Məhkəmə qərarları › İş №2(053)-478/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-478/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-478/2023 10.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 38.435,00 manat borcun, habelə ödənilmiş 205 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 38.640,00 manatın tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdeh 18 noyabr 2020-ci il tarixdə 38.435 manat məbləğində borc pul vermişdir. Notariat kontorunda iddiaçı ilə Cavabdeh arasında 18 noyabr 2020-ci il tarixdə "kredit müqavilə"si bağlanmışdır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh 18 noyabr 2022-ci il tarixədək 38.435 manat pulu qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıdan götürdüyü 38.435 manat məbləğində pulu 18 noyabr 2022-ci il tarixədək qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq bu günədək qaytarmamışdır. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən "borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Dəfələrlə pulun qaytarılması barədə müraciət edilsə də, lakin hər dəfə bir bəhanə ilə cavabdeh pulu verməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq cavabdehə 03 aprel 2023-cü il tarixdə müvafiq pretenziya məktubu göndərilmişdir. Pretenziya cavabdeh tərəfindən 08 aprel 2023-cü il tarixdə alınmış və pretenziyada göstərilmiş müddətdə borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Hazırda iddiaçı ilə cavabdeh arasında heç bir razılıq yoxdur. Cavabdehdən pulun dəfələrlə qaytarılmasını tələb etməsinə baxmayaraq o, borclu olduğu məbləği qaytarmaq istəmir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edirlər. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi, Vəkil məhkəməyə ərizə göndərərək, 10 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmənin baxış iclasını iştirakı olmadan keçirilməsini, məhkəməyə bütün sübutların təqdim edildiyini və məhkəmə tərəfindən tədqiq olunduğunu, eyni zamanda 10 avqust 2023-cü il tarixdə, e- 2(006)-1670/2023 və e-2(066)-2986/2023 nömrəli Nəsimi Rayon Məhkəməsinin icraatında olan işlər üzrə cavabdehin nümayəndəsi və vəkili kimi iştirakı təxirə alınmaz olduğundan işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının təqdim etdiyi cavabdehin ünvan 1 ünvanladığı ərizəsindən görünür ki, ünvan 2F.Kərimov tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən 38.435 manatın depozit hesabına qoyulması barədə razılığa gəlmişlər. “Borc verən” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariat ofisinin depozit hesabına, “borc alan” isə həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra noratiat ofisinin depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbinin ona izah olunmasını xahiş etmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi”dən görünür ki, “Borc verən” “Borc alana” 38.435 manat 00 qəpik (otuz səkkiz min dörd yüz otuz beş manat sıfır qəpik) məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirilər. Bu və ya digər şərtlər müqavilənin bəndlərində öz əksini tapmışdır. Bakı şəhəri 51 saylı Notariat ofisinin B-1973 saylı məktubundan görünür ki, notarius Bakı şəhəri, "xxxx" ASC-nın 7 saylı şöbəsinə müraciət edərək 38.435 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ43MUGA**********02163AZM53 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 03 aprel 2023-cü il tarixli pretenziya məktunundan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməsi haqqında xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». İddiaçı məhkəməyə müraciət edərkən 205 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia olunan pul məbləğini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 38.435,00 (otuz səkkiz min dörd yüz otuz beş) manat, habelə dövlət rüsumu kimi ödənilmiş 205 (iki yüz beş) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar