Məhkəmə qərarları › İş №2(053)-427/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-427/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-427/2023 09.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh Sadiq oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB Cavabdeh Sadiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh Sadiq oğlu arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli, 1xx/xx/135995/15 saylı kredit müqaviləsi üzrə Banka 6118,85 manat məbləğində əsas borc, 5314,14 manat məbləğində faiz borcu, 3984, 92 manat məbləğində cərimə borcu, 1450,95 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 16.868.86 (on altı min səkkiz yüz altmış səkkiz manat, 86 qəpik) manat məbləğində pulun və 140,61 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı məhkəməyə ərizə göndərərək iş yükünün çox olması səbəbindən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nın nümayəndəsinin məhkəmənin baxış iclasında iştirakını təmin etməyin mümkün olmadığını, iddia ərizəsində göstərilən tələbləri tam müdafiə etdiyini, iş üzrə məhkəmə baxışı iclasının nümayəndələrinin iştirakı olamada keçirilməsini, zərurət yarandığı halda işin təxirə salınmasını və nöbəti iclasın vaxtı və yeri barədə onlara məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh Sadiq oğlu arasında 05 iyun 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/110203/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Sonradan xx.xx.2015-ci il tarixli, 1xx/xx/110203/15 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 saylı əlavə saziş bağlanmışdır. Sazişə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 2.7-ci bəndinə aşağıda qeyd edilən dəyişikliklər edilmişdir: Əlavə sazişə əsasən Kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün hesablanır və hər ay "Borc alan" tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı ödəniş cədvəlinə uyğun olaraq ödənilir. İş gününün sonu bankda əməliyyatların dayandırıldığı saat hesab olunur. Faizlər borcun yarandığı tarixdən borcun tam ödənildiyi tarixədək hesablanır. Ödəniş bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 02 saylı ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Yeni bağlanmış şazişin 2-ci bəndinə əsasən xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə saziş xx.xx.2015-ci il tarixli, 1xx/xx/110203/15 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilir, digər qəbul edilmiş şərtlər qüvvədə qalmış sayılır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə banka 6118,85 manat məbləğində əsas borcu, 5314,14 manat məbləğində faiz borcu, 3984,92 manat məbləğində cərimə borcu, 1450,95 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 16.868.86 (on altı min səkkiz yüz altmış səkkiz manat, 86 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bildirilir ki, Cavabdeh Sadiq oğlu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla əlaqədar şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işi ilə əlaqədar növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olamadan baxılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşin 28 iyul 2023-cü il tarixə təyin olunmuş məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh Sadiq oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən də QSC "xxxx" KB ilə arasında 05 iyun 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/110203/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən ona illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Razılaşdıqları kimi ödənişlərini bank ləğv olunana kimi vaxtı-vaxtında ödəmiş, ödənişlərinin dayandırılmasına səbəb bankın ləğv olunması və ödənişin aparılacağı ünvanın bəlli olmaması olmuşdir. O, öz üzərinə düşən öhdəlikləri tam icra etmişdir. İddia tələbi ilə razı deyil . İddiaçı ilə arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır. Lakin iddiaçı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 03 (üç) il təşkil edir. Belə ki, iddiaçının iddia tələbi ilə xx.xx.2021-ci il tarixinə kimi məhkəməyə müraciət etmək hüququ var idi. Odur ki, qeyd olunan mülki iş üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixində tam bitmişdir. Bank bu tələbi irəli sürdükdə artıq səlahiyyət sahibi olmamışdır. Buna baxmayaraq, bankdan ona xəbərdarlıq məktubu gəlmiş və bildirilmişdir ki, iddiaçıya borcu vardır. Göründüyü kimi, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Ləğv prosesində olan QSC "xxxx" KB (həmin dövrdə – QSC "xxxx" Kommersiya Bankı) ilə Cavabdeh Sadiq oğlu arasında 05 iyun 2015-ci il tarixdə 1xx/xx/110203/15 saylı kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 24% hesablanmaqla 8.000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən onun müddəti 05 iyun 2018-ci il tarixdə bitir. 1xx/xx/110203/15 saylı xx.xx.2015-ci il tarixli kreditin verilməsi haqqında müqaviləyə əlavə olunmuş 1 və 2 saylı ödəniş cədvəllərindən görünür ki, ödənişlərin son tarixi xx.xx.2018-ci ildir. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə sazışdən görünür ki, kredit müqaviləsinə dəyişikliklər edilərək sazişə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 2.7-ci bəndinə aşağıda qeyd edilən dəyişikliklər edilmişdir: Əlavə sazişə əsasən- Kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün hesablanır və hər ay "Borc alan" tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı ödəniş cədvəlinə uyğun olaraq ödənilir. İş gününün sonu bankda əməliyatların dayandırıldığı saat hesab olunur. Faizlər borcun yarandığı tarixdən borcun tam ödənildiyi tarixədək hesablanır. Ödəniş bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 02 saylı ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Yeni bağlanmış şazişin 2-ci bəndinə əsasən xx.xx.2015-ci il tarixli, 01 saylı əlavə saziş xx.xx.2015-ci il tarixli, 1xx/xx/110203/15 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilir, digər qəbul edilmiş şərtlər qüvvədə qalmış sayılır. İşdə olan 20 fevral 2023-cü il tarixli arayışdan görünür ki, 05 iyun 2015-ci il tarixli, 1xx/xx/110203/15 saylı kredit müqaviləsi üzrə 06 fevral 2023-cü il tarixinə yaranmış tələb ümumilikdə 16.868,86 manat təşkil edir. İşdə olan bildirişdən görünür ki, Ləğv prosesində olan "xxxx" KB Cavabdeh Sadiq oğluna sonuncu bildirişi 18 mart 2021-ci il tarixdə göndərmiş, bildirişdə onun 01 mart 2021-ci il tarixinə olan ümumilikdə borcu 14.925,61 manat qeyd olunmuş, həmin məbləğin 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları qeyd olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4498/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə QSC "xxxx" Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. Cavabdehin məhkəməyə bildirdiklərindən görünür ki, o, iddiaçıya Ləğv proseseində olan müddətə qədər ödənişlər etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». 05 iyun 2015-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə üzrə öhdəliklərin icra müddəti 05 iyun 2018-ci il tarixdə bitmişdir. Bunu, həmçinin Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci 05 iyun 2021-ci il tarixdə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə 11 aprel 2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini buraxdığını, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 140,61 (bir yüz qırx manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh Sadiq oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilmiş 140,61 (bir yüz qırx manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar