Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-438/2023 11.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 9000 manat borcun və ödənilmiş 110 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, iş üzrə cavabdeh onun tanışı olmuş, əvvəllər aralarındakı münasibətlər yaxşı olmuşdur. Cavabdeh 2020-ci ilin aprel ayında anası ilə onun yanına gələrək, anasının əməliyyat olunması ilə bağlı ona 10.000 manat pul lazım olduğunu, bir aydan sonra həmin pulu ona qaytaracağını bildirmişdir. O da ona 9.000 manat borc pul verə biləcəyini demişdir. Cavabdeh onunla razılaşmış və o, həmin vaxt ona 9000 manat pulu borc olaraq vermişdir. Cavabdeh onun yanında kağızda qəbz yazaraq həmin pulu may ayının 15-nə qədər ona verəcəyi barədə öhdəlik götürmüşdür. Lakin bir aydan sonra cavabdeh həmin pulu ona qaytarmamış, cavabdehin telefonuna zəng vursa da ona zəng çatmamışdır. Sonradan dəfələrlə onunla telefonla danışsa da cavabdeh bildirmişdir ki, narahat olmasın gətirib onun pulunu qaytaracaqdır. Lakin bu günə qədər o, həmin pulu cavabdehdən ala bilmir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Cavabdehə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2020-ci ilin aprel ayında 9000 manat pulu təmənnasız, faizsiz borc almış və həmin məbləği 15 may 2020-ci ilə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsinə əsasən «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır». Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 441.1, 441.2 və 441.3-cü maddələrinə əsasən, “Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır”, “Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər”, “Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 110 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 241 – 244, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində borc, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 110 (yüz on) manat tutularaq İddiaçı verilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdirlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-438/2023
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-438/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver