşları Parkın 3 saylı sahəsində Parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirmişdir. Neftçala rayonu, Həsənabad qəsəbə sakini Cavabdeh şəxsi təsərrüfatına aid 100 (yüz) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə saldığı aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 13 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh 13 yanvar 2023cü il tarixdə Şirvan Milli Parkının ərazisinə şəxsi təsərrüfatına aid 100 (yüz) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə saldığına görə Azərbaycan Respublikasının İXMnin 242-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 13 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 13 yanvar 2013-cü il tarixdə 100 (yüz) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə saldığına görə Azərbaycan Respublikasının İXM-nin 242-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının məsləhətçi-müfəttişi Seymur Kərimov tərəfindən tərtib olunmuş hesabatdan görünür ki, Cavabdeh 100 (yüz) baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salması nəticəsində təbiətə 360 manat məbləğində (100 baş qoyun, hər baş üçün 36 manat, 100 baş x 3,6 manat = 360 manat) ziyan dəymişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xəbərdarlıq məktubunun (pretenziyanın) məzmunundan görünür ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh təbiətə dəymiş 360 manat məbləğində ziyanın ödənilməsi üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli, 106 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında” Əsasnamənin 7.9-cu bəndinə əsasən “Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.” Həmin Əsasnamənin 7.10-cu bəndinə əsasən “Milli Parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Həmin Əsasnamənin 7.11-ci bəndinə əsasən “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh təbiətə dəymiş ziyana görə 360 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 360 (üç yüz altmış) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar