Məhkəmə qərarları › İş №2(053)-381/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-381/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-381/2025 01.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 2(053)-518/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq cavabdehdən 12 dekabr 2015-ci il təvəllüdlü X1 üçün 246 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, onunla Şəki rayon sakini Cavabdeh arasında nikah 17 yanvar 2015-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Birgə nikahlarından 12 dekabr 2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşağın onun yanında qalması müəyyən olunmuş və uşaq üçün cavabdehdən hər ay 80 manat məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra alimentin artırılması məqsədilə Neftçala Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı 160 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ona təyin olunmuş aliment məbləğini vaxtlıvaxtında ödəmir, uşağına maddi və mənəvi cəhətdən kömək etmir. Uşağın böyüdükcə xərcləri artdığından təyin olunmuş aliment məbləği uşağı saxlamaq üçün kifayət etmir. Halhazırda qardaşı ilə birlikdə yaşayır və valideynlərinin də hər ikisi ölüb. Qardaşı da heç bir yerdə işləmədiyindən uşağa baxmaq çətin olur. Bu səbəbdən hesab edir ki, alimentin məbləği artıtılmalıdır. Qeyd edir ki, 2025-ci ildən alimentin miqdarı 246 manat olduğundan, o da uşağı üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdehin rəsmi iş yerinin olub-olmaması barədə məlumatı olmasa da, eşitdiyinə görə Zəngilan rayonunda usta kimi işləyir. Onun qazancının və gəlirlərinin dəyişkən və qeyri-sabit olması səbəbindən alimentin sabit pul məbləğində tutulmasını istəyir. Bununla bağlı ilk olaraq Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, lakin 14 fevral 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq minimum əmək haqqının misli ilə alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin teleqramını nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 12 dekabr 2015-ci ildə X3 adlı uşaq doğulub. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-518/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-95/2018 nömrəli iş üzrə 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, 12 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı hər ay 160 manat məbləğində müəyyən edilmişdir. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşağın 2023-cü ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 518/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 12 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay 188 manat civarında olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının 188 manat civarında müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,47 mislini təşkil edir (400 x 0,47 = 188). «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında mediasiya xərci ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 2.256 manat miqdarında müəyyən edir (188 x 12 = 2.256). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 42,56 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – «iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin 42,56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-518/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən 12 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 12 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 42 (qırx iki) manat 56 (əlli altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar