Məhkəmə qərarları › İş №2(053)-391/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-391/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-391/2024 03.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən borclu olduğu 73.900 (yetmiş üç min doqquz yüz) manatın və dövlət rüsumu olaraq ödənilmiş 311 manat 70 qəpik pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında qohumluq əlaqələri var. Onların münasibətləri əvvəllər normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 01 iyul 2022-ci il tarixdə cavabdeh iddiaçının yanına gələrək kommersiya işi ilə məşğul olduğunu və bu səbəbdən ona borc pul lazım olduğunu bildirmişdir. İddiaçı qohum olduğu, həmçinin inandığı üçün cavabdehin ondan istədiyi 40.000 manat pulu borc olaraq ona vermişdir. Həmin gün cavabdeh yenidən onun yanına gəlmiş, gördüyü işlə bağlı əlavə olaraq 12.600 manat pulu borc olaraq almışdır. Hər iki borca dair cavabdeh ona qəbz vermiş və aldığı pulları 30 iyul 2022-ci il tarixdə qaytaracağına dair söz vermişdir. 06 iyul 2022-ci il tarixdə cavabdeh yenidən iddiaçının yanına gəlmiş, gördüyü işlə bağlı yenə 21.300 manat borc pul almış, həmin borca dair də qəbz verərək aldığı pulu 30 iyul 2022-ci il tarixdə qaytaracağına söz vermişdir. Lakin 2 ilə yaxın bir müddət keçsə də, cavabdeh iddiaçıya olan 73.900 manat borcundan bu günədək heç bir ödəniş etməyib. Nümayəndə göstərilənləri nəzərə alaraq cavabdehdən 73.900 manat miqdarında borcun, həmçinin iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə alver etmiş, ondan müxtəlif vaxtlarda nisyə olaraq müxtəlif növ gübrələr almış və sataraq onların pulunu iddiaçıya qaytarmışdır. Gübrələri iddiaçıdan alan zaman ona qəbzlər vermişdir. O, 12.000 manata 630 kisə karbamid gübrəsi, 26.000 manata 500 kisə Gürcüstan gübrəsi almış, onları satdıqdan sonra pulunu iddiaçıya qaytarmışdır. Malların pulunu onları aldığı hər ayın sonunadək qaytarırmış. Bildirir ki, əslində onlar bu günədək gübrə alveri ilə məşğul olurlar. Qohum olduqları üçün iddiaçıya etibar etmiş və sonuncunun məzmunu hazırkından fərqli olan, qəbz adı ilə təqdim etdiyi kağıza imza etmiş, nəticəsinin belə olacağını düşünməmişdir. Hesab edir ki, iddiaçı tərəf onu şərləyir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərin saxta olduğunu, həmin qəbzlərə özü imza çəksə də, o, imza çəkən zaman qəbzlərin məzmununun fərqli olduğunu bildirir. Qeyd edir ki, onun şifahi vəsatəti əsasında iş üzrə təyin edilmiş ekspertiza rəyindən də narazıdır. Çünki, ekspert rəyində onun istədiyi suallara cavab verilməyibdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş 01 iyul 2022-ci il tarixli müqavilədə qeyd olunur: «Mən Cavabdeh, İddiaçı 40 000 (qırx min) manat borca pul götürürəm. xx.xx.2022-ci il tarixində borca götürdüyüm pulu xx.xx.2022-ci il tarixdə aldığım 40 000 manat borcu qaytarmağıma söz verirəm və şəxsiyyət vəsiqəmin seriya nömrəsi ilə (AZE ********) və imzamla təsdiq edirəm». İş materiallarına əlavə edilmiş 06 iyul 2022-ci il tarixli «borc müqaviləsi»ndə qeyd olunur: «Mən, Cavabdeh İddiaçı 21300 (iyirmi bir min üç yüz) manat borca pul götürürəm. Götürdüyüm tarix xx.xx.2022-ci ildir. Götürdüyüm pulu xx.xx.2022-ci il tarixədək qaytaracağıma söz verirəm və imzamla təsdiq edirəm». İş materiallarına əlavə edilmiş üzərində tərtib olunduğu tarixi göstərilməyən müqavilədə qeyd olunur: «Mən Cavabdeh, İddiaçı 12.600 (on iki min altı yüz) manat borc pul götürürəm. xx.xx.2022-ci il tarixində borca götürdüyüm pulu xx.xx.2022-ci ildə aldığım 12.600 (on iki min altı yüz) manat borcu qaytarmağıma söz verirəm və şəxsiyyət vəsiqəmin seriya nömrəsi ilə (AZE ********) və imzamla təsdiq edirəm». Qeyd olunur ki, həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdikləri ilə müəyyən olunur ki, hər üç müqavilədə əks olunan imzalar cavabdehin özünə məxsusdur. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı zamanı bildirmişdir ki, cavabdeh iddiaçının atası X1 qarşı dələduzluq etmiş və bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilərək Salyan Rayon Məhkəməsinin müvafiq hökmü ilə məhkum olunmuşdur. Cavabdeh iddiaçının nümayəndəsinin bu qeyd etdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxs X1 dəymiş maddi zərər tam şəkildə ödənilmişdir və həmin cinayət əməlinə görə Salyan Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və hal-hazırda həmin cəzanı çəkir. Sözügedən hökmün surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin 1(057)-159/2023 nömrəli 25 oktyabr 2023-cü il tarixli hökmünun nəticəvi hissəsində qeyd olunur: «Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 5 (beş) ay 19 (on doqquz) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın…». Cavabdeh iddiaçı ilə gübrə alveri etdiyini və iddiaçıya əslində 12.000 manat və 26.000 manat borcu yarandığını, daha sonra həmin borcu ödədiyini bildirsə də, bu halları işin məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Yuxarıda göstərildiyi kimi, cavabdeh işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərin saxtadır, həmin qəbzlərə özü imza etsə də, o, imza edən zaman qəbzlərin məzmununun fərqli olmuşdur. Bununla əlaqədar olaraq Neftçala Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin olunmuşdur. 27 iyun 2024-cü il tarixli 5/625 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur: «Tədqiq edilmiş Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədə imzanın çap mətni ilə kəsişdiyi hissədə imzanın rəngləyici maddəsinin az miqdarda olduğu müəyyən olundu. Bu isə imzanın çap mətni ilə kəsişən hissədə hər ikisinin intensivliyinin yaxın dalğa uzunluğu intervalında yerləşməsinə gətirib çıxarır. Ona görə də, imza və çap mətninin icra ardıcılılığını müəyyən etmək mümkün olmadı. Tədqiq edilən Cavabdeh və İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsində və Cavabdeh tərəfindən imzalanmış müqavilənin üzərlərində çap mətni ilə imza kəsişmədikləri üçün ekspert qarşısında qoyulmuş «İş materiallarında olan, Cavabdeh və İddiaçı tərəfindən imzalanmış, xx.xx.2022-ci il tarixli «BORC MÜQAVİLƏSİ» adlı sənəddəki imzalar eyni sənəddəki kompüter yazısı tərtib edilməzdən (sənəd printer vasitəsilə çap olunmazdan) əvvəl və ya sonra icra edilib? Həmin sənədin əvvəl imzalanmaqla, sonra isə müvafiq kompüter yazısı çap olunmaqla tərtib edilməsi mümkün olardımı?», «İş materiallarında olan, Cavabdeh tərəfindən imzalanmış, üzərində tarix göstərilməyən «MÜQAVİLƏ» adlı sənəddəki imza eyni sənəddəki kompüter yazısı tərtib edilməzdən (sənəd printer vasitəsilə çap olunmazdan) əvvəl və ya sonra icra edilib? Həmin sənədin əvvəl imzalanmaqla, sonra isə müvafiq kompüter yazısı çap olunmaqla tərtib edilməsi mümkün olardımı?» suallar üzrə tədqiqat aparılmadı». Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o, cümlədən yuxarıda göstərilən «borc müqaviləsi» və «müqavilə»lərlə cavabdehin iddiaçıdan 73.900 manat miqdarında borc aldığı müəyyən olunur. Cavabdeh iddiaçıya müxtəlif vaxtlarda nağd qaydada da müəyyən məbləğlərdə pul verdiyini işin məhkəmə baxışı zamanı bildirdiyinə baxmayaraq, bu halı sübuta yetirə bilməmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdeh iddiaçıdan 73.900 manat miqdarında pul borc almış və aldığı həmin məbləğdən heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən borcu təşkil edən 73.900 manat məbləğində pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 311,70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 73.900 (yetmiş üç min doqquz yüz) manat məbləğində borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 311 (üç yüz on bir) manat 70 (yetmiş) qəpik tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar