Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-43/2023 02.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (atası) Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş 4.900 manat miqdarında ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 4.900 manat miqdarında pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, 2012-ci ildə Səkinə Hüseynova adlı qadınla evləndiyini, onunla ümumi ailə münasibətlərindən 2012-ci ildə X4 və 2014-cü ildə X5 adlı uşaqlarının doğulduğunu bildirmişdir. Səkinə Hüseynovanın ona xəyanət etməsi səbəbindən 2019-cu ildə onunla məhkəmə qaydasında boşanıblar. Bu ərəfədə əmisi Mahirin qayınatası Cavabdeh bildirmişdir ki, 8.000 manat pul müqabilində uşaqlarının boşanmadan sonra onun (iddiaçının) yanında qalması məsələsini həll edə bilər. Cavabdehin yalan vədlərinə inanıb onunla razılaşmışdır. Beləliklə, 2019-cu ilin avqust ayında, müxtəlif tarixlərdə Neftçala Rayon Məhkəməsinin qarşısında məhkəməyə verməsi üçün cavabdehə 200 manat, növbəti dəfə yenə də 200 manat, daha sonra 100 manat və 500 manat məbləğində pul vermişdir. Daha sonra, cavabdeh ondan 2019-cu ilin sentyabr ayının müxtəlif tarixlərində Neftçala Rayon Məhkəməsinin qarşısında 300 manat, 400 manat, 500 manat, 600 manat, 700 manat və 800 manat pul alıb. Bunlarla yanaşı, cavabdeh ekspertdən onun xeyrinə rəy alacağını bildirərək, ekspertə verilməsi adı ilə ondan 2019-cu ilin noyabr ayının müxtəlif tarixlərində Neftçala şəhəri, Məhəllə 7 ünvanında yerləşən evinin yaxınlığında əvvəl 1.000 manat, daha sonra isə 2.000 manat almışdır. Buna baxmayaraq, qətnamə onun ziyanına çıxmış, yəni uşaqların boşanmadan sonra ananın yanında qalması müəyyən edilmişdir. Bununla bağlı cavabdehlə danışanda sonuncu ona bildirmişdir ki, narahat olmasın, məsələni icra məmurları ilə həll edəcək. Bu adla Cavabdeh ondan Neftçala rayon İcra və probasiya şöbəsinin əməkdaşlarına vermək adı ilə 2020-ci ilin yanvar ayında 1.000 manat almışdır. Beləliklə, cavabdeh onun etibarından sui-istifadə edərək aldadıb ümumilikdə 8.300 manat miqdarında pulunu ələ keçirmiş, dələduzluq etmişdir. Verdiyi pulları cavabdehdən geri tələb etmiş, lakin pulu qaytarılmadığına görə şikayətlə Neftçala Rayon Prokurorluğuna müraciət etmişdir. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı tamamlanaraq baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. İddiaçı işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmündə vurulmuş 8.300 manat miqdarında ziyandan 1.000 manatın cavabdeh tərəfindən qaytarıldığı göstərildiyinə baxmayaraq, bu məbləğ ona və ya atasına qaytarılmayıb. İddiaçı həmçinin qeyd edir ki, cavabdehin oğlu atasına məhkəmə tərəfindən yüngül cəza təyin edilməsi üçün onunla (iddiaçı tərəflə) razılıq əldə etmək istəmiş, bu məqsədlə zərərin 3.000 manatlıq hissəsini ödəmiş və hər ay 200 manat olmaqla ziyandan daha 2.000 manat ödəyəcəyinə söz vermişdir. Həmin ərəfədə əmisi Mahir və digər qohumları ziyan ödənilməyəcəyi təqdirdə cavabdehin tutulacağından təşvişə düşərək ondan (iddiaçıdan) xahiş edirdilər ki, məhkəməyə ziyanın tam ödənildiyinə dair ərizə versin, Həsənağa isə sonradan ziyanı tam, yəni ümumilikdə 8.300 manat ödəyəcək. Qohumların təkidli xahişlərini nəzərə alıb guya ziyanın tam ödənildiyinə dair məhkəməyə ərizə vermişdir. Lakin Namus razılaşdıqları 2.000 manat puldan cəmi 400 manat ödəmiş, istər cavabdehin özü, istərsə də onun oğlu sonradan heç bir ödəniş etməmişlər. Beləliklə, cavabdeh dələduzluqla ələ keçirdiyi 8.300 manat pulun 3.400 manatlıq hissəsini qaytarmış, qalan 4.900 manatlıq hissəsini isə bu günədək ödəməmişdir. Ona görə də mülki icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı göstərilənləri nəzərə alaraq iddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, İddiaçı bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının şikayəti əsasında başlanmış cinayət işi ilə əlaqədar Neftçala Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. İddiaçı onun kürəkəni Mahirin qardaşının oğludur. Şəhriyarla keçmiş arvadı Səkinə bir müddət əvvəl boşanmışlar. Qohum olduqları üçün Şəhriyar xahiş etmişdir ki, uşaqlarının boşanmadan sonra onun yanında qalmasının məhkəmə tərəfindən müəyyən olunmasında ona kömək etsin. Bununla əlaqədar Şəhriyar və sonuncunun atası ilə aralarında müəyyən razılaşmalar olub və Şəhriyardan müxtəlif vaxtlarda pul alıb. Həmin pulun 1.000 manatlıq hissəsini iddiaçı tərəfə qaytarıb. Belə ki, iddiaçı tərəf 2020-ci ilin yanvar ayında ona 1.000 manat verdikdən sonra fikrini dəyişmiş və həmin məbləği geri tələb etmişdir. Ona görə də qeyd olunan pul məbləğini elə həmin gün iddiaçı tərəfə qaytarmışdır. Cinayət işinin məhkəmə baxışı dövründə iddiaçı tərəflə vurulmuş və ödənilməmiş qalan zərərin miqdarını 5.000 manat olmaqla razılaşmışlar. Bu razılaşmaya uyğun olaraq oğlu Namus iddiaçı tərəfə 3.000 manat miqdarında pul vermiş və hər ay 200 manat ödəməklə yekunda iddiaçıya əlavə 2.000 manat ödəyəcəklərini bildirmişdir. Bunun müqabilində iddiaçı (cinayət işi üzrə zərərçəkmiş şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş zərərin ödənildiyini və ona (cavabdehə) qarşı heç bir şikayətinin və tələbinin olmadığını yazılı formada bildirmişdir. Cavabdeh həmçinin qeyd edir ki, sonradan ayda 200 manat olmaqla hissə-hissə ödəniləcəyini razılaşdıqları 2.000 manat miqdarında puldan iddiaçıya 400 manat ödəmiş 1.600 manat miqdarında borcu qalmışdır. Beləliklə, iddiaçıya olan pul borcu 1.600 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın 1.600 manatlıq hissədə təmin edilməsini, qalan hissədə isə rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdehin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidirlər. Neftçala Rayon Məhkəməsinin 1(053)-36/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli hökmündə məhkəmənin müəyyən etdiyi hallar kimi aşağıdakılar qeyd olunur: “Təqsirləndirilən şəxs Cavabdeh qohumu İddiaçı arvadı X1 məhkəmə qaydasında boşanarkən 8.000 manat pul verəcəyi halda övladları 2012-ci il təvəllüdlü X4 və 2014-cü il təvəllüdlü X3 onun himayəsində qalmasına köməklik edə biləcəyi barədə yalan vədlər verib inandıraraq, 2019-cu ilin avqust ayı ərzində günü istintaqa məlum olmayan tarixlərdə Neftçala şəhəri, H.Əliyev prospektində Neftçala Rayon Məhkəməsinin qarşısında məhkəməyə vermək adı ilə vahid niyyətlə İddiaçı 200 manat, 200 manat, 100 manat və 500 manat pulunu, 2019-cu ilin sentyabr ayı ərzində günü istintaqa məlum olmayan tarixlərdə Neftçala şəhəri H.Əliyev prospektində Neftçala Rayon Məhkəməsinin qarşısında məhkəmədə əlavə xərclər adı ilə 300 manat, 400 manat, 500 manat, 600 manat, 700 manat və 800 manat pulunu, 2019-cu ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdə ekspertin xeyrinə rəy verməsi üçün ekspertə vermək adı ilə Neftçala şəhəri, məhəllə 7-də yerləşən evinin yaxınlığında 1.000 manat və 2019-cu ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdə ekspertin xeyrinə rəy verməsi üçün ekspertə vermək adı ilə Neftçala şəhəri, məhəllə 7-də yerləşən evinin yaxınlığında əlavə olaraq 2.000 manat, 2020-cu ilin yanvar ayında günü istintaqa məlum olmayan tarixdə uşaqların onun himayəsində qalması üçün Neftçala rayon İcra və probasiya şöbəsinin əməkdaşlarına vermək adı ilə Neftçala Rayon Məhkəməsinin yaxınlığında 1.000 manat məbləğində pulunu, vahid niyyətlə ümumilikdə 8.300 manat məbləğində, xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir”. Həmin cinayət əməlinə görə Əmirov X2 Rayon Məhkəməsinin 1(053)-36/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir”. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəasını və Neftçala Rayon Məhkəməsinin hazırkı işlə bağlı preyudisial əhəmiyyətə malik olan 16 avqust 2021ci il tarixli hökmünü nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh dələduzluq cinayəti törətməklə İddiaçı ümumilikdə 8.300 manat miqdarında maddi ziyan vurması halı sübuta yetirilmiş sayılmalıdır. Cavabdeh bildirir ki, cinayət nəticəsində vurulmuş 8.300 manat miqdarında zərərin 1.000 manatlıq hissəsini cinayət işi üzrə məhkəmə baxışınadək olan dövrdə ödəyib. Müvafiq məsələnin araşdırılması üçün Neftçala Rayon Məhkəməsinin arxivində saxlanılan 1(053)-36/2021 nömrəli cinayət işinə hazırkı iş üzrə məhkəmə iclasında baxış keçirilmişdir. İddiaçı tərəfindən cinayət işi üzrə ibtidai istintaq dövründə verilmiş ifadədə qeyd olunur ki, Neftçala rayon İcra və probasiya şöbəsinin Şirin və Seid adlı əməkdaşları uşaqlarının onda qalması müqabilində 2020-ci ilin yanvar ayında ümumilikdə 2.000 manat məbləğində pul tələb etmiş, o, da bu məbləğin 1.000 manatlıq hissəsini cavabdehə vermişdir ki, icra məmurlarına çatdırsın. Daha sonra valideynləri ilə məsləhətləşərək fikrini dəyişmiş və verdiyi 1.000 manatı geri tələb etmişdir. Cavabdeh əvvəl buna etiraz etdiyinə baxmayaraq, sonra Şirindən həmin 1.000 manatı geri alıb ona (iddiaçıya) qaytarmışdır (1(053)-36/2021 nömrəli cinayət işi v. 117, 126, 134, 170 və s.). İddiaçı cinayət işi üzrə məhkəmə baxışı dövründə də müvafiq məsələ ilə bağlı eyni məzmunlu ifadə verib (1(053)-36/2021 nömrəli cinayət işi v. 281). Cinayət işi üzrə ittiham aktına əlavə edilmiş arayışın 2-ci bəndində aşağıdakılar qeyd olunur: “İş üzrə mülki iddia yoxdur və əmlak üzərində həbs qoyulmamışdır, 8.300 manat dəymiş ziyandan 1.000 manat ödənilmişdir” (1(053)-36/2021 nömrəli cinayət işi v. 180). Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya vurduğu 8.300 manat miqdarında ziyanın 1.000 manatlıq hissəsini sonuncuya ödəməsi halı sübuta yetirilmiş sayılmalıdır. İşin mübahisəsiz hallarından həmçinin görünür ki, cinayət işi üzrə məhkəmə baxışı dövründə iddiaçıya daha 3.400 manat ödənilib (bu halı cavabdeh bildirməklə yanaşı, iddiaçı da etiraf edir). Məhkəmə cinayət nəticəsində vurulmuş zərərin ödənilmiş və ödənilməmiş hissələri ilə bağlı məsələyə qiymət verərək həmçinin aşağıdakıları qeyd edir. İddiaçı cinayət işi üzrə məhkəmə baxışı dövründə – 28 iyul 2021-ci ildə ərizə təqdim edərək cavabdehin ona cinayət nəticəsində vurduğu zərərin ödənildiyini bildirmişdir (1(053)-36/2021 nömrəli cinayət işi v. 274). Eyni məsələ ilə bağlı cavabdeh bildirir ki, cinayət işi üzrə məhkəmə icraatı dövründə zərərin ümumi miqdarını iddiaçı tərəflə 5.000 manat olmaqla razılaşdırmışdır (yuxarıda qeyd olunan 1.000 manat bu məbləğə daxil deyil). Razılaşdıqları həmin məbləğin 3.400 manatlıq hissəsi iddiaçı tərəfə ödənilmiş, qalan 1.600 manatlıq hissəsi isə ödənilməmiş qalmışdır. İddiaçı tərəf isə bundan fərqli olaraq bildirir ki, cinayət işi üzrə məhkəmə baxışı dövründə məhkəməyə ünvanlandığı ərizəsində göstərilənlərə baxmayaraq, əslində ona vurulmuş ziyan tam ödənilməyib. O, qohumlarının təkidli xahişlərini nəzərə alaraq məhkəməyə ziyanın guya tam ödənildiyinə dair ərizə vermiş, eyni zamanda cavabdehin oğlundan 3.000 manat almış, vurulmuş zərərin bir hissəsi kimi 2.000 manatın hər ay 200 manat olmaqla, qalan miqdarın isə sonradan ödəniləcəyi ilə bağlı razılaşmışlar. Göründüyü kimi cavabdehin özü də 8.300 manat miqdarında zərərin tam ödənilmədiyini etiraf edir. O, bildirir ki, iddiaçıdan 2020-ci ilin yanvar ayında aldığı 1.000 manatı elə aldığı gün iddiaçıya qaytarmış, həmçinin oğlu iddiaçıya əvvəl 3.000 manat, sonra isə hər dəfə 200 manat olmaqla iki dəfəyə 400 manat, yəni ümumilikdə 4.400 manat ödəmişdir. İddiaçının bildirdikləri, habelə müvafiq halın cavabdeh tərəfindən sübuta yetirilmədiyi nəzərə alınmaqla, tərəflərin zərərin ümumi miqdarını öz aralarında 6.000 manat məbləğində razılaşdıqları da müəyyən edilmiş sayıla bilməz. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət nəticəsində vurulmuş zərərin 4.400 manatlıq hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, qalan 3.900 manatlıq hissəsi isə ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”, “Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh cinayət nəticəsində vurduğu 8.300 manat miqdarında ziyanın ödənilməmiş 3.900 manatlıq hissəsi tutularaq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 69 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsasən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 3.900 (üç min doqquz yüz) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 69 (altmış doqquz) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-43/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-43/2023
02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver