Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-498/2024 30.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən Neftçala Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilib – artırılaraq himayəsində qalan 2 nəfər uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində – 470 manat (hər uşağa görə 235 manat) alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə bir vaxtlar rəsmi nikahda olmuş, Neftçala Rayon Məhkəməsinin 05 iyul 2017ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozularkən cavabdehlə birgə nikahından doğulmuş 18 aprel 2008-ci il təvəllüdlü X6 və 16 oktyabr 2011-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər 180 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması da müəyən edilmişdir. Sonradan alimentin müəyyən edilmiş məbləğinin artırılması tələbinə dair iddiası üzrə Neftçala Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay iki uşağa görə 250 manat miqdarında müəyyən edilmişdir. Həmin tarixdən cavabdeh yalnız 250 manat miqdarında aliment ödəyir. Bu isə uşaqların normal təminatla saxlanması üçün kifayət etmir. Qeyd edir ki, özü Neftçala şəhərində fəaliyyət göstərən gözəllik salonlarının birində çalışır. Qazancı müxtəlif amillərdən asılı olmaqla heç də sabit deyil. Başqa heç bir yerdən gəliri də yoxdur. Ona görə də uşaqlarının saxlanılmasında çox çətinlik çəkir. Digər tərəfdən uşaqlar boya-başa çatdıqca onların tələbatları da artır. Hər iki uşağı məktəbli olmaqla yanaşı, əlavə hazırlıq məşğələlərinə gedirlər. Buna görə onları çalışdıranlara müvafiq aylıq pul vəsaiti ödəyir. Cavabdehin ödədiyi 250 manat uşaqlardan təkcə birinin məşğələ pulunun ödənilməsinə kifayət edir. Uşaqların geyimi, qidalanması, dərs ləvazimatları, çoxlu kitab-dəftərləri və tibbi təminatı xeyli vəsait tələb edir ki, bütün bu təminatları ödəmək onun üçün xeyli çətindir. Ünvanlı sosial yardım almaq üçün çoxsaylı səylər göstərsə də ona bu yardımın təyin edilməsindən imtina edilmişdir. Salyan rayonunda «rels qaynaqlama qatarının» qaynaqçısı və cilalayıcısı vəzifəsində işləyən cavabdehin sabit aylıq gəliri vardır. Onunla birgə yaşayan ailə üzvləri də təqaüd alırlar. Bununla yanaşı cavabdehin Neftçala rayonunun Qədimkənd kəndi ərazisində 3.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də vardır ki, həmin torpağı əkib-becərməklə əlavə gəlir əldə edir. Kifayət qədər gəlirinin olmasına baxmayaraq o, aliment pulundan savayı öz doğma övladlarına heç bir formada maddi yardım göstərmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, "xxxx" QSC-nin 24 saylı X5 cilalayıcı vəzifəsində işləyir. Aylıq əmək haqqı cəmi 433 manatdır. Başqa qazancı yoxdur. Ona görə də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi imkanı xaricindədir. Digər tərəfdən hazırda başqa qadınla ailə qurmuş və onunla olan nikahından da 1 övladı vardır. Alimentin müəyyən olunmuş məbləğini hər ay çox çətinliklə ödəyir. Həmin məbləğ aylıq əmək haqqının üçdə ikisindən də artıq miqdardadır. İddiaçının tələb etdiyi miqdarda aylıq aliment ödəyəcəyi təqdirdə bir ay ərzində həm özünü, həm ailə qurduğu şəxsi, habelə 1 uşağını təmin etməsi mümkün olmayacaq. Ona görə də alimentin müəyyən olunmuş miqdarının hər hansı bir məbləğə qədər artırılmasına razı deyil. Qeyd etdiyi halları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 18 aprel 2008-ci ildə X6 və 16 oktyabr 2011-ci ildə X7 adlı uşaqlar doğulmuşlar. Neftçala Rayon Məhkəməsinin 2(53)-792-1/2017 nömrəli iş üzrə 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ilə X4 arasında 02 iyul 2009-cu ildə Neftçala rayonu, Aşağı Qaramanlı kənd inzibati ərazi nümayəndəliyində 13 nömrə ilə qeyd edilmiş nikahın pozulması, habelə Cavabdeh 18 aprel 2008-ci ildə doğulmuş Emin və 16 oktyabr 2011-ci ildə doğulmuş Ayşə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb X1 verilməsi qət edilmişdir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah pozulmuşdur. Bu barədə 22 sentyabr 2017-ci ildə 83 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah ləğv olunandan sonra qadına «Əlizadə» soyadı verilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-604/2019 nömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 2(53)-792/2017 nömrəli iş üzrə 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 18 aprel 2008-ci il təvəllüdlü X6 və 16 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı hər ay hər bir uşağa görə 125 manat, ümumilikdə 250 manat olmaqla sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşaqların 2019-cu ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2019-cu illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşaqların və onların anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 604/2019 nömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 18 aprel 2008-ci il təvəllüdlü X3 və 16 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa görə 150 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğlərin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 3.600 manat miqdarında müəyyən edir (300 x 12 = 3.600). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 56 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – «iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-604/2019 nömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 18 aprel 2008-ci il təvəllüdlü X3 və 16 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 18 aprel 2008-ci il təvəllüdlü X3 və 16 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-498/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-498/2024
30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver