Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-358/2023 01.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.869 manat məbləğində əsas borc, 802,59 manat məbləğində faiz borcu və 65,14 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6.736,73 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 87,77 manat məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli 189nkNAR/22 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18 % ödəmək şərtilə 5.869 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul edərək iddiaçı ilə arasında həqiqətən də 27 yanvar 2022-ci il tarixli 189nkNAR/22 nömrəli kredit müqaviləsi bağlandığını bildirmişdir. Qeyd edilən kredit müqaviləsinə əsasən ona illik 18 faiz dərəcəsi ilə 5.869 manat məbləğində istehlak təyinatlı kredit verilmişdir. Müqavilə üzrə verilmiş kredit məbləğini hər ay ödəniş qrafiki əsasında müəyyən olunmuş məbləğdə olmaqla 36 ay müddətinə "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşsiz olması və maddi imkansızlığı ilə bağlı olaraq kredit ödənişlərini ödəyə bilmir. Cəmi 80 manat təqaüd alır və başqa hər hansı bir gəliri yoxdur. Banka olan borcunu ödəməkdən boyun qaçırmır, lakin hazırda da borcunu ödəmək iqtidarında deyil. Ona iş söz verilmiş və yaxın müddətdə işi düzələcək. Qəbul ediləcək qətnamənin icrası mərhələsində borcunu hissə-hissə ödəyəcək. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. "xxxx" KB ASC ilə Cavabdeh arasında 27 yanvar 2022-ci ildə bağlanmış 189nkNAR/22 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə 18 faiz dərəcəsi ilə 5.869 manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC tərəfindən təqdim olunmuş 06 mart 2023-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, Cavabdeh 189nkNAR/22 nömrəli kredit müqaviləsi üzrə 06 mart 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 5.869 manat məbləğində əsas borcu, 802,59 manat məbləğində faiz borcu, 65,14 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.736.73 manat məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti, ona hesablanmış faizləri və cəriməni tələb etmək hüququna malikdir. "xxxx" Kommersiya Bankı ASC məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə 87,77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5.869 (beş min səkkiz yüz altmış doqquz) manat məbləğində əsas borc, 802 (səkkiz yüz iki) manat 59 (əlli doqquz) qəpik məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə borcu, cəmi 6681,59 (altı min altı yüz səksən bir) manat 59 (əlli doqquz) qəpik, dövlət rüsumu kimi ödənilmiş 87 (səksən yeddi) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-358/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-358/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver