Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-42/2024 07.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil2, cavabdehin nümayəndəsi, Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 50.000 (əlli min) manat məbləğində pulun və 240 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Cavabdeh onun bacısı oğlu olduğunu, əvvəllər aralarındakı münasibətləri yaxşı olduğunu bildirmişdir. Qeyd edir ki, 2003-cü ildə iş qurmaq məqsədilə, həmçinin bacısının ailəsinin maddi vəziyyəti çətin olduğundan 1.500 manat müqabilində Salyan rayonu, Babacanlı qəsəbəsində bacısının əri Aləddin Axundovun adına 15 hektar torpaq sahəsi almışdır. Bundan bir il sonra, yəni 2004-cü ildə təxminən 25-30 min manat məbləğində vəsait sərf edərək həmin 15 hektar ərazidə süni balıq gölü yaratmış, lakin xəstəliyi ilə bağlı işlərə nəzarət edə bilmədiyi üçün həmin təsərrüfata nəzarət etməyi bacısı oğlu olan cavabdehə tapşırmışdır. Cavabdehlə aralarında olan danışığa əsasən təsərrüfatdan əldə olunacaq gəliri aralarında bərabər şəkildə, iki hissəyə böləcəkləri barədə razılaşmışlar. Süni balıq gölü 2006-cı ildə tam hazır olmuşdur. Cavabdeh təsərrüfatın, yəni süni balıq gölünün birinci ilinin məhsulundan əldə olunmuş gəlirdən ona 4.000 manat pul verərək birinci il olduğu üçün gəlirin az olduğunu, gələn ildən isə daha yaxşı olacağını bildirmişdir. Cavabdehə etibar etdiyi üçün bir söz deməmişdir. Növbəti ikinci ildə də cavabdeh eyni qaydada ona 4.000 manat pul verərək torpağın zəif olmasını əsas gətirərək, narahat olmamasını, gələcəkdə daha yaxşı olacağını demişdir. 2007-ci ildə 7.200 manat qarşılığında Neftçala rayonu, Ərəb Qardaşbəyli kəndi ərazisində 14,5 hektar pay torpaq sahəsini 13 nəfər şəxsdən almış, lakin torpaqlar sahiblərinin adında qalmışdır. Həmin ildə 14,5 hektar ərazidə də təxminən 60-70 min manat xərc çəkərək torpağın bir hissəsində süni balıq gölü yaratmış, qalan hissəsində isə çoxillik bitki olan yonca əkmişdir. Səhhəti ilə əlaqədar nəzarət edə bilmədiyi üçün sahələrə qohumu X3 nəzarətçi qoymuşdur. Bir müddət sonra İlkin işinin öhdəsindən gələ bilmədiyi üçün onu işdən kənarlaşdırmışdır. Bundan sonra həm Salyan rayonunda, həm də Neftçala rayonunda olan təsərrüfatlarının ümumi idarəçiliyni cavabdehə həvalə etmişdir. 2009-cu ildə cavabdeh ona Salyan rayonundakı süni balıq gölündən 20.000 manat pul vermiş, eyni zamanda əmisi oğlu Həbibin də onlara şərik olmasını xahiş etmişdir. Onlar birinci ilin məhsulundan əldə olunacaq gəlirdən 25 min manatını onun götürəcəyi, qalıq gəlirin isə 3 hissəyə bölünəcəyi barədə razılığa gəlmişlər. Buna baxmayaraq həmin il cavabdeh ona cəmi 6.000 manat, sonrakı illərdə bu qayda ilə 2016-cı ilə kimi ümumilikdə təxminən 11.000 manata yaxın pul vermişdir. Bundan sonra isə, yəni 2016-cı ildən etibarən cavabdeh ona təsərrüfatlardan əldə olunmuş gəlirdən hər hansı bir məbləğdə pul verməyib. Cavabdehdən təsərrüfatlardan əldə olunmuş gəlirin ona aid hissəsini tələb etdikdə isə Elməddin ona «vermirəm get məhkəməyə müraciət et» demişdir. Ona görə də və hazırda maddi vəziyyəti çox pis olduğu üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin qeyd edir ki, Elməddin ona etibarnamələrin və torpaq aktlarının surətlərini vermiş, əsillərini isə özündə saxlamışdır. Bunu yalnız 2016-cı ildə bilmişdir. Sonradan cavabdeh onun etibarından sui-istifadə edərək əldə etdiyi torpaq sahələrinin müəyyən hissəsini öz adına keçirmiş, qalan hissəsini isə satmışdır. Cavabdehə və digər şəxslərə qarşı torpaq sahəsinin geri qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmış və qeyd etdiyi məsələləri cavabdeh məhkəməyə verdiyi izahatında tam olaraq etiraf etmişdir. Cavabdeh həmin izahatında balıqçılıq təsərrüfatından əldə etdiyi qazancın ona verilən hissəsini təsərrüfatın yaradılması üçün sərf etdiyi pulların qaytarılması kimi qeyd etmişdir. Halbuki həmin təsərrüfatın yaradılması üçün qoyulan pullar onun olduğu üçün qazanc da özünə çatmalı idi. Buna baxmayaraq təsərrüfatlardan əldə edilmiş qazancın bir hissəsini də bacısı oğlu olduğu üçün cavabdehə vermişdir. Cavabdeh isə «sonradan görmüş kimi» pulu görüb gözünü hərislik tutaraq onun etibarından sui-istifadə edib əmlakını mənimsəmişdir. Bu səbəbdən də o, həmin torpaq sahələrinin alınması və balıqçılıq təsərrüfatının yaradılması üçün çəkdiyi xərcləri cavabdehdən məhkəmə qaydasında tələb edir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi, Vəkil2 da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, İddiaçı bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi, Vəkil1 iddianı qəbul etməyərək İddiaçı cavabdehin dayısı olduğunu və onların münasibətlərinin əvvəllər çox yaxşı olduğunu bildirmişdir. Qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəyə səbəb cavabdehin 2003-cü ildən başlayaraq şəxsi təsərrüfatını yaratması məqsədilə iddiaçıdan ümumilikdə 20.000 ABŞ dolları məbləğində borc pul alması olub. Həmin borc məbləği cavabdeh tərəfindən 2018-ci ilədək olan müddət ərzində iddiaçıya bir neçə dəfəyə və daha artıq məbləğdə qaytarılıb. Belə ki, cavabdeh iddiaçıdan aldığı borc məbləğinin və özünün şəxsi vəsaitinin hesabına təsərrüfatını genişləndirmiş və bunun nəticəsində əldə etdiyi gəlirdən ilk illərdən başlayaraq iddiaçıya olan borcunu hissə-hissə qaytarmağa başlamışdır. İddiaçının iş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsində olan izahatından da görünür ki, cavabdeh iddiaçıdan aldığı 20.000 ABŞ dolları borc müqabilində sonuncuya müxtəlif vaxtlarda ümumilikdə 45.000 manat qaytarıb. Beləliklə, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. İddiaçının cavabdehdən hazırkı iddia ərizəsi ilə 50.000 manat tələb etməsi isə tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi həmçinin məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi mahiyyət etibarilə əsassız olmaqla yanaşı, iddia müddəti də buraxılıb. Belə ki, iddiaçının elə özü cavabdehin ona axırıncı dəfə 2016-cı ildə pul verdiyini bildirir. Bundan sonra cavabdeh iddiaçıya ümumiyyətlə hər hansı məbləğdə pul verməmiş əksinə aralarında olan münasibət korlanmış və məhkəmə mübahisələri olmuşdur. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ 2016-cı ildə yaranmış sayılmalıdır. Həmin dövrdən etibarən iddiaçı cavabdehə qarşı hazırkı məzmunda tələb irəli sürməyib. Bu növ tələblərə 3 illik iddia müddəti tətbiq olunduğu nəzərə alındıqda görünür ki, iddiaçı iddia müddətini buraxıb. Nümayəndə eyni zamanda qeyd edir ki, iddiaçının 13 noyabr 2023-cü il tarixli ərizəsində göstərilənlər həqiqətə uyğun deyil və iddia müddətinin tətbiqindən yayınmaq məqsədi güdür. Belə ki, cavabdeh iddiaçıya istər 2019-cu ildə, istərsə də 2021-ci ildə ümumiyyətlə heç bir pul məbləği verməyib. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X13 həm iddiaçı ilə, həm də cavabdehlə qohumluğunun olduğunu bildirmişdir. Qeyd edir ki, İddiaçı vaxtilə Neftçala rayonu, Cəngan inzibati ərazi nümayəndəliyinin ərazisindən ayrı-ayrı şəxslərə məxsus pay torpaqlarını onun adına almışdır. İddiaçı həmin torpaq sahəsindən istifadəni, həmçinin yaradılacaq təsərrüfatı idarə etməyi ona həvalə etmişdir. O, da öz növbəsində həmin torpaq sahəsində süni balıq gölü yaratmış və əraziyə su kanalı çəkmişdir. Onu bütün bu işlərin görülməsi üçün lazım olan vəsaitlə iddiaçı təmin etmişdir. İddiaçı tərəfindən torpaqların alınmasından tutmuş digər işlərin görülməsi üçün ümumilikdə 100.000 manatadək pul vəsaiti xərclənmişdir. Sonradan bəzi şəxslər iddiaçı ilə onun arasını vurduğundan narazılıqları yaranmış və iş birlikləri pozulmuşdur. İddiaçı ilə onun iş birliyinin pozulmasında cavabdehin böyük rolu olub. Bu səbəbdən o, da torpaqların sənədlərini gətirib iddiaçıya təhvil vermiş və ayrılmışlar. Bundan sonra iddiaçı torpaqlarını bacısı oğlu olan hazırkı iş üzrə Cavabdeh adına keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh iddiaçını aldadaraq bütün əmlakını ələ keçirib. İşin məhkəmə baxışı zamanı iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X14 iddiaçının onun qardaşı, cavabdehin isə bacısının oğlu olduğunu bildirmişdir. Qeyd edir ki, həm iddiaçı, həm də özü cavabdehə dayı kimi hələ uşaq ikən lazımi qayğı göstərmişlər, onun hərbi xidmətdə olduğu müddətə bir neçə dəfə yanına gedib ona baş çəkmişlər. Bundan başqa cavabdehin qardaşına və atasına da xeyli köməkliklər etmişlər. Qardaşı İddiaçı öz şəxsi vəsaiti hesabına xeyli torpaq sahəsi alaraq orada süni balıq gölü və digər təsərrüfatlar yaratmışdır. Həmin təsərrüfatlarda müəyyən işlərin görülməsi üçün texnikalara lazım olan dizel yanacağını şəxsi maşını ilə özü daşıyıb. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Salyan RPŞ-nin «cinayət işi başlanmasının rədd edilməsi barədə» 09 yanvar 2018-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə ünvanladığı müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-696/2018 nömrəli iş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X20, X21, X17, X22, X15, X16, X11, X4, X8 və X1 və onların ailə üzvlərinə verilmiş torpaq sahələrinin 2010-cı il tarixdə etibarnamə əsasında Cavabdeh adına keçirilməsi barədə Neftçala rayon notariat kontorunda bağlanmış alğı-satqı müqavilələrinin ləğv edilməsi və həmin torpaq sahələrinin ona qaytarılması tələbi barədə iddiası təmin edilməmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1117/2023 nömrəli iş üzrə 22 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı, üçüncü şəxslər: X9, X2, X10, Salyan rayon 2 saylı xüsusi notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi və naturada müəyyən edilməsi, habelə naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən torpaq sahələri almış, həmin torpaq sahələrinin alınması, balıqçılıq və s. təsərrüfatının yaradılması üçün vəsait xərcləmişdir. Yəni hazırda cavabdeh tərəfindən idarə olunan təsərrüfat faktik olaraq ona (iddiaçıya) məxsusdur. Lakin aralarındakı razılığa zidd olaraq cavabdeh təsərrüfatdan əldə olunmuş gəlirin ona aid hissəsini könüllü olaraq verməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. İddia tələbinin təmin olunması bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Məhkəmə vurğulamışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin faktik hallarından görünür ki, iddiaçı cavabdehin ona 50.000 manat pul ödəməli olmasını sübuta yetirə bilməyib. Belə ki, iddiasını təsdiq etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi dəlillər, o cümlədən yazılı sübutlar iddianın təsdiqlənməsi üçün kifayətedici olmamaqla, onun iddiasının əsaslılığına dair əsaslı şübhələr yaratmış, iddiaçı isə, yaranmış şübhələrin aradan qaldırılması üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə eyni zamanda vurğulayır ki, iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 və X7 ifadələri də iddiaçının dəlillərinin təsdiqi kimi qəbul edilə bilməzlər. Belə ki, şahidlər məhkəməyə verdikləri ifadələrində cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyinin olmasını, habelə iddiaçının cavabdehə iddia etdiyi 50.000 manat məbləğində pul verdiyini və ya cavabdehin hər hansı başqa əsasla iddiaçıya həmin məbləğdə pul vəsaiti verməli olduğunu təsdiq etməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Məhkəmə eyni zamanda aşağıdakıları da qeyd etməyi zəruri sayır. Cavabdeh tərəf 11 oktyabr 2023-cü ildə iddia müddətinin tətbiqinə dair ərizə verib. İddiaçı tərəf bildirir ki, aralarındakı razılığa görə cavabdeh müvafiq təsərrüfatdan (təsərrüfatlardan) əldə olunan gəlirin iddiaçıya çatacaq hissəsini vaxtaşırı olaraq ona verməli idi. Beləliklə, söhbət vaxtaşırı icra edilməli olan öhdəlikdən gedir. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən “Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir”. İddia ərizəsində cavabdehin iddiaçıya sonuncu ödənişi 2016-cı ildə etdiyi göstərilir. Bununla yanaşı, iddiaçı 13 noyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ona 2019-cu ilin axırlarında 600 manat və 2021-ci ilin ortalarında 500 manat ödədiyini bildirmişdir. Cavabdeh tərəf isə iddiaçıya sonuncu dəfə 2018-ci ildə pul ödədiyini bildirməklə yanaşı, cavabdehin iddiaçıya bu tarixdən sonra, o cümlədən istər 2019-cu ildə, istərsə də 2021-ci ildə heç bir pul məbləği ödəmədiyini bildirmişdir. Cavabdehin iddiaçıya 2019 və 2021-ci illərdə pul ödəməsi halının sübuta yetirilmədiyini, iddia ərizəsində də cavabdeh tərəfindən iddiaçıya göstərilən tarixlərdə pul ödənilməsinin qeyd olunmadığını (yuxarıda qeyd olunduğu kimi, iddia ərizəsində cavabdehin iddiaçıya sonuncu dəfə 2016-cı ildə pul ödədiyi göstərilir), habelə cavabdehin yuxarıda göstərilən ərizəsinin 2023-cü ilin 13 noyabr tarixində, yəni iddia müddətinin tətbiqinə dair ərizə verildikdən xeyli sonra tərtib olunduğunu nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin həmin ərizəsi Azərbaycan Respublikası MMnin 380-ci maddəsinin əsassız tətbiq olunması (həmin maddədən sui-istifadə edilməsi) və bu yolla iddia müddətinin tətbiqindən yayınmaq məqsədi güdür. Göstərilənlərə əsasən iddiaçının 13 noyabr 2023-cü il tarixli ərizəsində göstərilən hallar işin həqiqi halları kimi qəbul edilə bilməzlər. İstər iddiaçının bildirdiyi 2016-cı il tarixindən, istərsə də cavabdeh tərəfin bildirdiyi 2018-ci il tarixindən iddia ərizəsinin məhkəməyə daxil olduğu 01 sentyabr 2023-cü il tarixinədək Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsində göstərilən üç ildən daha çox müddət keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulan iddia müddəti də buraxmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-42/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-42/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver