Məhkəmə qərarları › İş №2(053)-393/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-393/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-393/2023 11.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı ASC "xxxx" Bankın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM İddiaçı ASC "xxxx" Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2019-cu il tarixli **********19419 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 2594,22 manat məbləğində əsas borcu, 33,90 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, cəmi 2628,12 manat, 17 mart 2023-cü il tarixinə vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02% dərəcəsi ilə hesablanmış 0,25 manat məbləğində penya, cəmi 2628,37 manat borc və 46,29 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında 14 oktyabr 2019-cu il tarixli **********19419 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehǝ 60 ay müddətinə, illik 1 % ödənilməsi şərtilə, 3256,50 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh2 arasında 14 oktyabr 2019-cu il tarixli **********19419/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 nömrəli əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh1 əsas borc məbləğini kreditin verildiyi müddətin ilk 12 aylıq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ay Banka qaytarmağı, kredit üzrə faktiki istifadə edilmiş məbləğə hesablanmış faizləri isə kreditin verildiyi təqvim ayından etibarən hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 öz öhdəliklərinin icrasına laqeyid yanaşmaqla onları kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 17 mart 2023-cü il tarixinə iddiaçı qarşısında 2628,12 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 2594,22 manatı əsas borcdan, 33,90 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borc alan Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş asas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 0.02% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 17 mart 2023-cü il tarixinə bu məbləğ 0,25 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.4.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 01 dekabr 2021-ci il tarixli 260 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, borc alan tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Digər tərəfdən zaminlik müqaviləsi üzrə Cavabdeh2 ilə də bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 04 noyabr 2022-ci il tarixli NC-001 nömrəli "Öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, zamin tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Beləliklə, vaxtı keçmiş əsas borc məbləği də nəzərə alınmaqla bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 2594,22 manat, yuxarıda göstərilən adi faiz və penya ilə birlikdə bankın 17 mart 2023-cü il tarixinə tələblərinin ümumi məbləği 2628,37 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 oktyabr 2019-cu il tarixli **********19419 nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, bu müqavilənin predmetini borcalanın tərəflər arasında bağlanmış 03 iyun 2014-cü il tarixli **********93914 nömrəli kredit müqaviləsinə əsasən bank qarşısında mövcud olan vaxtı keçmiş kredit borcunun fərmana və qaydaya uyğun olaraq restrukturizasiyası təşkil edir. Kredit müqaviləsi üzrə bank qarşısında mövcud olan əsas kredit borcunun restrukturizasiyası məqsədi ilə ASC "xxxx" Bankı – “Bank” və Cavabdeh1 – “Borcalan” olmaqla, Cavabdeh1 60 ay müddətinə, illik 1 % ödənilməsi şərtilə, 3256,50 manat məbləğində kredit vermişdir. İş materiallarında olan “Kredit müqaviləsi”nə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 kredit müqaviləsinin şərtləri ilə və kredit üzrə faktiki illik faiz dərəcəsi, həmçinin kredit müqaviləsinin bağlanması anına qüvvədə olan bankın tarifləri ilə tanış olmuş, onlarla razılaşaraq həmin müqaviləyə əlavəni imzalamışdır. Bununla yanaşı, ASC "xxxx" Bank ilə Cavabdeh2 arasında 14 oktyabr 2019-cu ildə zaminlik müqaviləsi bağlanaraq, o, Cavabdeh1 14 oktyabr 2019-cu il tarixli **********19419 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə zaminliyi öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə ASC "xxxx" Bankına vaxtı keçmiş 2594,22 AZN borcu, kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi (1%) ilə hesablanmış 33,90 AZN adi faiz borcu, hesablanmış 0,25 manat məbləğində penya, cəmi 2628,37 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh1 14 oktyabr 2019cu il tarixli **********19419 nömrəli “Kredit müqaviləsi” ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı ASC "xxxx" Bankına ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2594,22 manat məbləğində əsas borc, 33,90 manat məbləğində adi faiz üzrə borc, 17 mart 2023-cü il tarixinə vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02% dərəcəsi ilə hesablanmış 0,25 manat məbləğində penya və ümumilikdə 2628,37 manat məbləğində borc ASC "xxxx" Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbinin təmin edilmiş məbləğinə müvafiq olaraq 46,29 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2594,22 (iki min beş yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 33,90 (otuz üç manat doxsan qəpik) manat adi faiz üzrə borc, 17 mart 2023-cü il tarixinə vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02% dərəcəsi ilə hesablanmış 0,25 (iyirmi beş qəpik) manat məbləğində penya və 46,29 (qırx altı manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2674,66 (iki min altı yüz yetmiş dörd manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şivan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar