Məhkəmə qərarları › İş №2(053)-397/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-397/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-397/2023 12.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2022-ci il tarixli, LCO221960020 nömrəli “ərizə” üzrə overdraft nəticəsində yaranmış 3122,10 məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51,22 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2022-ci il tarixli, LCO221960020 saylı ərizəyə əsasən Cavabdeh X2 My card növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və 12 mart 2020-ci il tarixində 5335********0334 nömrəli kart cavabdehǝ təhvil verilmişdir. 2022-ci ilin oktyabr ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 3122,10 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən 16 fevral 2023-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən ərizəyə əsasən, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri"nin əsas anlayışlar bəndinin 1.95-ci bəndinə əsasən, Texniki (icaza verilməmiş) overdraft - tərəflər arasında overdraftın təqdim edilməsi barədə razışalma olmadığı halda, Kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. "Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 5.9-cu bəndinə əsasən, Overdraft nəticəsində borc yarandıqda Bank müştəriyə bu barədə məlumat verir və müştəri həmin borcun 3 (üç) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Həmin müqavilənin 5.10-ci bəndinə əsasən, Overdraft nəticəsində yaranmış borc ümumi şərtlərin 5.10-cu bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 iyul 2022-ci il tarixli, LCO221960020 nömrəli “ərizə”dən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh illik faiz dərəcəsi 4% olmaqla X2 My card növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və 12 mart 2020-ci il tarixində 5335********0334 nömrəli kart cavabdehǝ təhvil verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, borcalan Cavabdeh ərizə üzrə borcverən İddiaçı QSC-nə 3122,10 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 15 iyul 2022-ci il tarixli, LCO221960020 nömrəli “ərizə” ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı QSC-nə ödənilməli olan borcu ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti ərizə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 3122,10 manat məbləğində borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbinin təmin edilmiş məbləğinə müvafiq olaraq 51,22 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3122,10 (üç min yüz iyirmi iki manat on qəpik) məbləğində əsas borc və 51,22 (əlli bir manat iyirmi iki qəpik) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3173,32 (üç min yüz yetmiş üç manat otuz iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar