Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-46/2023 03.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.260 manat məbləğində borcun, 37,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 150 manat məbləğində vəkil üçün ödənilmiş xidmət haqqının və dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil işin məhkəmə baxışı zamanı bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 22 noyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan borc aldığı 3.200 manat məbləğində pulu 12 ay müddətinə iddiaçıya qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliyini yerinə yetirməkdən yayınmış, iddiaçıya olan borcunu vaxtında və tam şəkildə qaytarmamışdır. Dəfələrlə şifahi xəbərdarlıq edildiyinə baxmayaraq, borcunu qısa vaxt ərzində ödəyəcəyinə söz verən cavabdeh vədinə əməl etməyib. İddiaçı cavabdehə rəsmi bildiriş göndərərək borclu olduğu məbləği 3 gün müddətinə geri qaytarmasını tələb etmiş, əks təqdirdə ondan borcunu məhkəmə qaydasında tələb edəcəyini bildirmişdir. Cavabdehin borcu qaytarmadığını görən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məsələ ilə əlaqədar iddiaçı ona (vəkilə) müraciət etmiş, o, isə bağlanmış müqavilə əsasında iddiaçıya hüquqi xidmət göstərmişdir. İddiaçının nümayəndəsi işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, iddia ərizəsində cavabdehdən borclu qaldığı 1.260 manat miqdarında borcun tutulması tələb olunduğuna baxmayaraq, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh borc kimi götürdüyü 3.200 manatın 2.571 manatlıq hissəsini qaytarmış, qalan borcu isə 629 manat təşkil edir. Nümayəndə göstərilənləri nəzərə alaraq cavabdehdən 629 manat miqdarında əsas borcun, gecikdirilmiş vaxt üçün 37,80 manat miqdarında faiz borcunun, göstərilmiş hüquqi xidmətə görə ona (Vəkil) ödənilmiş 150 manatın, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı “sələmçilik” fəaliyyəti ilə məşğul olur. Müalicəsi ilə əlaqədar təcili pul lazım olduğundan iddiaçıdan 22 noyabr 2020ci ildə 2.000 manat məbləğində pul götürmüş, bunun müqabilində özünə məxsus pensiya kartını iddiaçıya verərək, karta köçürüləcək aylıq pensiya məbləğinin iddiaçı tərəfindən çıxarılacağına dair ümumi razılığa gəlmişlər. Eyni zamanda iddiaçı ona bildirmişdir ki, götürdüyü 2.000 manat miqdarında pul əvəzinə ona 3.200 manat ödəməlidir. Bu şərtlə razılaşıb, iddiaçının təklif etdiyi “iltizam”da öz xətti ilə iddiaçıdan guya 3.200 manat miqdarında pul aldığını və həmin pulu 15 ay müddətində qaytaracağını göstərmişdir. Beləliklə, özünə məxsus pensiya kartını iddiaçıya vermiş və sonuncu 15 dekabr 2020-ci il tarixdən başlayaraq 15 sentyabr 2021-ci il tarixədək olan müddətdə, yəni 10 ay ərzində onun kartından ümumilikdə 2.571 manat məbləğində pul çıxarmışdır. Bundan başqa iddiaçıya nağd qaydada da müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul verib. 2021-ci ilin sentyabr ayında iddiaçıdan pensiya kartını geri qaytarmasını tələb etmiş, lakin iddiaçı borc üzrə faizlərin artığını əsas gətirərək ona pensiya kartını ilin sonunda qaytaracağını bildirmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb "xxxx" ASC-nin Neftçala filialına müraciət edərək pensiya kartını bloklatmış və yeni pensiya kartı almışdır. İddiaçıya aldığı borcdan da çox pul ödədiyini nəzərə alaraq hesab edir ki, ona heç bir borcu qalmayıb. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş “iltizam” da göstərilir ki, Xol Qarabucaq kəndində yaşayan Cavabdeh 22 noyabr 2020-ci ildə İddiaçı 15 ay müddətində qaytarılması şərtilə 3.200 manat miqdarında pul almışdır. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən görünür ki, “iltizam”da göstərilən “Xol Qarabucaq kəndində yaşayan Cavabdeh”, “22 noyabr 2020-ci il”, “3200 (üç min iki yüz)” sözləri, habelə cavabdehin mobil telefon nömrəsi olan “***-***-**-**” nömrəsi cavabdehin özü tərəfindən (öz xətti ilə) yazılıb. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən həmçinin görünür ki, “iltizam”da əks olunan imza da cavabdehin özünə məxsusdur. Cavabdeh iddiaçının “sələmçilik” fəaliyyəti ilə məşğul olduğunu və iddiaçıdan əslində 3.200 manat deyil, 2.000 manat məbləğində pul götürdüyünü bildirdiyinə baxmayaraq (cavabdeh bildirir ki, iddiaçı ondan borc olaraq götürülmüş 2.000 manatdan başqa 1.200 manat ödəməli olduğunu da tələb etmişdir), bu halları işin məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o, cümlədən yuxarıda göstərilən “iltizam”la, cavabdehin iddiaçıdan 3.200 manat miqdarında borc aldığı müəyyən olunur. Cavabdeh bildirir ki, borcunu hissə-hissə qaytarmaq məqsədilə öz bank kartını (pensiya kartını) iddiaçıya vermiş və sonuncu 15 dekabr 2020-ci il tarixindən başlayaraq 15 sentyabr 2021-ci il tarixinədək olan dövr ərzində ona ödənilən pensiya məbləğlərini çıxarmışdır. Bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş, "xxxx" ASC tərəfindən verilmiş “Ödəniş kartı üzrə çıxarış” dan görünür ki, Cavabdeh məxsus 416974******6168 nömrəli bank kartından 15 dekabr 2020-ci il tarixindən başlayaraq 15 sentyabr 2021-ci il tarixinədək olan dövrdə müxtəlif vaxtlarda ümumilikdə 2.571 manat miqdarında pul çıxarılıb. Həmin məbləğlər əsas etibarilə Bakı şəhərində və Salyan rayonunda yerləşən “bankomatlar” vasitəsilə nağdlaşdırılıblar (iddiaçı göstərilən dövrlərdə Bakı şəhərinə və Salyan rayonuna ümumiyyətlə getmədiyini bildirir). İddiaçının nümayəndəsi də cavabdehin iddiaçıya 2.571 manat miqdarında pul ödədiyini etiraf edərək, məhkəməyə bununla bağlı yazılı ərizə təqdim etmişdir (həmin ərizə iş materiallarına əlavə olunub). Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Cavabdeh iddiaçıya müxtəlif vaxtlarda nağd qaydada da müəyyən məbləğlərdə pul verdiyini işin məhkəmə baxışı zamanı bildirdiyinə baxmayaraq, bu halı sübuta yetirə bilməmişdir. Yuxarıda qeyd olunanları və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı borcun 2.571 manatlıq hissəsini qaytarması halı sübuta yetirilmiş sayılmalıdır. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdeh iddiaçıdan 3.200 manat miqdarında pul borc almış və aldığı həmin məbləğin 2.571 manatlıq hissəsini qaytarmışdır. Cavabdehin qalıq borcu 629 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2 və 740.1-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır», «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən borcun ödənilməmiş hissəsini təşkil edən 629 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia əsas borcla bağlı hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 449.1 və 449.2-ci maddələrinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər”, “Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir”. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında yerləşdirilmiş məlumatdan görünür ki, bank uçot dərəcəsi (uçot faiz dərəcəsi) 30 mart 2023-cü il tarixindən etibarən 8,75% olmaqla müəyyən edilib. Cavabdehin borclu qaldığı 629 manat məbləğində pulun 8,75 faizi 55,04 manat təşkil edir. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi müvafiq məbləğ daha az, yəni 37,80 manatdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, işə irəli sürülmüş tələb çərçivəsində baxaraq hesab edir ki, iddia müvafiq hissədə təmin olunmalı, yəni cavabdehdən daha artıq miqdarda deyil, iddia ərizəsində tələb olunan 37,80 manat miqdarında pul (faiz) tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün vəkilə etdiyi köməyə görə 150 manat və bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi 33,40 manat məbləğində (cəmi 183,40 manat məbləğində) pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən “vəkillərə etdikləri kömək üçün ödənilən xərclər” işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərclərinin məbləği istisna olmaqla 1.297,80 manat təşkil edir (1.260 + 37,80 = 1.297,80). Hazırkı qətnamə ilə iddia 666,80 manatlıq hissədə təmin olunur ki (629 + 37,80 = 666,80), bu da iddia qiymətinin 51,38 faizini təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərclərinin 51,38 faizi (94,23 manat) cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan məbləğ isə (89,17 manat) iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 629 (altı yüz iyirmi doqquz) manat məbləğində əsas borc, 37 (otuz yeddi) manat 80 (səksən) qəpik məbləğində faiz borcu, habelə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən vəkilə ödənilmiş 150 (yüz əlli) manatın və bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi ödənilmiş 33 (otuz üç) manat 40 (qırx) qəpiyin (cəmi 183 (yüz səksən üç) manat 40 (qırx) qəpiyin) 94 (doxsan dörd) manat 23 (iyirmi üç) qəpiklik hissəsi tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-46/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-46/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver