Məhkəmə qərarları › İş №2(053)-40/2023

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-40/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-40/2023 23.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq obyektinə dəymiş zərərin və borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 iyul 2021-ci il tarixli MAS-5011 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 mart 2022-ci il tarixə 495,22 manat gecikdirilmiş əsas borc, 624,62 manat gecikdirilmiş mükafat borcu, həmin günə hesablanmış 367,78 manat dəbbə pulu, 1.907,50 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3.395,12 manat borcun və ödənilmiş 54,36 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, iddiaçı ilə cavabdeh arasında 17 iyul 2021-ci il tarixli MAS-5011 saylı «Daxili lizinq» müqaviləsi bağlandığını bildirmişdir. Həmin müqaviləyə əsasən cavabdeh Şamil Əhmədovun sifarişi ilə 2021-ci il buraxılışlı, «Khazar LX» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801968 ban nömrəli, ağ rəngli avtomobil 14.750 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,40 manat, ümumilikdə isə 21.023 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21.023 manatın 14.750 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 dekabr 2021-ci il tarixdə 384 manat məbləğində olmuşdur. Lizinq alan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar LX» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 02 mart 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 1.907,50 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 17 iyul 2021-ci il tarixli MAS-5011 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 mart 2022-ci il tarixə ümumilikdə 1.487,62 manat məbləğində gecikmə borcu yaranmışdır. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərildiyinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci il tarixli MAS-5011 saylı «Daxili lizinq» müqaviləsindən görünür ki, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, «Khazar LX» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801968 ban nömrəli, ağ rəngli avtomobil 14.750 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və müqavilənin ayrılmaz tərkib hissəsi olan 3 nömrəli Əlavəyə əsasən illik 23 % hesabı ilə 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,40 manat ödənilməsi şərtilə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 17 iyul 2021-ci il tarixli MAS-5011 saylı «Daxili lizinq» müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə lizinq obyektini bir ədəd 2021-ci il buraxılışlı, «Khazar LX» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801968 ban nömrəli, ağ rəngli avtomobil təşkil edir. 17 iyul 2021-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, Cavabdeh lizinq obyektini təşkil edən bir ədəd 2021-ci il buraxılışlı, «Khazar LX» minik markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801968 ban nömrəli, ağ rəngli avtomobili Bakı şəhərində lizinqə qəbul etmişdir. İddiaçı MMC Servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Khazar LX» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 15 avqust 2022-ci il tarixdə servis mərkəzində ilkin texniki baxışdan keçirilmiş, baxış zamanı avtomobildə dəyişdiriləcək ehtiyat hissələrinin ümumi dəyəri 1.007,50 manat, ümumi xidmət haqqı 900 manat olmaqla yekun ödəniləcək məbləğin 1.907,50 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 747.1, 747-1.1, 747-2 və 747-3.2-ci maddələrinə əsasən “Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur», “Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir)”, “Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır», «Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir». Azərbaycan Respublikası MM-nin 748-10.1-ci maddəsinə əsasən «Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia etdiyi pul məbləğlərini tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 54,36 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 iyul 2021-ci il tarixli MAS-5011 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 mart 2022-ci il tarixə 495 (dörd yüz doxsan beş) manat 22 (iyirmi iki) qəpik gecikdirilmiş əsas borc, 624 (altı yüz iyirmi dörd) manat 62 (altmış iki) qəpik gecikdirilmiş mükafat borcu, həmin günə hesablanmış 367 (üç yüz altmış yeddi) manat 78 (yetmiş səkkiz) qəpik dəbbə pulu, 1.907 (min doqquz yüz yeddi) manat 50 (əlli) qəpik lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3.395 (üç min üç yüz doxsan beş) manat 12 (on iki) qəpik borc və ödənilmiş 54 (əlli dörd) manat 36 (otuz altı) qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar