Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-41/2023 27.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 51.000 (əlli bir min) manat və dövlət rüsumu kimi ödənilmiş 243 manat miqdarında pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 16 yanvar 2018-ci ildə Şirvan şəhəri 1 saylı notariat kontorunda barışıq sazişi bağlandığını bildirmişdir. Həmin barışıq sazişinə əsasən, o, Neftçala Rayon Məhkəməsinin 2(053)- 995/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə tutulmalı olan 79.888 manat pulun bir hissəsindən və müvafiq iddiasından imtina etmiş, Cavabdeh isə 79.888 manat pul vəsaiti əvəzinə ona 51.000 manat miqdarında pul ödəməyi öhdəsinə götürmüşdür. O, öhdəliyinə əməl edərək 16 yanvar 2018-ci il tarixdə iddiadan imtina ilə bağlı ərizəsini Şirvan Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Bunun əsasında Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-373/2018 nömrəli 06 fevral 2018-ci il tarixli qərardadı ilə iddiadan imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cavabdeh isə 16 yanvar 2018-ci il tarixli barışıq sazişinin şərtlərinə əməl etməmiş, 51.000 manat məbləğində pulu ona ödəməmişdir. Cavabdeh pulu 2021-ci ilin sonuna kimi qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşüb. Bununla bağlı, o, 16 yanvar 2018-ci il tarixli barışıq sazişi əsasında qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-373/2018 nömrəli 06 fevral 2018-ci il tarixli qərardadının məcburi icraya yönəldilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, Cavabdeh 51.000 manat pulun tutulub ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə iddia ilə müraciət etməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, cavabdeh ötən dövr ərzində, müxtəlif tarixlərdə ona olan borcundan 2.500 manat ödəyib. Beləliklə, hazırda cavabdehin ona olan pul borcu 48.500 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiasının 48.500 manatlıq hissədə təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 1994-cü ildən Neftçala Avtovağzalının rəisi, 2002-ci ildə özəlləşmədən sonra isə Neftçala Avtovağzalı MMC-nin təsisçisi və direktoru vəzifəsində çalışır. Hər 5 ildən bir müəssisədə əsaslı təmir işləri aparılıb. 01 sentyabr 2009-cu il tarixində başlanmış və 01 noyabr 2009cu ildə bitmiş əsaslı təmirə qabaqcadan heç bir sövdələşmə olmadan, nə rəsmi nə də qeyri rəsmi sənədlərdə adı olmayan İddiaçı ona köməklik göstərmişdir. 03 noyabr 2009-cu il tarixindən Neftçala Avtovağzalı MMC fəaliyyətə başlamış, hər ay xalis gəlirin 70%-i ayrılıb İddiaçı göndərilmiş, qardaşı oğlanları əvvəl F.Qurbanov, sonradan O.Qurbanov əmək haqqı cədvəlində adı olmaqla hər ay 300 (üç yüz) manat məbləğində əmək haqqı almışdır. 03 noyabr 2009-cu il və 30 iyun 2013-cü il fəaliyyət dövründə İddiaçı xalis gəlirdən 43.000 manat pul ödədiklərinə baxmayaraq 2013-cü ilin iyul ayında hazırladığı təkrarlanan, şişirdilmiş rəqəmlərdən ibarət olan 79.888 manat borcu olduğunu göstərən cədvəli imzalamağını tələb etdi, əks təqdirdə Neftçala Avtovağzalı MMC-nin fəaliyyətinin dayandırılacağını bildirdi. “Avtovağzal” fəaliyyəti qeyri-qanuni Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İ.Vəliyevlə razılaşıb Nəqliyyat Nazirliyinin Əməkdaşlarının köməyi ilə 2013-cü ilin oktyabr ayında başçıya məxsus "xxxx" köçürülməsini təmin etdirdi. Neftçala Avtovağzal MMC-nin fəaliyyəti faktik olaraq donduruldu. Onu Nəqliyyat Nazirliyinin DANX-yə dəvət edərək İddiaçı iştirakı ilə ərizəni notariat kontorunda təsdiqləməyi təkidlə tələb etdilər. İmza edəcəyi təqdirdə avtovağzalın fəaliyyəti yenidən bərpa olunacaqdı. Razılaşmaqdan başqa bir çarəsi qalmamışdı. 23 dekabr 2013-cü il tarixində ərizəni imzaladıqdan sonra avtovağzalın fəaliyyəti yenə də bərpa olunmadı, Nazirliyin nümayəndələri və İddiaçı onu aldatmışlar. 2015-ci ilin sonunda İddiaçı ilə görüşərkən avtovağzalın geri qaytarılmasına gücü çatmadığını bildirərək, onun işinə qarışmayacağını və heç bir iddiasının olmayacağını bildirdi. 2016-cı ildə məcbur olub banklardan böyük məbləğdə kredit götürərək Neftçala Avtovağzalı MMC-də ictimai iaşə obyekti kimi tikintiyə başladı. 2017-ci ildə obyektin fəaliyyətini görüb ona qarşı borcun tələbinə dair Neftçala Rayon Məhkəməsində iddia qaldırdı. X3 işi tam öyrənmədən imzaladığı ərizəni (ərizədə bildirilirdi ki, əgər idarə satılarsa yaxud özgəninkiləşdirilərsə məbləği ödəməlidir) əldə rəhbər tutaraq 79.889 manat pul tələbini təmin etdi. O, narazılığını bildirdi. Proses Ali Məhkəməyədək getdi, Ali Məhkəmənin hakimləri onun haqsız yükləndiyini və bu işin ləğv edilməsinin mümkünlüyünü ona söylədilər. O, barışıqla razılaşdı, çünki bildirdi ki, nə Nəqliyyat Nazirliyinin rəhbər işçiləri, nə də rayon İcra Hakimiyyətinin sabiq başçısı işləməyinə imkan verməyəcək. Hadisələri zamanın axarına buraxdı. Beləliklə 16 yanvar 2018-ci il tarixində Şirvan şəhər 1 saylı notariat kontorunda müddət göstərilmədən rəsmi barışıq müqaviləsini imzalamışdır. 2018-ci ilin iyulundan 2019-cu ilin avqustuna kimi İddiaçı “Milliön” aparatı vasitəsi ilə 2500 manat pul ödəyib. Sonrakı illərdə isə pandemiya ilə əlaqədar olaraq fəaliyyətləri dayandırıldı. 2021-ci ilin sonlarından fəaliyyətləri nisbətən bərpa olunmuş, lakin bu günədək avtovağzalın fəaliyyəti tam bərpa olunmayıb. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilən səbəblərə görə iddia qismən təmin edilməlidir. Neftçala Rayon Məhkəməsinin 2(053)-995/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X1 və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 79.888 manat miqdarında pul tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 yanvar 2018-ci ildə barışıq sazişi bağlanıb. Barışıq sazişində aşağıdakılar qeyd olunur: «1) İddiaçı Cavabdeh «öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia tələbindən imtina edir və işin icraatına xitam verilməsini xahiş edir. 2) Cavabdeh İddiaçı iddia tələbində qeyd olunan 79.888 (yetmiş doqquz min səkkiz yüz səksən səkkiz) manat əvəzinə 51.000 (əlli bir min) manat ödəməyi öhdəsinə götürür və bu məqsədlə işin icraatına xitam verilməsini xahiş edir». Həmin barışıq sazişi Şirvan şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 16 yanvar 2018-ci ildə təsdiqlənib. Cavabdehin Neftçala Rayon Məhkəməsinin 2(053)-995/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə bağlı apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılmışdır. Bununla bağlı Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-373/2018 nömrəli iş üzrə 06 fevral 2018-ci il tarixli qərardadının məzmunundan görünür ki, tərəflər 16 yanvar 2018ci ildə aralarında barışıq sazişi bağlandığını bildirmiş, barışıq sazişini əsas gətirərək iddiaçı iddia tələbindən, cavabdeh isə apellyasiya şikayətindən imtina etmişlər. Şirvan Apellyasiya Məhkəməsi göstərilənləri nəzərə alaraq 2(106)-373/2018 nömrəli iş üzrə 06 fevral 2018-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-995/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsini ləğv etmiş, İddiaçı cavabdehlər X1 və Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam vermişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında daha əvvəl məhkəmə mübahisəsi olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 79.888 manat məbləğində pul tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, daha sonra tərəflər arasında razılıq əldə olunaraq notariat qaydasında barışıq sazişi bağlanmış, həmin sazişə əsasən cavabdeh iddiaçıya 79.888 manat əvəzinə 51.000 manat məbləğində pul ödəməyi, iddiaçı isə bunun müqabilində iddiasından imtina etməyi öhdələrinə götürmüşlər. Daha sonra cavabdeh apellyasiya şikayətindən, iddiaçı isə iddia tələbindən imtina etmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə göstərilən mülki işin icraatına xitam verilmişdir. Tərəflərin bildirdikləri və iş materialları ilə cavabdehin ötən dövrdə müvafiq borcundan iddiaçıya 2.500 manat ödədiyi müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 881.1 və 881.2-ci maddələrinə əsasən “Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər”, “Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur...”. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin iddiaçıya 51.000 manat məbləğində pul ödəməli olduğuna dair tərəflər arasında razılaşma olmuş, cavabdeh həmin miqdardan iddiaçıya 2.500 manat ödəmişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 48.500 manat təşkil edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 48.500 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Ona görə də iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 48.500 manat miqdarında pul tutulmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 243 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 243 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 48.500 (qırx səkkiz min beş yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 243 (iki yüz qırx üç) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-41/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-41/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver