Məhkəmə qərarları › İş №2(053)-356/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-356/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-356/2024 01.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 2(53)-86/2013 nömrəli, 26 fevral 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 12 oktyabr 2007-ci il təvəllüdlü X6 və 14 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə nikahlarını Neftçala rayon Cəngən kənd inzibati ərazi nümayəndəliyində 17 avust 2005-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Onunla birgə nikahlarından 14 fevral 2006-cı il təvəllüdlü X7, 12 oktyabr 2007-ci il təvəllüdlü X6 və 14 avqust 2009-cu il təvəllüdlü X10 adlı 3 uşaqları anadan olmuşdur. İlkinlə münasibətləri pisləşdiyi üçün Neftçala Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmış, Neftçala rayon Məhkəməsinin 19 noyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Daha sonra aliment tələbinə dair iddia qaldırmış, Neftçala Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən 14 fevral 2006-cı il təvəllüdlü X7, 12 oktyabr 2007-ci il təvəllüdlü X6 və 14 avqust 2009-cu il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. 14 fevral 2006-cı il təvəllüdlü X2 bu ilin fevral ayında 18 yaşı tamam olmuşdur. Bildirir ki, bu məbləğ çox azdır və uşaqlarının təminatına çatmır. Uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Hazırda isə həmin yaşayış üçün minimum 235 manat təşkil edir. Hazırda övladlarının maddi ehtiyacları artmışdır. İddia ərizəsində iki uşağa görə ümumilikdə 470 manat sabit pul məbləğində aliment tələb etsə də, hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq iki uşağa görə ümumikdə 300 manat alimentin tutularaq ona verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, hal-hazırda Bayramova Gülnar adlı xanımla evlidir və həmin evlilikdən də iki uşağı doğulmuşdur. Salyan rayon MKT-də usta vəzifəsində işləyir və 450 manat əmək haqqı alır. Birinci nikahından doğulmuş iki uşağının saxlanılması üçün ümumlikdə 200 manat mənləğində aliment verməyə imkanı çatır. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 14 fevral 2006-cı ildə X7, 12 oktyabr 2007-ci ildə X6 və 14 avqust 2009-cu ildə X10 adlı uşaqlar anadan olmuşlar. Neftçala Rayon Məhkəməsinin 2(53)-86/2013 nömrəli iş üzrə 26 fevral 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı aliment tələbinə dair iddiası qismən təmin edilərək, 14 fevral 2006-cı il təvəllüdlü X7, 12 oktyabr 2007-ci il təvəllüdlü X3 və 14 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 150 manat olmaqla sabit pul məbləğində müəyyən edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(53)-409/2012 nömrəli iş üzrə 19 noyabr 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 17 avqust 2005-ci ildə Neftçala rayon Cəngən kənd İƏN-də qeyd edilmiş 13 nömrəli nikah aktı qeydi ləğv edilmişdir. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, hazırda Cavabdeh X5 ilə birgə nikahdadır. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh X5 ilə olan birgə nikahlarından 12 avqust 2014-cü il təvəllüdlü X9 və 27 noyabr 2015-ci il təvəllüdlü X8 adlı iki azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». İşin faktik hallarından görünür ki, 14 fevral 2006-cı il təvəllüdlü X2 14 fevral 2024-cü il tarixində 18 yaşı tamam olub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən “uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə” məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Məhkəmə uşaqların 2013-cü ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2013-cü illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşaqların və onların anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(53)- 86/2013 nömrəli iş üzrə 26 fevral 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 12 oktyabr 2007-ci il təvəllüdlü X3 və 14 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər bir uşağa görə 140 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğlərin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsini və s. aidiyyəti müddəalarını, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hazırkı iş üzrə iddia qiymətinin 3360 manat, dövlət rüsumu məbləğinin isə 53,60 manat təşkil etdiyini qeyd edir. Məhkəmə işin faktik hallarını, o cümlədən iddianın qismən təmin olunduğunu nəzərə alaraq həmçinin hesab edir ki, dövlət rüsumunu təşkil edən 53,60 manat cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(53)-86/2013 nömrəli iş üzrə 26 fevral 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 12 oktyabr 2007-ci il təvəllüdlü X3 və 14 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Cavabdeh 53,60 (əlli üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar