Məhkəmə qərarları › İş №2(053)-400/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-400/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-400/2024 21.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş övladları - 05 aprel 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi həcmində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 iyun 2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 05 aprel 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Nikahları Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(053)-7/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehdən birgə nikahlarından doğulmuş övladlarının yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Neftçala Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli, 2(053)-114/2014 saylı qətnaməsi ilə iki uşağa birlikdə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş və həmin məhkəmənin 04 iyun 2021-ci il tarixli, 2(053)-345/2021 saylı qətnaməsi ilə sözügedən məbləğ artırılaraq iki uşağa birlikdə aylıq 220 manat həcmində müəyyən edilmişdir. Sonuncu dəfə aliment məbləğinin məhkəmə tərəfindən artırıldığı tarixdən təxminən 3 ilə yaxın bir müddət keçmiş, həmin müddətdə inflyasiya və digər səbəblərdən ərzaq, enerji və digər istehlak sahələrində bazar qiymətləri kəskin artmış, övladlarının yaşlarından dolayı artan xərcləri və xüsusən də böyük övladları Səccadın təhsil sahəsində əlahiddə istedad sahibi olması ilə əlaqədar aldığı təhsilin effektivliyinin artırılması ilə bağlı əlavə ödənişli məşğələlərə getmək zərurəti onların saxlanmasında ehtiyac duyulan maddi xərcləri artırmış və Cavabdeh sözügedən xərclərdə sadəcə 220 (iki yüz iyirmi) manatla çıxış etməsi artıq yetərsiz qalmışdır. Bildirir ki, cavabdehin ortaq övladlarından başqa övladı yoxdur və boşanmadan sonra onların istər tərbiyə olunmasına, istərsə də maddi ehtiyaclarının ödənilməsinə bir valideyn olaraq olduqca qeydsiz yanaşmış, məhkəmə tərəfindən üzərinə qoyulan aliment öhdəliyini vaxtı-vaxtında icra etməmişdir. Beləcə, ödənilməli olan aliment məbləğinin bir hissəsi borc olaraq yığılmış, bu da “Uşaq hüquqları haqqında” Konvensiya ilə müəyyən edilmiş “uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması” prinsipinin pozulmasına, eləcə də hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Əlavə olaraq qeyd edir ki, cavabdeh müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir və aylıq əmək haqqı 1.700 manatdır. Cavabdehin xidmət yeri və rəsmi gəliri barədə məhkəməyə sübut təqdim etmək səlahiyyəti olmadığından bu barədə vəsatətini işə əlavə etmişdir. Aşağıda göstərilən əsaslarla hesab edir ki, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları 05 aprel 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində alimentin tutulmasına dair Neftçala Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(053)-345/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş rejim dəyişdirilməli, onların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi tutulması və onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinə dəqiqləşmə apardığını, ərizənin mahiyyətinin “alimentin tutulma üsulunun dəyişdirilməsi” olsa da, səhvən “alimentin həcminin artırılması” olaraq qeydə edildiyini və bunun nəzərə alınaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin məzmununa uyğun izahat vermişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 05 aprel 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X5 adlı uşaqlar anadan olmuşlar. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Neftçala Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(053)-345/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən olunmuş məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli, 2(053)-114/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, 05 aprel 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 31 may 2024-cü il tarixli 30 nömrəli arayışdan görünür ki, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində sürücü vəzifəsində əsgər hərbi rütbəsində xidmət edir və bütün vergilər tutulduqdan sonra onun aylıq qazancı 1.443 (min dörd yüz qırx üç) manat təşkil edir. İş materiallarına əlavə olunmuş 23 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məktubundan görünür ki, Cavabdeh hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir və ona pul təminatı həmin hərbi hissə tərəfindən ödənilir. Həmçinin qeyd olunmuşdur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinin tələblərini nəzərə alaraq Cavabdeh pul təminatı barədə N nömrəli hərbi hissəyə müraciət etməyiniz və bütün yazışmaların tərəfinizdən bilavasitə həmin hərbi hissə ilə aparılması məqsədəuyğundur. Qeyd edilənləri nəzərə alaraq, Maliyyə və Büdcə İdarəsinə daxil olan sənədlər sizə geri qaytarılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Məhkəmə uşaqların 2021-ci il tarixdən etibarən 3 yaş böyüdüyünü və bununla da qayğılarının artdığını, 2021-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun dövlət səviyyəsində artdığını nəzərə alır və hesab edir ki, bunlar uşaqların və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişiklik kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment tutulma üsulunun dəyişdirilməsini mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.2-ci maddəsinin mənasına görə 2 uşağa görə - aliment qazancın (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, Cavabdeh uşaqları 05 aprel 2010-cu il təvəllüdlü X3 və 08 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını mümkün sayır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğlərin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci madəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(053)-345/2021 saylı qətnaməsi ilə 05 aprel 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X4 aid hissədə müəyyən edilmiş alimentin tutulma üsulu dəyişdirilsin. 05 aprel 2010-cu il təvəllüdlü X3 və 08 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh (uşaqların atası) Cavabdeh hər ay qazancın (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Yuxarıda qeyd olunan məbləğlərin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar