Məhkəmə qərarları › İş №2(053)-392/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-392/2024

27.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-392/2024 27.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Özyurt (Musayeva) Sədaqət Rafiq qızına və Neftçala rayon İcra Hakimiyyətinə qarşı “Mənzildən istifadə hüququnun tanınması” tələbinə dair ərizəsinə hazırlıq iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Özyurt (Musayeva) Sədaqət Rafiq qızına və Neftçala rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala şəhəri, H.Əliyev prospekti ev 7, mənzil 59 (keçmiş ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 1984-cü il 28 avqustda anası X1 adına ev almışlar. Neftçala rayon X4 İcraiyyə Komitəsinin 696 №-li Orderinə əsasən anasına 4 nəfərdən ibarət ailəsi ilə birgə (yəni, anası-X2, atası-X5, özü-İddiaçı və bacısı X3) Neftçala rayonu, Nizami küçəsi, 6-cı blok, 59 №-li mənzili tutmaq hüququ verilmişdir. Orderin verilməsinə əsas Neftçala rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 11 №-li qərarı olmuşdur. Həmçinin, Neftçala rayon İstehsalat Təmir İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli vərəsəlik arayışından görünür ki, İddiaçı həmin mənzildən faktiki istifadə etməklə təsərrüfatı idarə edir və kommunal xərcləri ödəyir. Evi alandan sonra onlar həmin evdə yaşamışlar. 1995-ci ildə atası vəfat etmişdir. Ailəcə həmin evdə birgə təsərrüfatdan istifadə etmişlər. 2012-ci ildə nikaha daxil olmuş, yoldaşı ilə birgə həmin evdə yaşamış, ümumi təsərrüfat aparmışlar. Bacısı təxminən 3 ay sonra ailə qurub Türkiyəyə köçmüşdür. Uzun müddət, anası, yoldaşı və övladı ilə birgə yaşamışlar. Həmin müddətdə ailəni o dolandırmış, ümumi təsərrüfat aparmışlar. Ev üçün lazım olan vəsaitləri almaqla bütün kommunal ödənişləri o ödəmişdir. 2018-ci ildə anası vəfat etmiş, miras əmlakı faktiki olaraq o qəbul etmişdir. O, hələ də ailə üzvlərilə (yoldaşı və uşağı) birgə Neftçala rayonu, Nizami küçəsi, 59 №-li (yeni qaydalarla: ünvan 2) mənzildə daimi olaraq yaşayır. Lakin yaşadığı, faktiki sahiblik etdiyi, istifadə etdiyi mənzildə qeydiyyata keçə bilmir. O, faktiki olaraq ünvan 2 ünvanında yaşasa da formal olaraq ünvan 3dadır. Yaşadığı mənzilin çıxarışı olmadığına görə qeydiyyata düşə bilmir. Yaşadığı mənzildən başqa yaşayış yeri yoxdur. Mülkiyyətində də başqa mənzil yoxdur. Dövlət orqanlarından gələn məktublar onun yaşamadığı, formal olaraq qeydiyyatda olduğu (hansı ki, qeydiyyatda olduğu ünvan yaşanılası şəraitdə deyil) ünvana gedir və ona çatmır. Belə olan halda onun nəinki mənzildən istifadə hüququ, hətta Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olan digər hüquqları da pozulmuş olur. Buna görə də onun ünvan 2 (keçmiş ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmalıdır. Qeyd olunanlara əsasən ünvan 2 (keçmiş ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək yaranmış zərurətlə əlaqədar 2(053)-392/2024 nömrəli mülki iş üzrə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, habelə iş üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışına hazırlanması zamanı ərizə verərək iddiadan imtina etdiyini, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Özyurt (Musayeva) Sədaqət Rafiq qızına və Neftçala rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilmiş, lakin cavabdeh və Neftçala rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməli və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunur ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar olaraq 22 fevral 2024-cü il tarixdə 100 (yüz) manat miqdarında dövlət rüsumu ödəmişdir (“Kapital Bank”. Əməliyyat İD: 406339037; qəbzin nömrəsi: 21627; terminal nömrəsi: K0164011). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən “Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə”, “Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır”. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən “bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa” ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir”. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə, habelə ödənilmiş dövlət rüsumu geri – İddiaçı qaytarılmalıdır. Ona görə və Azərbaycan Respublikası MPM-nin 114, 170.3, 263-264, 267- 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Özyurt (Musayeva) Sədaqət Rafiq qızına və Neftçala rayon İcra Hakimiyyətinə qarşı “Mənzildən istifadə hüququnun tanınması” tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçı 22 fevral 2024-cü il tarixdə 100 (yüz) manat miqdarında ödədiyi dövlət rüsumu (“Kapital Bank”. Əməliyyat İD: 406339037; qəbzin nömrəsi: 21627; terminal nömrəsi: K0164011) ərizəçinin özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar